İcra başçısı Qazaxda şəhərin su-kanalizasiya xəttinin çəkilişləri başa çatan küçələrdə səliqə-sahman işlərinin aparılması barədə tapşırıq verib
Ötən yazılarımızda məlumat verdiyimiz kimi, artıq bir neçə aydır ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayıb. Podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edərək küçələrdə su və kanalizasiya xətlərinin tikintisini paralel olaraq həyata keçirir.
Bu gün düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda uzun illərdən bəri mövcud olan rayonun su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı problemin ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapması sakinlər tərəfindən də böyük minnətdarlıq hissi ilə qarşılanır. Təqdirəlayiq hal isə odur ki, görülən işlərin keyfiyyətinə də hər zaman üstünlük verilir.
Bu gün isə Qazax Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması zamanı səliqə-sahmana diqqət yetirilməsi, vətəndaşların rahatlığının təmin olunması ilə bağlı iclas keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə rayon ictimaiyyəti, ağsaqqallar və ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib.
Sonra rayon rəhbəri Qazax şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması, kommunikasiya xətlərinin təhlükəsizliyinin və qorunmasının təmin olunması, işlərin layihədə nəzərdə tutulmuş mərhələlərlə yerinə yetirilməsi, həmçinin işlərin keyfiyyətlə həyata keçirilməsindən söz açıb.
İclasda iştirak edən Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidənqurulması və yol tikintisi layihələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şamil Allahverdiyev də görülən işlərdən danışıb. O, görülən bütün işlərin keyfiyyətinə böyük dəqiqliklə nəzarət olunduğunu vurğulayıb. Qeyd edib ki, yaradılmış komissiya üzvlərinin mütəmadi olaraq görülən işlərlə maraqlanması, öz təklif və tövsiyələrini vermələri bir daha onu sübut edir ki, rayonda su-kanalizasiya sisteminin çəkilişi bundan sonra layihədə nəzərdə tutulan formada həyata keçiriləcəkdir.
Daha sonra icra başçısı tərəfindən su-kanalizasiya xəttinin çəkilişləri başa çatan küçələrdə səliqə-sahman işlərinin aparılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verilib.
Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.
GOYEZEN.AZ
Facebook-da paylaş