Qazaxda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yaradılmış komissiya üzvlərinin iştirakı ilə növbəti iclas keçirilib
Xəbər verdiyimiz kimi, artıq bir neçə aydır
ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti cəbhə bölgəsində yerləşən Qazax şəhərinin
içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına
başlayıb. Podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar,
mal-material ehtiyatları tədarük edib, küçələrdə su və kanalizasiya xətlərinin
tikintisi paralel aparılır. Respublikamızın
ən ucqar rayonu olan, xüsusilə də düşmənlə 168 km sərhəddə yerləşən Qazax
rayonunda uzun illərdən bəri mövcud olan rayonun su-kanalizasiya sistemi ilə
bağlı problemin ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində öz
müsbət həllini tapması sakinlər tərəfindən böyük minnətdarlıq hissi ilə
qarşılanır. Bəli, dövlətimizin, ölkə rəhbərimizin vətəndaşlara olan qayğısının
nəticəsidir ki, Qazaxda mövcud olan bu məsələ köklü şəkildə həll olunur. Bu, ölkə
başçısının qazaxlılara olan sonsuz qayğısının əyani təzahürüdür. Bu gün Qazax
Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin yenidən
qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması
məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən,
ağsaqqal və ziyalılarından ibarət yaradılmış komissiyanın üzvləri və hazırda iş
aparılan sahələrdə işləyən məsul şəxslərin iştirakı ilə növbəti iclas keçirilib. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq şəhərin
su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə,
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova rayon ictimaiyyəti, ağsaqqallar
və ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib. Respublika
Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlardan,
layihələrdən söz açan icra başçısı bu gün paytaxt Bakı ilə yanaşı, bütün
bölgələrimizin, o cümlədən də Qazaxın gündən-günə inkişaf etdiyini qeyd edib.
İcra başçısı bildirib ki, bu gün rayonun həlli vacib olan məsələlərindən biri
su-kanalizasiya sisteminin yenidən qurulmasıdır ki, bu məsələ də ölkə
başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapır. Sonra rayon
rəhbəri Qazax şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması
zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması,
kommunikasiya xətlərinin təhlükəsizliyinin və qorunmasının təmin olunması,
işlərin layihədə nəzərdə tutulmuş mərhələlərlə yerinə yetirilməsi, həmçinin,
işlərin keyfiyyətlə həyata keçirilməsi məqsədilə komissiyanın yaradılması
barədə 9-21/30 nömrəli 4 fevral 2019-cu il tarixli Sərəncam imzaladığını
bildirib. Rayon rəhbəri qeyd edib ki, həmin Sərəncama əsasən aidiyyəti idarə,
müəssisə və təşkilat rəhbərlərindən, rayon ağsaqqallarından, ziyalılarından
ibarət komissiyanın yaradılmasında əsas məqsəd şəhərin su-kanalizasiya
sisteminin yenidən qurulması zamanı görülən işlərə dəstək vermək, layihənin
təşkilatçılarına yardımçı olmaq, öz təklif və tövsiyələrimizi verməkdir. Rayon rəhbəri
bildirib ki, istər fevralın 6-da keçirilən təqdimat mərasimi zamanı, istər ötən
iclasdakı, istərsə də bugünkü iclasın əsas məqsədi odur ki, şəhərin
su-kanalizasiya sisteminin yenilənməsi ən yüksək səviyyədə həyata keçirilsin.
Görülən işlər dəqiq və keyfiyyətlə aparılsın ki, gələcəkdə su və kanalizasiya
xəttinin işləməsində heç bir problem yaşanmasın. Yeni çəkilən xətlər, istər kanalizasiya,
istərsə də su xətləri əhalinin tələbatını ödəyə bilsin. Qazax rayonunun
içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin rəhbəri
Sədi Namazov çıxış edərək görülən işlər barədə məlumat verib. Hazırda 16
briqadanın işlədiyini bildirib. S.Namazov layihədə görülməsi nəzərdə tutulan,
eləcə də rayonun relyefi nəzərə alınaraq edilən dəyişikliklər barədə də geniş
məlumat verib. İclasda iştirak
edən Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidənqurulması
və yol tikintisi layihələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şamil
Allahverdiyev də görülən işlərdən söz açıb. O, görülən bütün işlərin
keyfiyyətinə böyük dəqiqliklə nəzarət olunduğunu vurğulayıb. Qeyd edib ki, istər
ötən iclasın, istərsə də bu gün bu iclasın keçirilməsi, yaradılmış komissiya
üzvlərinin mütəmadi olaraq görülən işlərlə maraqlanması, öz təklif və
tövsiyələrini vermələri bir daha onu sübut edir ki, rayonda su-kanalizasiya
sisteminin çəkilişi bundan sonra layihədə nəzərdə tutulan formada həyata
keçiriləcəkdir. Komissiya üzvlərindən Qazax Melioservis
İdarəsinin rəisi Ərəş Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas
Göyüşov, ağsaqqal Mehdi Həsənov və başqaları çıxış edərək əvvəlcə Qazaxda
su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə
bütün qazaxlılar adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Günü-gündən
inkişaf edən Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasını, uzun
illərdən bəri mövcud olan problemin köklü şəkildə aradan qaldırılmasını yüksək
qiymətləndiriblər. Sonra geniş müzakirə şəraitində keçən iclasda
komissiya üzvləri tərəfindən bəzi təklif və tövsiyələr də səslənib. Çıxış
edənlər su və kanalizasiya xətti ilə yanaşı, əlavə olaraq sel sularının
axıdılması, mövcud arxların da qoşulması üçün ayrıca borunun çəkilməsini təklif
ediblər. Bunun üçün lazımi işlərin görülməsini və layihədə öz əksini tapmasını
vurğulayıblar. Geniş müzakirə şəraitində keçən iclasda görülən
işlərlə yanaşı, mövcud olan çatışmazlıqlar və nöqsanlar da qeyd olunub. Qazıntı
zamanı çıxarılan torpaq qatının vaxtlı-vaxtında daşınması, xüsusilə də mövsümlə
əlaqədar olaraq qazıntı aparılan ərazilərin sulanması, vətəndaşların
rahatlığının təmin olunması və s. məsələlərlə bağlı aidiyyəti şəxslərə tapşırıq
və tövsiyələr verilib. Məlumat üçün
qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi
Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC,
məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam
edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün
lazımi tədbirlər görülür. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya
sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata
keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə
tutulub. GOYEZEN.AZ
Facebook-da paylaş