Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yaradılmış komissiya üzvlərinin iştirakı ilə növbəti iclas keçirilib

Qazaxda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yaradılmış komissiya üzvlərinin iştirakı ilə növbəti iclas keçirilib


21-05-2019, 23:57

Xəbər verdiyimiz kimi, artıq bir neçə aydır ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti cəbhə bölgəsində yerləşən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayıb. Podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edib, küçələrdə su və kanalizasiya xətlərinin tikintisi paralel aparılır.

Respublikamızın ən ucqar rayonu olan, xüsusilə də düşmənlə 168 km sərhəddə yerləşən Qazax rayonunda uzun illərdən bəri mövcud olan rayonun su-kanalizasiya sistemi ilə bağlı problemin ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapması sakinlər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Bəli, dövlətimizin, ölkə rəhbərimizin vətəndaşlara olan qayğısının nəticəsidir ki, Qazaxda mövcud olan bu məsələ köklü şəkildə həll olunur. Bu, ölkə başçısının qazaxlılara olan sonsuz qayğısının əyani təzahürüdür.

Bu gün Qazax Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət yaradılmış komissiyanın üzvləri və hazırda iş aparılan sahələrdə işləyən məsul şəxslərin iştirakı ilə növbəti iclas keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova rayon ictimaiyyəti, ağsaqqallar və ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib.

Respublika Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlardan, layihələrdən söz açan icra başçısı bu gün paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizin, o cümlədən də Qazaxın gündən-günə inkişaf etdiyini qeyd edib. İcra başçısı bildirib ki, bu gün rayonun həlli vacib olan məsələlərindən biri su-kanalizasiya sisteminin yenidən qurulmasıdır ki, bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapır.

Sonra rayon rəhbəri Qazax şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması, kommunikasiya xətlərinin təhlükəsizliyinin və qorunmasının təmin olunması, işlərin layihədə nəzərdə tutulmuş mərhələlərlə yerinə yetirilməsi, həmçinin, işlərin keyfiyyətlə həyata keçirilməsi məqsədilə komissiyanın yaradılması barədə 9-21/30 nömrəli 4 fevral 2019-cu il tarixli Sərəncam imzaladığını bildirib. Rayon rəhbəri qeyd edib ki, həmin Sərəncama əsasən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən, rayon ağsaqqallarından, ziyalılarından ibarət komissiyanın yaradılmasında əsas məqsəd şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması zamanı görülən işlərə dəstək vermək, layihənin təşkilatçılarına yardımçı olmaq, öz təklif və tövsiyələrimizi verməkdir.

Rayon rəhbəri bildirib ki, istər fevralın 6-da keçirilən təqdimat mərasimi zamanı, istər ötən iclasdakı, istərsə də bugünkü iclasın əsas məqsədi odur ki, şəhərin su-kanalizasiya sisteminin yenilənməsi ən yüksək səviyyədə həyata keçirilsin. Görülən işlər dəqiq və keyfiyyətlə aparılsın ki, gələcəkdə su və kanalizasiya xəttinin işləməsində heç bir problem yaşanmasın. Yeni çəkilən xətlər, istər kanalizasiya, istərsə də su xətləri əhalinin tələbatını ödəyə bilsin.

Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin rəhbəri Sədi Namazov çıxış edərək görülən işlər barədə məlumat verib. Hazırda 16 briqadanın işlədiyini bildirib. S.Namazov layihədə görülməsi nəzərdə tutulan, eləcə də rayonun relyefi nəzərə alınaraq edilən dəyişikliklər barədə də geniş məlumat verib.

İclasda iştirak edən Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidənqurulması və yol tikintisi layihələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şamil Allahverdiyev də görülən işlərdən söz açıb. O, görülən bütün işlərin keyfiyyətinə böyük dəqiqliklə nəzarət olunduğunu vurğulayıb. Qeyd edib ki, istər ötən iclasın, istərsə də bu gün bu iclasın keçirilməsi, yaradılmış komissiya üzvlərinin mütəmadi olaraq görülən işlərlə maraqlanması, öz təklif və tövsiyələrini vermələri bir daha onu sübut edir ki, rayonda su-kanalizasiya sisteminin çəkilişi bundan sonra layihədə nəzərdə tutulan formada həyata keçiriləcəkdir.

Komissiya üzvlərindən Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, ağsaqqal Mehdi Həsənov və başqaları çıxış edərək əvvəlcə Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlılar adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Günü-gündən inkişaf edən Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasını, uzun illərdən bəri mövcud olan problemin köklü şəkildə aradan qaldırılmasını yüksək qiymətləndiriblər.

Sonra geniş müzakirə şəraitində keçən iclasda komissiya üzvləri tərəfindən bəzi təklif və tövsiyələr də səslənib. Çıxış edənlər su və kanalizasiya xətti ilə yanaşı, əlavə olaraq sel sularının axıdılması, mövcud arxların da qoşulması üçün ayrıca borunun çəkilməsini təklif ediblər. Bunun üçün lazımi işlərin görülməsini və layihədə öz əksini tapmasını vurğulayıblar.

Geniş müzakirə şəraitində keçən iclasda görülən işlərlə yanaşı, mövcud olan çatışmazlıqlar və nöqsanlar da qeyd olunub. Qazıntı zamanı çıxarılan torpaq qatının vaxtlı-vaxtında daşınması, xüsusilə də mövsümlə əlaqədar olaraq qazıntı aparılan ərazilərin sulanması, vətəndaşların rahatlığının təmin olunması və s. məsələlərlə bağlı aidiyyəti şəxslərə tapşırıq və tövsiyələr verilib.

Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.



GOYEZEN.AZ


Geri qayıt