Qazaxda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yaradılmış komissiya üzvlərinin iştirakı ilə növbəti iclas keçirilib
Bu gün sevindirici
haldır ki, respublikamızın ən ucqar rayonu olan, xüsusilə də düşmənlə 168 km
sərhəddə yerləşən Qazax rayonunda uzun illərdən bəri mövcud olan bir problem –
rayonun su-kanalizasiya sistemi ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı
sayəsində öz müsbət həllini tapır. Bəli, bu gün rayonun ictimai həyatında əlamətdar
bir gün yaşanmaqdadır. Dövlətimizin, ölkə rəhbərimizin vətəndaşlara olan
qayğısının nəticəsidir ki, Qazaxda mövcud olan bu məsələ köklü şəkildə həll
olunur. Bu, ölkə başçısının qazaxlılara olan sonsuz qayğısı və ən böyük
töhfəsidir. Bu gün Qazax
Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin yenidən
qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması
məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən,
ağsaqqal və ziyalılarından ibarət yaradılmış komissiyanın üzvləri ilə birlikdə
növbəti iclas keçirilib. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq şəhərin
su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə,
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova rayon ictimaiyyəti, ağsaqqallar
və ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib. Respublika
Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlardan,
layihələrdən söz açan icra başçısı bu gün nəinki paytaxt Bakının, eləcə də
bütün bölgələrimizin gündən-günə inkişaf etdiyini qeyd edib. İcra başçısı bildirib
ki, bu gün rayonun həlli vacib olan məsələlərindən biri su-kanalizasiya
sisteminin yenidən qurulmasıdır ki, bu məsələ də ölkə başçısının diqqət və
qayğısı sayəsində öz müsbət həllini tapır. Sonra rayon
rəhbəri Qazax şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması
zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması,
kommunikasiya xətlərinin təhlükəsizliyinin və qorunmasının təmin olunması,
işlərin layihədə nəzərdə tutulmuş mərhələlərlə yerinə yetirilməsi, həmçinin,
işlərin keyfiyyətlə həyata keçirilməsi məqsədilə komissiyanın yaradılması
barədə 9-21/30 nömrəli 4 fevral 2019-cu il tarixli sərəncam imzaladığını
bildirib. Rayon rəhbəri qeyd edib ki, həmin sərəncama əsasən aidiyyəti idarə,
müəssisə və təşkilat rəhbərlərindən, rayon ağsaqqallarından, ziyalılarından
ibarət komissiyanın yaradılmasında əsas məqsəd şəhərin su-kanalizasiya
sisteminin yenidən qurulması zamanı görülən işlərə dəstək vermək, layihənin
təşkilatçılarına yardımçı olmaq, öz təklif və tövsiyələrimizi verməkdir. Rayon rəhbəri
bildirib ki, fevralın 6-da keçirilən təqdimat mərasimi zamanı qeyd etdiyimiz kimi, bu gün elə etməliyik
ki, şəhərin su-kanalizasiya sisteminin yenilənməsi ən yüksək səviyyədə həyata
keçirilsin. Görülən işlər dəqiq və keyfiyyətlə aparılsın ki, gələcəkdə su və
kanalizasiya xəttinin işləməsində heç bir problem yaşanmasın. Yeni çəkilən
xətlər, istər kanalizasiya, istərsə də su xətləri əhalinin tələbatını ödəyə
bilsin. Sonra şəhərin
su-kanalizasiya sisteminin çəkilişi ilə bağlı görülən işlər barədə iclas
iştirakçılarına ətraflı məlumat verilib. Qazax rayonunun
içməli su və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsinin rəhbəri
Sədi Namazov çıxış edərək görülən işlər barədə bildirib ki, layihədə çəkilməsi
nəzərdə tutulan nə varsa, hamısı ən yüksək səviyyədə yerinə yetirilir. Bunun
üçün ilkin olaraq 11 briqada ayrılıb. Hazırda şəhərin N.Nərimanov yaşayış massivində,
Bakı küçəsi və ona yaxın küçələrdə, eləcə də Ə.Seyidov, Azadlıq, S.Vurğun,
M.Hüseyn küçələrində işlərə başlanılıb. Artıq 2 aya yaxındır ki, görülən işlər
nəticəsində 7206 metr kanalizasiya, 2464 metr su xətti çəkilib. Layihə rəhbəri
qeyd edib ki, bu gün faiz etibari ilə götürsək deyə bilərik ki, 8,32 %
kanalizasiya, 3,25 % isə su xəttinin çəkilişi aparılıb. S.Namazov layihədə görülməsi
nəzərdə tutulan, eləcə də rayonun relyefi nəzərə alınaraq edilən dəyişikliklər
barədə də geniş məlumat verib. İclasda iştirak
edən Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidənqurulması
və yol tikintisi layihələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şamil
Allahverdiyev də görülən işlərdən söz açıb. O, görülən bütün işlərin
keyfiyyətinə yüksək səviyyədə nəzarət olunduğunu vurğulayıb. Qeyd edib ki, bu
gün bu iclasın keçirilməsi, yaradılmış komissiya üzvlərinin mütəmadi olaraq
görülən işlərlə maraqlanması, öz təklif və tövsiyələrini vermələri bir daha onu
sübut edir ki, rayonda su-kanalizasiya sisteminin çəkilişi bundan sonra ən
yüksək formada həyata keçiriləcəkdir. Komissiya üzvlərindən Qazax Melioservis
İdarəsinin rəisi Ərəş Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas
Göyüşov, ağsaqqal Mehdi Həsənov və başqaları çıxış edərək əvvəlcə Qazaxda
su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə
bütün qazaxlılar adından öz dərin minnətdarlıqlarını bildiriblər. Günü-gündən
inkişaf edən Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasını, uzun
illərdən bəri mövcud olan problemin köklü şəkildə aradan qaldırılmasını yüksək
qiymətləndiriblər. Sonra geniş müzakirə şəraitində keçən iclasda
komissiya üzvləri tərəfindən bəzi təklif və tövsiyələr də səslənib. Çıxış
edənlər su və kanalizasiya xətti ilə yanaşı, əlavə olaraq sel sularının
axıdılması, mövcud arxların da qoşulması üçün ayrıca borunun çəkilməsini təklif
ediblər. Bunun üçün lazımi işlərin görülməsini və layihədə öz əksini tapmasını
vurğulayıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
iclasa yekun vuraraq şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasına
görə ölkə başçısına, layihənin həyata keçirilməsində əməyi olan insanlara bir
daha rayon sakinləri adından minnətdarlığını çatdırıb və uğurlar arzulayıb.
Görülən işlərin keyfiyyətlə aparılması istiqamətində aidiyyəti şəxslərə tapşırıq
və tövsiyələrini verib. Məlumat üçün
qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi
Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC,
məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam
edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün
lazımi tədbirlər görülür. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya
sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata
keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə
tutulub. GOYEZEN.AZ
Facebook-da paylaş