Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yaradılmış komissiya üzvlərinin iştirakı ilə növbəti iclas keçirilib

Qazaxda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yaradılmış komissiya üzvlərinin iştirakı ilə növbəti iclas keçirilib


23-04-2019, 22:01


Bu gün sevindirici haldır ki, respublikamızın ən ucqar rayonu olan, xüsusilə də düşmənlə 168 km sərhəddə yerləşən Qazax rayonunda uzun illərdən bəri mövcud olan bir problem – rayonun su-kanalizasiya sistemi ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapır. Bəli, bu gün rayonun ictimai həyatında əlamətdar bir gün yaşanmaqdadır. Dövlətimizin, ölkə rəhbərimizin vətəndaşlara olan qayğısının nəticəsidir ki, Qazaxda mövcud olan bu məsələ köklü şəkildə həll olunur. Bu, ölkə başçısının qazaxlılara olan sonsuz qayğısı və ən böyük töhfəsidir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət yaradılmış komissiyanın üzvləri ilə birlikdə növbəti iclas keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova rayon ictimaiyyəti, ağsaqqallar və ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib.

Respublika Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlardan, layihələrdən söz açan icra başçısı bu gün nəinki paytaxt Bakının, eləcə də bütün bölgələrimizin gündən-günə inkişaf etdiyini qeyd edib. İcra başçısı bildirib ki, bu gün rayonun həlli vacib olan məsələlərindən biri su-kanalizasiya sisteminin yenidən qurulmasıdır ki, bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapır.

Sonra rayon rəhbəri Qazax şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması, kommunikasiya xətlərinin təhlükəsizliyinin və qorunmasının təmin olunması, işlərin layihədə nəzərdə tutulmuş mərhələlərlə yerinə yetirilməsi, həmçinin, işlərin keyfiyyətlə həyata keçirilməsi məqsədilə komissiyanın yaradılması barədə 9-21/30 nömrəli 4 fevral 2019-cu il tarixli sərəncam imzaladığını bildirib. Rayon rəhbəri qeyd edib ki, həmin sərəncama əsasən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən, rayon ağsaqqallarından, ziyalılarından ibarət komissiyanın yaradılmasında əsas məqsəd şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması zamanı görülən işlərə dəstək vermək, layihənin təşkilatçılarına yardımçı olmaq, öz təklif və tövsiyələrimizi verməkdir.

Rayon rəhbəri bildirib ki, fevralın 6-da keçirilən təqdimat mərasimi zamanı qeyd etdiyimiz kimi, bu gün elə etməliyik ki, şəhərin su-kanalizasiya sisteminin yenilənməsi ən yüksək səviyyədə həyata keçirilsin. Görülən işlər dəqiq və keyfiyyətlə aparılsın ki, gələcəkdə su və kanalizasiya xəttinin işləməsində heç bir problem yaşanmasın. Yeni çəkilən xətlər, istər kanalizasiya, istərsə də su xətləri əhalinin tələbatını ödəyə bilsin.

Sonra şəhərin su-kanalizasiya sisteminin çəkilişi ilə bağlı görülən işlər barədə iclas iştirakçılarına ətraflı məlumat verilib.

Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsinin rəhbəri Sədi Namazov çıxış edərək görülən işlər barədə bildirib ki, layihədə çəkilməsi nəzərdə tutulan nə varsa, hamısı ən yüksək səviyyədə yerinə yetirilir. Bunun üçün ilkin olaraq 11 briqada ayrılıb. Hazırda şəhərin N.Nərimanov yaşayış massivində, Bakı küçəsi və ona yaxın küçələrdə, eləcə də Ə.Seyidov, Azadlıq, S.Vurğun, M.Hüseyn küçələrində işlərə başlanılıb. Artıq 2 aya yaxındır ki, görülən işlər nəticəsində 7206 metr kanalizasiya, 2464 metr su xətti çəkilib. Layihə rəhbəri qeyd edib ki, bu gün faiz etibari ilə götürsək deyə bilərik ki, 8,32 % kanalizasiya, 3,25 % isə su xəttinin çəkilişi aparılıb. S.Namazov layihədə görülməsi nəzərdə tutulan, eləcə də rayonun relyefi nəzərə alınaraq edilən dəyişikliklər barədə də geniş məlumat verib.

İclasda iştirak edən Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidənqurulması və yol tikintisi layihələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şamil Allahverdiyev də görülən işlərdən söz açıb. O, görülən bütün işlərin keyfiyyətinə yüksək səviyyədə nəzarət olunduğunu vurğulayıb. Qeyd edib ki, bu gün bu iclasın keçirilməsi, yaradılmış komissiya üzvlərinin mütəmadi olaraq görülən işlərlə maraqlanması, öz təklif və tövsiyələrini vermələri bir daha onu sübut edir ki, rayonda su-kanalizasiya sisteminin çəkilişi bundan sonra ən yüksək formada həyata keçiriləcəkdir.

Komissiya üzvlərindən Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, ağsaqqal Mehdi Həsənov və başqaları çıxış edərək əvvəlcə Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlılar adından öz dərin minnətdarlıqlarını bildiriblər. Günü-gündən inkişaf edən Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasını, uzun illərdən bəri mövcud olan problemin köklü şəkildə aradan qaldırılmasını yüksək qiymətləndiriblər.

Sonra geniş müzakirə şəraitində keçən iclasda komissiya üzvləri tərəfindən bəzi təklif və tövsiyələr də səslənib. Çıxış edənlər su və kanalizasiya xətti ilə yanaşı, əlavə olaraq sel sularının axıdılması, mövcud arxların da qoşulması üçün ayrıca borunun çəkilməsini təklif ediblər. Bunun üçün lazımi işlərin görülməsini və layihədə öz əksini tapmasını vurğulayıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclasa yekun vuraraq şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısına, layihənin həyata keçirilməsində əməyi olan insanlara bir daha rayon sakinləri adından minnətdarlığını çatdırıb və uğurlar arzulayıb. Görülən işlərin keyfiyyətlə aparılması istiqamətində aidiyyəti şəxslərə tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.






GOYEZEN.AZ


Geri qayıt