Daş Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib
"Bu gün respublikamızın
bütün bölgələri gündən-günə inkişaf edir, abadlaşır, müasir görkəm alır. Biz
sakinlər tam əminliklə deyə bilərik ki, ölkə başçısı İlham Əliyevin diqqəti,
qayğısı sayəsində Qazax rayonu da özünün intibah dövrünü yaşayır. Ən əsası da son
3 ildə rayonda 15 ilə bərabər işlər görülüb və hələ də davam edir”. Bu fikirlər
bu gün ölkə başçısının tapşırığına əsasən hər həftə sakinlərlə keçirilən görüşlərdən
birində - Daş Salahlı kəndində
keçirilən səyyar görüşdə səslənib. Aidiyyəti idarə, müəssisə
və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən bu görüşdə də ötən ildə
qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, eləcə də qarşıda
duran vəzifələrdən danışılıb. Uğur və nailiyyətlərlə yanaşı, sakinləri narahat
edən məsələlər və qayğılar da dinlənilib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, ölkə
başçısının tapşırığına əsasən bu ilin proqramına uyğun olaraq birinci
dəfədir ki, sizinlə belə səyyar görüşümüz keçirilir. Hər bir görüşdə olduğu
kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz
dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Həlli
mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu
halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
İcra başçısı bildirib ki, son
illər Azərbaycanda, eləcə də bütün bölgələrimizdə genişmiqyaslı quruculuq
işləri aparılır. 3 il ərzində Qazaxda da xeyli sayda işlərin görüldüyü hər
birinizə yaxşı məlumdur. 2016, 2017, 2018-ci illərdə aparılan quruculuq
işlərinə nəzər salsaq aydın şəkildə görə bilərik. Kənd təsərrüatında, sosial
obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə əldə
edilən uğurlu nəticələr həmin illərdə həyata keçirilən uğurlu siyasətin bariz
nümunəsidir. Eyni zamanda, ölkə başçısının Qazax rayonuna, qazaxlılara
göstərdiyi diqqət və qayğı deməkdir. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının hər dəfə çıxışları zamanı
söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin
siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. "Prezident İlham
Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini Qazax rayonunda ön
plana çəkmək, həmin siyasəti olduğu kimi icra etmək, siz vətəndaşlara qayğı ilə
yanaşmaq hər bir dövlət məmurunun vəzifə borcudur”, - deyən icra başçısı bu
sahədə görülən işlərdən də söz açıb. Rayon
rəhbəri bildirib ki, bu gün xidmət sahələrində çalışan hər bir idarə, müəssisə
və təşkilat rəhbəri, eləcə də rəhbərlik etdikləri kollektivlər birmənalı
şəkildə bilməlidirlər ki, vətəndaş mövqeyi hər şeydən üstün olmalıdır. Onlar öz
davranışları, hərəkətləri, siz sakinlərə olan diqqət və qayğıları ilə nümunə
olmalıdırlar. Göstərdikləri xidmətlərdə çalışmalıdırlar ki, vətəndaş razı
qalsın. Çünki ölkə başçısının siyasətinin əsasında xalqa xidmət dayanır. Bütün
xidmət sahələrinin rəhbərləri dövlət başçısının istəyinə uyğun xidmət
göstərməlidirlər. Şəhid
ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açan rayon rəhbəri şəhidlərimizə,
onların ailə üzvlərinə göstərilən qayğının, ayrılan diqqətin bundan sonra da
yüksək səviyyədə olacağını bildirib. Yuxarı Salahlı kəndindən olan şəhidlərimiz
Əlləz Əlləzovun və Hafiz Abdullayevin göstərdikləri şücaətdən danışan icra
başçısı onların ailələrinə, eləcə də bütün rayon ictimaiyyətinə bir daha
başsağlığı verib və ailələrinə səbir diləyib.
Ölkə prezidenti
İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlardan söz açan icra
başçısı qeyd edib ki, 2018-ci ilin axırı, 2019-cu ilin əvvəlində imzalanan
sərəncamlarda Qazax rayonunun da öz payı oldu. Sevindirici hal isə odur ki, hər
iki sərəncam ziyalılarımızla bağlı oldu. 3 noyabr 2018-ci il tarixli sərəncamda
Qazax müəllimlər seminariyasının, 28 yanvar 2019-cu il tarixli sərəncamda Xalq
yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd
olunması öz əksini tapdı. Bu, dövlət başçısının qazaxlı ziyalılara verdiyi
dəyərin ən bariz nümunəsidir. Səhiyyə
sahəsində qazanılan uğurlardan danışan icra başçısı rayonda inşa olunan Mərkəzi
Xəstəxana binasının tikintisindən də danışıb. "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon
Mərkəzi Xəstəxanasının qalan 5 korpusunun inşasının da öz əksini tapdığını qeyd
edib. Bildirib ki, bu gün qalan 5 korpusun tikintisinin davam etdirilməsi həm
də rayon sakinlərinin işlə təmin olunması deməkdir. Bu gün həmin tikintidə
xeyli sayda rayon sakini çalışır, həm yeni korpusun tikintisinə, həm də işlə
təmin olunmalarına görə ölkə başçısına minnətdarlıq edir.
İcra
başçısı uzun illərdən bəri həlli vacib olan rayonun su-kanalizasiya sisteminin
çəkilişindən də danışıb. Qeyd edib ki, artıq bu məsələ də həllini tapıb və
çəkilişlər davam edir. Rayon rəhbəri bu sahədə işlərin keyfiyyətlə aparılması
üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən,
aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə nəzarət
edildiyini də bildirib. İcra başçısı görüş zamanı
vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda
yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü
tədbirlərin həyata keçirilməsidir. Qeyd edib ki, bu inkişafı son illər rayonun Qazaxbəyli-Orta
Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı,
Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə
yeni asfalt yolların çəkilməsindən də görmək olar. 2018-ci ildə yol
infrastrukturu ilə bağlı görülən işlərin 2019-cu ildə də uğurla davam etdirildiyini
və Dövlət Proqramında da öz əksini tapdığını qeyd edib. Rayon rəhbəri bildirib
ki, Daş Salahlı kəndində də yolun əsaslı şəkildə təmirinə ehtiyac vardı. Siz
sakinlər tərəfindən də dəfələrlə bununla bağlı haqlı məsələ qaldırılmışdı. Bu
gün bu məsələ də ölkə rəhbərinin qayğısı sayəsində öz müsbət həllini tapdı. Uzunluğu
16 km olan Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kənd
yolu yenidən quruldu. 4,5 km uzunluğu olan Ürkməzli-Dəmirçilər, uzunluğu 11,5
km olan Daş Salahlı avtomobil yolunun çəkilərək sakinlərin istifadəsinə verilməsi
dövlətin öz vətəndaşına olan qayğısının əyani təzahürüdür.
Rayon rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də
zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan
qayğısı sayəsində son illər rayonun Qazaxbəyli,
Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli,
Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə
içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı
görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan
uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam
etdiriləcəyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə
tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli sərəncamını
həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin sərəncama
əsasən rayonun Cəfərli,
Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli,
Aşağı Salahlı və Çaylı kəndlərinin
hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Son 3 ildə
rayonda 41 ədəd subartezian quyusunun qazıldığını qeyd edib. Rayon rəhbəri vurğulayıb ki, Daş Salahlı kəndində də su problemi
yaşanmaqdadır. Lakin bu məsələnin də müsbət həll olunması istiqamətində işlər
görülür. Bilirsiniz ki, ötən ay 1 km-ə yaxın yeni su xətti çəkildi və hazırda
bioloji analizin cavabı gözlənilir. Yaxın günlərdə həmin yeni xətt kəndin su ilə
bağlı məsələsini qismən də olsa həll edəcək. Bundan əlavə də işlərin görülməsi
nəzərdə tutulub.
Rayonda azyaşlı körpələrə
göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri onların sağlam, hərtərəfli
və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını,
bu sahədə məqsədyönlü işlərin həyata keçirildiyini bildirib. Yeni uşaq
bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını,
müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan
biri kimi qiymətləndirib. Rayonda olan 25 uşaq bağçasından 17-nin tam müasir
standartlara cavab verən səviyyəyə çatdırıldığını vurğulayıb. Rayon rəhbəri 2017-ci ildə kənddə olan 2 bağçanın
Qazax Sement zavodu tərəfindən əsaslı şəkildə təmir olunduğunu qeyd edib. İcra
başçısı Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə
təmirə ehtiyacı olduğunu, bu istiqamətdə məqsədyönlü işlər görüləcəyini və zavod
tərəfindən təmir olunacağını bildirib.
Sakinlərdən
Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova, 2 saylı
tam orta məktəbin müəllimləri Tofiq Cəfərli, Qətibə Kazımova, Fərhad Qocamanov,
Şahverdi Mustafayev, Gülöyşə Qaragözova, Şahin Əliyev, Yolçu Əliyev, Flora
Həsənova, Akif Yusifov, Cəfər Göyüşov çıxış edərək dövlətimiz və dövlət başçısı
İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkə
vətəndaşlarına göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini
bildiriblər. Respublikamızda, eləcə də kəndlərdə
görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd
sakinləri, xüsusilə də ziyalılar adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən
3 il ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük
sevinc hissi ilə qarşıladıqlarını çatdırıblar. Çıxış edənlər qeyd ediblər ki,
sağ olun ki, rayonda, eləcə də bütün kəndlərdə vətəndaşların qayğısını öz
qayğınız hesab edirsiniz və gündəliyinizə salıb aidiyyəti təşkilatlar
qarşısında məsələ qaldırırsınız. Biz sakinlər də bilirik ki, bizim istəklərimizi
ölkə başçısına çatdıran rəhbərimiz var. Ona görə də hər bir qayğımızı çəkinmədən
deyirik. Biz də bir vətəndaş olaraq bundan sonra da çalışacağıq ki, dövlətimizə
və dövlət başçımıza sadiq olaq. Görüşdə minnətdarlıqla
yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər
tərəfindən səsləndirilən internetin sürətinin zəif olması, telefon xəttində
olan nasazlıq, kənddəki 1 saylı bağçanın təmiri, Coğaz çayından gələn su
xəttinin qalan hissəsinin bərpa olunması, kəndin qalan hissəsində
transformatorun qoyulması və SİP kabel çəkilişinin davam etdirilməsi və s. məsələ
ilə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə
baxılacağını bildirib. İcra
başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham
Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin
təməl üzərində quraraq uğurla həyata keçiririk. Daş Salahlı kəndində keçirilən
bugünkü görüş də bunun bariz nümunəsidir.
Facebook-da paylaş