• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın təsdiq edilməsi haqqında müvafiq Sərəncamına əsasən Xocalı soyqırımının 28-ci ildönümü respublikanın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müvafiq Sərəncamını rəhbər tutaraq Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli Sərəncam imzalayıb. 9-21/18 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində Xocalı soyqırmına həsr olunmuş silsilə tədbirlər, anım mərasimləri keçirilib, rəsm sərgiləri təşkil olunub.

Fevralın 26-da rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın Dövlət Bayraqları endirilib və rayon ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqəqəlik sükutla yad edilib.

Tədbirlər çərçivəsində Şəhidlər xiyabanında Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin rəhbərləri və şəxsi heyəti, idarə, müəssisə, təşkilatların rəhbərləri və əmək kollektivləri, müharibə və əmək veteranları, gənclər, KİV nümayəndələri, minlərlə rayon sakini iştirak edib.

Şəhidlər xiyabanında gün boyu matəm musiqisi səsləndirilib. Xocalı soyqırımı qurbanlarının ruhuna fatihə surəsi oxunduqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə gül dəstələri qoyaraq Vətən yolunda canından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsini böyük ehtiramla yad edib.

Tədbir iştirakçıları da şəhidlərin xatirəsini yad edərək abidə kompleksin önünə tər qərənfillər düzüblər.

Qazax şəhərində və rayonun kəndlərində olan məscidlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub, insanlar Şəhidlər xiyabanına gələrək faciə qurbanlarının xatirəsini anıblar.





Onu da qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər. Bu müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyətə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanılıb. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini aldı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımının bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı, bununla əlaqədar onlara müraciət edildi. Həmin vaxtdan Azərbaycan diasporu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş görməyə başlayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bu gün dünyanın yüzlərlə şəhərlərində anılır. Qanlı qırğınla bağlı faktlar növbəti ildönümündə də beynəlxalq təşkilatlar qarşısında bir daha nümayiş etdirilir.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Məqsəd bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir. Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər xaricdə yayılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirib və onu soyqırımı kimi tanıyıb. Təşkilat üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. İndiyə qədər 10-dan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub və olmaqda da davam edir. 









 


 

GOYEZEN.AZ



Facebook-da paylaş