• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı şəhərin su və kanalizasiya sisteminin çəkilişi aparılacaq ərazilərdə olub


Xəbər verdiyimiz kimi, ötən ilin əvvəlindən başlayaraq ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Podratçı təşkilat tərəfindən əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edilərək küçələrdə su və kanalizasiya xətlərinin çəkilişi paralel olaraq uğurla icra edilir.

Hər kəsə yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su və kanalizasiya xəttinin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su və kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması, bundan əlavə, çəkilişlərə başlanılan andan etibarən görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də çəkiliş aparılan küçələrə yerində baxılması, işlərin keyfiyyəti ilə maraqlanılması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyatı şəxslərlə birlikdə su və kanalizasiya xəttinin çəkilişi aparılacaq N.Nərimanov qəsəbəsində yerləşən 49 saylı binada və digər ərazilərdə olub. Hər iki ərazidə çəkilişlə bağlı mövcud vəziyyəti öyrənən rayon rəhbəri digər ərazilərdə olduğu kimi, bu ərazilərdə də işlərin keyfiyyətlə aparılmasını, eyni zamanda qısa bir vaxtda başa çatdırılmasını bildirib. "Bizə çəkilişin tez bir zamanda başa çatması ilə yanaşı, işlərin keyfiyyətlə aparılması da lazımdır”, - deyən icra başçısı istər su, istərsə də kanalizasiya xəttinin çəkilişinin günün tələbləri səviyyəsində çəkilməsini bir daha vurğulayıb. Bu sahənin daim nəzarətdə olacağını qeyd edib. Görüləcək işlərlə bağlı fikirləri dinləyən icra başçısı bununla əlaqədar tapşırıq və tövsiyələrini də verib.

Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov görülən işlər haqda məlumat verərək bildirib ki, bu günə kimi kanalizasiya sistemi borularının quraşdırılması üzrə 65,4 %, su təchizatı borularının quraşdırılması üzrə isə 53,1% işlərin yerinə yetirildiyini qeyd edib. 

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərov su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı görülən işlərin keyfiyyətinə hər zaman üstünlük verildiyini diqqətə çatdırıb. İstər su xəttinin, istərsə də kanalizasiya quyularının test olunması, çəkilişin layihədə nəzərdə tutulduğu kimi həyata keçirilməsi barədə məlumat verib.

Məlumat üçün qeyd edək ki, sözügedən layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.



 

GOYEZEN.AZ



Facebook-da paylaş