Qazaxda şəhərin su-kanalizasiya sisteminin çəkilişi ilə əlaqədar görülmüş işlər müzakirə olunub
Artıq ötən
yazılarımızda da xəbər verdiyimiz kimi, bir neçə müddətdir ki, "Azərsu”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsinin icrası uğurla davam etdirilir.
Podratçı təşkilat tərəfindən əraziyə lazımi texnika və avadanlıqlar,
mal-material ehtiyatları tədarük edilərək küçələrdə su və kanalizasiya
xətlərinin tikintisi paralel olaraq həyata keçirilir. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya xəttinin çəkilməsinə
başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon
rəhbərinin müvafiq sərəncamına əsasən su-kanalizasiya sisteminin yenidən
qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması
məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən,
ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması da icra başçısının bu
sahəyə xüsusi həssaslıqla yanaşmasından xəbər verir.
Bu gün Qazax Rayon İcra
Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin çəkilişləri ilə əlaqədar
görülmüş işlər müzakirə olunub. Komissiya üzvlərinin və aidiyyəti şəxslərin
iştirak etdiyi iclasda bu günə kimi həyata keçirilən işlərdən söhbət açılıb.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhərin su-kanalizasiya
sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə rayon
ictimaiyyəti, ağsaqqallar və ziyalılar adından bir daha öz dərin minnətdarlığını
bildirib.
Sonra rayon rəhbəri
su-kanalizasiya xəttinin çəkilişinin mövcud vəziyyəti ilə maraqlanıb. Qazax rayonunun içməli su və
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin rəhbəri Sədi Namazov
şəhərin Bakı, Azadlıq, N.Gəncəvi, Ə.Süleymanov, Ə.Seyidov, S.Vurğun,
M.V.Vidadi, M.Carçıyev, M.Hüseyn küçələrində, N.Nərimanov qəsəbəsində
su-kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar görülən işlər barədə məlumat
verib. Layihə rəhbəri bu günə kimi kanalizasiya borularının çəkilişi üzrə 19,05%,
su təchizatı borularının quraşdırılması üzrə isə 9% işlərin yerinə
yetirildiyini qeyd edib. Bütün işlərin keyfiyyətinə
böyük dəqiqliklə nəzarət olunduğunu vurğulayıb. Qeyd edib ki, istər bu cür iclasların
keçirilməsi, istər yaradılmış komissiya üzvlərinin mütəmadi olaraq görülən
işlərlə maraqlanması, öz təklif və tövsiyələrini vermələri bir daha onu sübut
edir ki, rayonda su-kanalizasiya sisteminin çəkilişi bundan sonra da layihədə
nəzərdə tutulan formada həyata keçiriləcək.
Komissiya üzvlərindən Qazax Melioservis
İdarəsinin rəisi Ərəş Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas
Göyüşov, Su-Kanal İdarəsinin rəisi Alı Hüseynov və başqaları çıxış edərək gündən-günə
inkişaf edən Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasını, uzun illərdən
bəri mövcud olan problemin köklü şəkildə müsbət həllini tapmasını yüksək
qiymətləndiriblər. Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasına görə
ölkə başçısı İlham Əliyevə bütün qazaxlılar adından bir daha öz dərin minnətdarlıqlarını
bildiriblər. Görülən işlər haqqında fikirlərini bildirərək öz təklif və
tövsiyələrini veriblər.
İclasda şəhərin
su-kanalizasiya sisteminin yenidən qurulması layihəsində əksini tapan su
mənbəyindən, çəkiliş zamanı səliqə-sahmana diqqət yetirilməsindən,
vətəndaşların rahatlığının təmin olunması ilə bağlı görülən işlərdən də danışlıb.
Rayon rəhbəri qeyd olunan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıq verib.
Onu da bildirək ki, sözügedən layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə
mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC,
məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam
edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün
lazımi tədbirlər görülür. Əsasən 3 mərhələdə həyata keçiriləcək
layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.
GOYEZEN.AZ
Facebook-da paylaş