Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda şəhərin su-kanalizasiya sisteminin çəkilişi ilə əlaqədar görülmüş işlər müzakirə olunub
Qazaxda şəhərin su-kanalizasiya sisteminin çəkilişi ilə əlaqədar görülmüş işlər müzakirə olunub28-06-2019, 20:41 |
Artıq ötən yazılarımızda da xəbər verdiyimiz kimi, bir neçə müddətdir ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası uğurla davam etdirilir. Podratçı təşkilat tərəfindən əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edilərək küçələrdə su və kanalizasiya xətlərinin tikintisi paralel olaraq həyata keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya xəttinin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin müvafiq sərəncamına əsasən su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması da icra başçısının bu sahəyə xüsusi həssaslıqla yanaşmasından xəbər verir. Bu gün Qazax Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin çəkilişləri ilə əlaqədar görülmüş işlər müzakirə olunub. Komissiya üzvlərinin və aidiyyəti şəxslərin iştirak etdiyi iclasda bu günə kimi həyata keçirilən işlərdən söhbət açılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə rayon ictimaiyyəti, ağsaqqallar və ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib. Sonra rayon rəhbəri su-kanalizasiya xəttinin çəkilişinin mövcud vəziyyəti ilə maraqlanıb. Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin rəhbəri Sədi Namazov şəhərin Bakı, Azadlıq, N.Gəncəvi, Ə.Süleymanov, Ə.Seyidov, S.Vurğun, M.V.Vidadi, M.Carçıyev, M.Hüseyn küçələrində, N.Nərimanov qəsəbəsində su-kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar görülən işlər barədə məlumat verib. Layihə rəhbəri bu günə kimi kanalizasiya borularının çəkilişi üzrə 19,05%, su təchizatı borularının quraşdırılması üzrə isə 9% işlərin yerinə yetirildiyini qeyd edib. Bütün işlərin keyfiyyətinə böyük dəqiqliklə nəzarət olunduğunu vurğulayıb. Qeyd edib ki, istər bu cür iclasların keçirilməsi, istər yaradılmış komissiya üzvlərinin mütəmadi olaraq görülən işlərlə maraqlanması, öz təklif və tövsiyələrini vermələri bir daha onu sübut edir ki, rayonda su-kanalizasiya sisteminin çəkilişi bundan sonra da layihədə nəzərdə tutulan formada həyata keçiriləcək. Komissiya üzvlərindən Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Su-Kanal İdarəsinin rəisi Alı Hüseynov və başqaları çıxış edərək gündən-günə inkişaf edən Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasını, uzun illərdən bəri mövcud olan problemin köklü şəkildə müsbət həllini tapmasını yüksək qiymətləndiriblər.
Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlılar adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Görülən işlər haqqında fikirlərini bildirərək öz təklif və tövsiyələrini veriblər. İclasda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsində əksini tapan su mənbəyindən, çəkiliş zamanı səliqə-sahmana diqqət yetirilməsindən, vətəndaşların rahatlığının təmin olunması ilə bağlı görülən işlərdən də danışlıb. Rayon rəhbəri qeyd olunan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıq verib. Onu da bildirək ki, sözügedən layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.
GOYEZEN.AZ Geri qayıt |