Dəmirçilər kənd İƏD üzrə nümayəndəlikdə 2019-cu ilin yekununa dair hesabat yığıncağı keçirilib
Bu gün Qazax Rayon
İcra Hakimiyyəti başçısının Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində
2019-cu ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair keçirilən hesabat
yığıncağında ölkəmizdə, eləcə də Qazax rayonunda və kəndlərimizdə görülmüş işlərdən
danışılıb. Hesabat yığıncağında Qazax
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Sənədlərlə və vətəndaşların müraciətləri
ilə iş şöbəsinin müdiri İlyaz İsmayılov və kənd sakinləri iştirak ediblər. Əvvəlcə yığıncağa sədr və katib seçilib, gündəlikdə
duran məsələlər səsləndirilib. Sonra Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə
nümayəndə Gülnaz Mahmudova giriş sözü ilə çıxış edərək bildirib ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun gərgin əməyi nəticəsində son 3 ildə, xüsusilə də 2019-cu ildə Qazax şəhərində
və eləcə də kəndlərimizdə 10 illərə bərabər işlər görülüb. Yola saldığımız 2019-cu
ilin ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil olduğunu qeyd edən
G.Mahmudova cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatın
bütün sahələrində yeni nailiyyətlərə imza atdığını, qarşıya qoyulan hədəflərə
doğru inamla irəlilədiyini, xüsusilə 2019-cu ilin ölkəmizin tarixinə sabitlik və
əmin-amanlıq ili kimi yazıldığını bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və
təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətin yüksəldilməsi, sahibkarlığa
dövlət dəstəyinin artırılması, biznes və investisya mühitinin yaxşılaşdırılması
istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələrini vermişdir. "2019-cu
il Azərbaycan üçün tarixdə islahatlar ili kimi yadda qalacaq”, - deyən icra
nümayəndəsi aparılan məqsədyönlü siyasi islahatları, kadr islahatlarını,
struktur islahatlarını, sosial islahatları nümunə kimi göstərib və ölkənin iqtisadi
gücünün artdığını, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini vurğulayıb. İqtisadiyyatın
qeyri-neft sektorunun 3% artdığını, xüsusilə qeyri-neft sektorunda sənaye
artımının 14% faiz təşkil etdiyini, kənd təsərrüfatında 7% artımın qeydə alındığını,
ümumilikdə 2019-cu ildə ölkənin valyuta ehtiyatlarının 4,5 milyard dollar
artaraq 50 milyard dollara çatdığını bildirib. 2019-cu ildə ölkəmizin şanlı tarixinə qızıl hərflərlə
yazılan hadisələrdən söz açan icra nümayəndəsi bunun bariz nümunəsi kimi əsası
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının davamı olaraq
TANAP layihəsinin istismara verilməsini göstərib. Qeyd edib ki, bu, tarixi
layihədir. TANAP artıq Avropa İttifaqı sərhəddinə çatdırıldı. Azərbaycan
Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızır. Bu,
ölkəmizin tarixi nailiyyətidir və Azərbaycan xalqı bundan sonra onilliklər ərzində
bu layihələrin faydasını görəcək. 2019-cu ildə Azərbaycanda bir sıra sosial
paketlər həyata keçirilmiş, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70%, bəzi
müavinətlər 100% artırılmışdır. Artımlar 4,2 milyon əhalini əhatə etmişdir.
Bildirib ki, 2019-cu il 10 milyonuncu vətəndaşmızın dünyaya gəlməsi ili kimi də
yadda qalmışdır. Müstəqillik dövründə əhalimiz 3 milyon nəfərdən çox artmışdır.
Bu, ölkənin gücünü və məsuliyyətini artırır. Qeyd edib ki,ölkəmizin hər yerində olduğu kimi 2019-cu ildə Qazax
rayonunda "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri aparılıb. Prezident İlham
Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar Qazax rayonunda da
öz bəhrəsini verib. Ölkəmizdə olduğu kimi Qazaxda da elə bir sahə yoxdur ki,
orada bir yenilik, bir inkişaf olmasın. Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilən quruculuq və abadlıq işləri
nəticəsində ötən il şəhərin, eləcə də kəndlərin siması köklü şəkildə dəyişib, Qazax
respublikamızın ən inkişaf etmiş və ən abad rayonlarından birinə çevrilib.
2019-cu il Qazax rayonu üçün hər bir sahədə uğurlu olub desək yanılmarıq. Elə
bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu istər sosial obyektlərin
inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, idman,
mədəniyyət, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas
verir. G.Mahmudova bildirib ki, tarixi qədim olan Qazax mahalının köklü kəndlərindən biri də Dəmirçilər
və Ürkməzli kəndləridir. Nümayəndəliyin 884 təsərrüfatı və 3054 nəfər əhalisi
vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 1 körpələr-evi uşaq
bağçası, 2 sənətkarlıq evi, 2 kitabxana, 1 həkim məntəqəsi, 1 tibb məntəqəsi, 1
poçt şöbəsi, 1 elektron tipli ATS, 2 bərbərxana, 8 ticarət obyekti fəaliyyət
göstərir. Qeyd edib ki, 2019-cu ildə görüləcək işlər haqqında iş planı tərtib
edilmiş, hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilib və görüləcək
işlər haqqında məsələlər müzakirə edilərək qərarlar qəbul edilib. Nümayəndəlikdə kargüzarlıq və mühasibatlıq işləri
üçün diqqət artırılmışdır. İcra nümayəndəliyi üzrə 2019-cu ildə 919 arayış
verilmiş, 23 məktub daxil olmuş, kənar təşkilatlara 28 məktub göndərilmişdir.
Vətəndaşlardan 13 yazılı, 53 şifahi müraciət daxil olmuşdur. Hesabat dövründə 4
doğum, 16 nikah, 26 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına
kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport
qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır.
Əhalidə olan mal–qara və quşlar uçota alınaraq təsərrüfatbaşına kitablarda
qeydiyyatı aparılmış və rayon statistika idarəsinə məlumat verilmişdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax
şəhərində və rayonun kəndlərində işçi qruplarının yaradılması ilə əlaqədar Sərəncam
imzalamışdır. Həmin Sərəncama uyğun
olaraq Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində tərkibi 5 nəfərdən ibarət
olmaqla işçi qrupları yaradılmışdır. İşçi qrupunun yaradılmasının əsas məqsədi
kənd əhalisinin problemləri ilə maraqlanmaq, həlli istiqamətində işlər görmək, həll edilməyən məsələlərin
həlli üçün aidiyyatı üzrə məsələ qaldırmaqdan ibarətdir. Kənd İnzibati Ərazi
Dairəsi üzrə nümayəndəliyi, işçi qruplarının təşəbbüsü və kənd fəallarının
iştirakı ilə kəndarası yolların, kəndi rayon mərkəzinə birləşdirən yolun ətrafında və
kənd qəbirİstanlığında təmizlik
işləri aparılaraq yol kənarlarına ağac əkilmişdir. Kənd ərazisində yol kənarlarına, su arxlarına zibil tullantıları
atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılmışdır. Bu məqsədlə Qazax Rayon
Gigiyena və Epidemiologiya Mərkəzindən nümayəndələr dəvət olunmuş, əhaliyə xəbərdarlıq
edilmişdir. 2019-cu ildə Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Dəmirçilər
və Ürkməzli kənd sakinləri ilə səyyar görüşlər
keçirmiş, kənd sakinlərini
narahat edən problemlərlə yerində tanış olaraq aidiyyatı üzrə tapşırıqlar
vermişdir. Suvarma Sistemləri İdarəsi və əhali tərəfindən Dəmirçilər
kəndi ərazisində beton üzlüklü arxların 3,7 km-lik hissəsi kol-kosdan təmizlənmiş,
hazırda həmin arxın qalan hissəsində təmizlik işləri davam edir. Dəmirçilər
arxının 3 km beton üzlüklü yedək arxları, sol sahil kanalından çıxan 500 metr
beton üzlüklü kanal təmizlənmiş, Dəmirçilər arxının 900 metr beton üzlüklü hissəsi
təmizlənmiş, torpaq məcralı hissəsinin 700 metri təmizlənmişdir. Hazırda işlər
davam edir. Ürkməzli kəndində suvarma arxları texnika vasitəsilə və əl əməyi ilə təmizlənmişdir. Təmizlik işləri davam
etdirilir. Dəmirçilər kəndində əhalinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması
məqsədilə Dəmirçilər kəndində 1 ədəd subartezian quyusu qazılmış və istifadəyə
veriləcək. Ürkməzli kəndində "Yavıxlı” məhəlləsinə çəkilmış su xəttinin yanmış
su motoru Qazax Rayon İcra Hakimiyyətinin köməkliyi ilə yenisi ilə əvəz
olunmuş, həmin məhəlləyə suyun verilişi bərpa olunmuşdur. Ürkməzli kəndində subarteziandan
21 ailəyə su verilmişdir. Uzun illər nasaz vəziyyətə olan subartezian quyusu təmir
edilmişdir. 15 tonluq su çəni quraşdırılmış, 50 ailə su ilə təmin olunmuşdur. Dəmirçilər
kəndində də 8 tonluq su çəni quraşdırılmış, 50 ailənin su problemi müsbət həllini
tapmışdır. Dəmirçilər kəndində Dəmirçilər-Ürkməzli bələdiyyəsi tərəfindən təzə
məhəlləyə məhəlləarası yollara çınqıl verilmiş, texnika ilə hamarlanmışdır. Əhalinin həyətyanı və pay torpaqlarının suvarılması
işi yaxşı təşkil edilmişdir. Havaların quraq keçməsi ilə əlaqədar "Coğazçay” su
anbarında su olmamasına görə əhalinin suvarma və məişət suyu ilə təmin
olunmasında çətinliklər yaranmışdır. Yaranmış çətinliklərin aradan qaldırılması
üçün Ürkməzli kəndində yenə də Qazax Rayon İcra Hakimiyyətinin köməkliyi ilə su
nasosu quraşdırılmışdır. Dəmirçilər kəndində isə quraşdırılmış nasos vasitəsilə
hər gün 6 saat Dəmirçilər arxına su verilmişdir. Dəmirçilər və Ürkməzli kəndlərində 300 m rabitə xətləri
təmir olunmuş, 5 ədəd telefon dirəkləri yenilənmiş, 25 ədəd telefon dirəyi isə
təmir olunmuşdur. Nümayəndəlik ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ əlilərinə
Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Yeni il, Novruz və Qurban bayramları
münasibətilə bayram sovqatları verilmişdir. Nümayəndəliyin ərazisindən keçən Qazax–Quşçu Ayrım
magistral yolunun kənarında təmizlik işləri görülmüş, kollar və qurumuş ağaclar
məhv edilərək təmizlənmişdir. Təmizlənmiş yol kənarlarına yeni ağaclar əkilmişdir. Nümayəndəlik ərazisində klub, mədəniyyət evləri,
kitabxana fəaliyyət göstərir. Həmin müəssisələrdə il ərzində 20 Yanvar şəhidlərinin,
26 Fevral - Xocalı faciəsi qurbanlarının anım günləri, 21 Mart - Novruz bayramı
şənliyi, 9 May - Qələbə Günü, 28 May - Respublika Günü, 18 Oktyabr - Müstəqillik
Günü, Qurban və Ramazan bayramları tədbirləri keçirilmişdir. Nümayəndəlik ərazisində 2 tam orta məktəb fəaliyyət
göstərir. Dəmirçilər kənd tam orta məktəbində 200 nəfər şagird təhsil alır. Şagirdlərin
təlim və tərbiyəsi ilə 28 nəfər müəllim məşğul olur. Məktəbdə 11 nəfər texniki işçi işləyir.
2019-cu ildə məktəbin 1 nəfər məzunu ali, 2 nəfər məzunu isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Ürkməzli kənd tam orta məktəbində 170 nəfər şagird
təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. Məktəbdə 16
nəfər texniki işçi işləyir. 2019-cu ildə məktəbin 7 nəfər məzunu ali, 2 nəfər məzunu isə orta ixtisas məktəblərinə
daxil olublar. Ürkməzli kənd tam orta məktəbin 1 nəfər məzunu 600-dən yuxarı
bal toplayıb. Təhsil müəssisələrinin rəhbərləri rəhbərlik etdikləri kollektivlərdə
ciddi nizam–intizam yaratmağa müvəffəq olmuşlar. Dəmirçilər kənd tam orta məktəbi
qazanxana sistemi, Ürkməzli kənd tam orta məktəbi isə müasir istilik sistemi ilə
təchiz olunur. Hər iki məktəbdə istilik normal vəziyyətdədir. Rayon rəhbərliyinin
tapşırığına uyğun olaraq nümayəndəlik tərəfindən məktəblərdə şagirdlərin dərsə
davamiyyətinə daim ciddi nəzarət olunur. Dəmirçilər kənd körpələr evi–uşaq bağçasının
kollektivi də işlərini günün tələbləri səviyyəsində qururlar. Bağça 2 yaş qrupu
üzrə fəaliyyət göstərir. Bağçada uşaqların təhsili və istirahəti üçün hər cür şərait
yaradılmışdır. Dəmirçilər kənd
körpələr evi–uşaq bağçası 2019-cu ildə mərkəzləşdirilmiş istilik sistemi ilə təmin
olunmuşdur. Bağçada əmək intizamına
ciddi əməl olunur. Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Dəmirçilər və Ürkməzli
həkim məntəqələrinin kollektivi daşıyır. Kollektivdə xəstələrin qeydiyyatı,
uşaqlarda peyvəndlərin aparılması, ilkin tibbi yardım, günün tələblərinə cavab
verir. Nümayəndəlik ərazisidə 2019-cu ildə elektrik enerjisi və təbii qaz
yanacağının verilməsi fasiləsiz olmuşdur. Əhali istifadə etdiyi elektrik
enerjisi və təbii qazın dəyərini nəzarətçilər tərəfindən verilən bildirişlər əsasında
kənd poçtuna ödəyirlər. Dəmirçilər kənd poçt şöbəsi əhalidən enerji, qaz, telefon
pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul edib yola salır.
Şöbədə nizam-intizam, xidmət səviyyəsi qənaətbəxşdir. ATS-in kollektivi əhalinin rabitə xidmətini təmin
edir. Ərazidə 384 nömrəli yeni elektron ATS və mobil telefon stansiyaları "Azərcell”
və "Bakcell” fəaliyyət göstərir. Nümayəndəlik ərazisində
138 abonent internet
xidmətindən istifadə edir. Dünyanın istənilən
ölkəsi ilə rabitə xidməti və internet xidməti təmin olunmuşdur. Nümayəndəlik tərəfindən əhali arasında vətənpərvərlik
mövzusunda təbliğat və təşviqat işləri müntəzəm olaraq aparılır. Ərazidə hərbi
xidmətə çağırış nümunəvi qaydada olmuş hərbidən yayınma hallarına yol verilməmişdir. Nümayəndəlikdə əhalinin əsas fəaliyyət sahəsi
bitkiçilik və heyvandarlıqdır. 2019-cu ilin məhsulu üçün 410 hektarda payızlıq
buğda, 290 hektarda arpa, 65 hektarda kartof, 10 hektarda
qarğıdalı, 4 hektarda tütün əkilmişdir. 1518 ton buğda, 727 ton arpa, 1972 ton kartof, 55 ton qarğıdalı istehsal olunmuşdur. 2019-cu ildə nümayəndəlik ərazisində
tütün və barama istehsal olunmuşdur. 4 hektar sahədən 6735 kiloqram tütün təhvil verilmiş, 400 kq barama tədarük edilmişdir. Barama istehsalının artırılması məqsədilə
əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilmiş, 1000 ədəd yeni tut
tingləri əkilmişdir. Kənd təsərrüfatı məhsulları istehsal edən 554 nəfər istehsalçıya müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 51953 manat konpensasiya
ödənilmişdir. 2020-ci ilin məhsulu üçün nümayəndəlik ərazisində 650 hektar sahə şumlanmış, 320 hektar sahədə buğda, 220 hektar sahədə arpa əkilmişdir. 140 hektar kartof, 20 hektar
qarğıdalı, 20 hektar yeni yonca və barama yetişdirilməsi nəzərdə tutulmuşdur. 1 yanvar 2020-ci il tarixə əhali və fermer təsərrüfatlarında
1989 baş iribuynuzu mal-qara və 8559 baş xırdabuynuzlu heyvan, 12,3 min baş quş
qeydiyyata alınmışdır. Nümayəndəliyin Baytarlıq sahəsinə xidmət edən işçilər əhalinin mal-qarası və quşlarına zoobaytar xidmətinin
təşkilinə məsuldur. Epizotik tədbirlərin vaxtında, keyfiyyətlə aparılmasını təmin
edir. Pay torpaqlarının və bələdiyyənin istifadəsində
olan torpaqların təyinatı üzrə istifadə edilməsi, kənd təsərrüfatı məhsullarının
istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəli əkin sisteminin
tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini
üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir. Dəmirçilər kənd icra nümayəndəliyi istər əkinçilik,
istərsə də heyvandarlıq sahəsində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın
əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər
olduqda Dəmirçilər-Ürkməzli bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan
qaldırılır. Geniş hesabat məruzəsinə yekun vuran G.Mahmudova
sonda əhalinin maddi rifah halının yaxşılaşdırılması naminə qarşıya qoyulan bütün
vəzifələrin həllinə nail olmaq üçün nümayəndəlik olaraq bütün qüvvələrini səfərbər
etməklə əllərindən gələni əsirgəməyəcəklərini bildirib. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Məmməd Alıyev hesabat yığıncağında çıxış edərək kənd sakinlərini
salamlayıb və yola saldığımız 2019-cu ilin ölkəmizin tarixinə daha bir uğurlu
il kimi daxil olmasından söz açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atdığını qeyd edən natiq ölkəmizin
qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini bildirib. Respublika Prezidentinin diqqət və qayğısı sayəsində
yola saldığımız 2019-cu ilin Qazaxda abadlıq-quruculuq ili kimi, uğur və
nailiyyətlərlə zəngin bir il kimi yadda qaldığını qeyd edən M.Alıyev il ərzində
xeyli sayda işlərin görüldüyünü bildirib. Vurğulayıb ki, 2019-cu ilin uğurlu
layihələrindən biri rayonda 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi
Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa
çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya
sisteminin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləridir
ki, uğurla davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun rəhbərliyi altında həyata keçirilmış quruculuq və abadlıq işləri,
yeni layihələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verən birinci
müavin rayonda yaradılan yeni iş yerlərindən də söz açıb. Rayon rəhbərliyi tərəfindən
azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və
düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan
birinci müavin bu gün rayon üzrə olan 25 bağçadan 21-nin müasir
standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri,
xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları
qeyd edən natiq həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin
içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər
haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını
həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. Həmin Sərəncama
əsasən rayonun Cəfərli,
Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli,
Aşağı Salahlı və Çaylı kəndlərinin
hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. Son 3
ildə rayonda 60-dan artıq subartezian quyusunun qazıldığını, bu işlərin 2020-ci
ildə də davam etdiriləcəyini və Dəmirçiləri kəndində də nəzərdə tutulduğunu
vurğulayıb. Sonra çıxışlar olub. Ürkməzli kənd tam orta məktəbin
direktoru İlqar Miralayev, Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova,
Dəmirçilər kənd sakinlərindən Sədaqət Qədiməliyeva, İlhamə Novruzova, Kənan Məmmədov,
Məzahir Kərimov, Süleyman Hadıyev, Rəna Novruzova, Gülsəfa Axundova, Nəzakət Rəhimova
və başqaları çıxış edərək hesabat ilində istər rayonda, istərsə də kənddə görülmüş
işlərdən razı qaldıqlarını bildirib, Qazaxda aparılan genişmiqyaslı abadlıq və
quruculuq işlərinə görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını çatdırıblar.
Çıxış edənlər qəzalı vəziyyətdə olan Dəmirçilər kənd tam orta məktəbin təmir
olunmasını, məktəbdə su çəninin qoyulmasını, kənddəki oyun meydançasında futbol
oyunu üçün qapı quraşdırılmasını və s. məsələləri də qeyd ediblər. Sakinləri dinləyən
M.Alıyev səsələnən hər bir məsələyə aidiyyatı üzrə diqqətlə baxılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş