Qazaxda fərdi təhsilin mövcud vəziyyətinə dair müşavirə keçirilib
Bu gün hər kəsə yaxşı məlumdur
ki, Qazaxda təhsil sahəsi prioritet sahələrdən hesab olunur. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən
təhsil sahəsini daim diqqət mərkəzində saxlaması, ölkə başçısının təhsil
sahəsinin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri iş fəaliyyətinin
ayrılmaz tərkib hissəsi hesab etməsi bu sahəyə olan qayğının yüksək səviyyədə
olmasından xəbər verir. Bunu rayon rəhbərinin təhsilin keyfiyyətinin
artırılması ilə bağlı mütəmadi olaraq keçirdiyi görüşlərdən, iclaslardan, müşavirələrdən,
ən əsası da verdiyi tapşırıq və tövsiyələrdən də aydın şəkildə görmək olur. Məhz
bu qayğının nəticəsidir ki, rayonda Azərbaycan Respublikası Təhsil
nazirinin 12 iyul 2019-cu il tarixli, F-442 nömrəli əmrinə əsasən 2019-2020-ci
dərs ili üçün ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilin nümunəvi Tədris
Planına uyğun olaraq keçirilən fərdi təhsil daim diqqət mərkəzində saxlanılır. Məlumat
üçün qeyd edək ki, bu gün rayonda 17 məktəb üzrə 33 nəfəri fiziki, 18 nəfəri
isə əqli qüsuru olan şagirdlər olmaqla 51 nəfər fərdi təhsilə cəlb olunub.
Onlardan 8 nəfəri məktəbdə, 43 nəfəri isə öz evlərində fərdi qaydada təhsil alır. Bu gün Qazax Rayon İcra
Hakimiyyətində icra aparatının, Rayon Təhsil şöbəsinin əməkdaşlarının, fərdi
təhsil tədris olunan məktəblərin direktorlarının, tədris işləri üzrə direktor
müavinlərinin, fərdi təhsil alan şagirdlərin valideynlərinin iştirakı ilə keçirilən
müşavirə də rayonda bu sahəyə xüsusi həssaslıqla yanaşılmasından xəbər verir. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq tədbir iştirakçılarını
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları
münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. İcra başçısı son illər ölkə Prezidenti İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan
yüksək diqqət və qayğısı sayəsində paytaxt Bakıda, eləcə də
bölgələrimizdə qazanılan uğur və nailiyyətlərdən danışıb. Rayon rəhbəri bildirib ki, təhsil sahəsinin inkişafı ilə bağlı həyata keçirilən
bütün tədbirlər bir daha onu sübut edir ki, Azərbaycan öz gələcəyini daha
etibarlı və inamlı görmək əzmindədir. Bunun üçün də son 15 ildir ki, uğurlu
təhsil islahatı həyata keçirilir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi sayəsində respublikamızın bütün bölgələrində yeni-yeni
məktəb binalarının inşa olunması, təmirə ehtiyacı olan məktəblərin əsaslı
şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi,
məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanda təhsil
sahəsinin dövlətin prioritet istiqamətlərindən birini təşkil etdiyini əyani
şəkildə göstərir. Yola saldığımız 2019-cu ilin rayonda məktəb tikintisi
baxımından uğurlu bir il olduğunu qeyd edən icra başçısı ilin əvvəlində
S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra
istifadəyə verilməsini, hazırda Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı
İsmayıl Şıxlının adını daşıyan Kosalar tam orta məktəbin yüksək səviyyədə təmir
olunmasını təhsil sahəsinə və gələcəyimiz olan uşaqlara göstərilən böyük dövlət
qayğısı kimi qiymətləndirib. İcra başçısı rayonda təhsilinin
ildən-ilə inkişaf etməsi üçün istər dərsin kəmiyyət göstəricisinin, istərsə də
keyfiyyətinin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib. Bundan başqa,
rayonda fərdi təhsilə də böyük önəm verildiyini qeyd edib. Dövlət tərəfindən sağlamlıq
imkanları məhdud və fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olan şagirdlərin
fərdi təhsilə cəlb olunması üçün mühüm işlər görüldüyünü bildirib. Bugünkü
müşavirənin məqsəd və əhəmiyyətindən söz açan icra başçısı 2019-2020-ci tədris
ilində fərdi təhsilin hazırki vəziyyətini, bu sahədə mövcud olan çatışmazlıqları
müzakirə etmək olduğunu qeyd edib. Məktəblər üzrə keçirilən fərdi təhsillə
bağlı ciddi iradlarını çatdıran rayon rəhbəri aidiyyatı şəxslərə öz işlərində
dönüş yaratmalarını bildirib. Hər zaman olduğu kimi bundan sonra da bu sahənin
daim diqqət mərkəzində olacağını vurğulayıb. Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış
edərək fərdi təhsillə bağlı bildirilən məsələlərin haqlı olaraq söylənilən
məsələlər olduğunu qeyd edib və aradan qaldırılması üçün lazımi tədbirlər
görüləcəyini söyləyib. Rəhbər təyin olunduğu ilk gündən təhsil sahəsinə
göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rəhbərlik etdiyi kollektiv
adından rayon rəhbərinə minnətdarlığını bildirib. Fərdi
təhsilə cəlb edilən şagirdlərin valideynləri də bugünkü görüşü həm təhsil
sahəsinə, həm də onların övladlarına göstərilən qayğı kimi qiymətləndiriblər.
Fərdi təhsil sahəsinə ayrılan xüsusi diqqətə görə rayon rəhbərliyinə razılıqlarını
ifadə ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş