• Təqvim

  • Maraq



İcra başçısı rayon Təhsil şöbəsinin nəzdində yaradılmış işçi qrupunun üzvləri ilə görüşüb

Bu gün tam əminliklə söyləyə bilərik ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsi hesab edilir. Azərbaycan da bu ölkələr sırasındadır. Bunu son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən də aydın şəkildə görmək olar. Məhz son 15 ildə ölkəmizdə təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində imzalanan çoxsaylı sərəncamlar söyləməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Ölkə başçısının qayğısı sayəsində rayonda təhsilin keyfiyyətinin artırılması, müəllim və şagirdlərin yüksək şəraiti olan məktəblərdə elmlə məşğul olmaları üçün hər cür şərait yaradılır. Bu ilin 4 fevralında əsaslı yenidənqurmadan sonra açılışını etdiyimiz S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb, hazırda Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbi, eləcə də Ş.Nəsibova adına Sarıvəlli və A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəblərində əsaslı tikinti işlərinin nəzərdə tutulması bu dediklərimizin əyani sübutudur. Məhz təhsilə ayrılan diqqətin, göstərilən qayğının nəticəsidir ki, rayon məktəbliləri bu sahədə uğurlu nəticələrə imza atırlar. Ötən il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü sırada dayanması, bu il yenə də rayon məktəbləri arasında seçilməsi təhsilə olan yüksək qayğının göstəricisidir.

Bu uğurun qazanılmasında eyni zamanda 2016-cı ilin oktyabr ayında Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən yaradılmş işçi qrupunun da böyük əməyi vardır. İşçi qrupunun yaradılmasında isə əsas məqsəd təhsil sahəsini inkişaf etdirmək, şagirdlərin dərsə davamiyyətini, müəllimlərin dərsə hazırlıq səviyyələrini müəyyən etmək və seçilən müəllimləri yüksək qiymətləndirməkdir. Həmçinin, məktəbdə müəllim-direktor, müəllim-şagird və müəllim-valideyn münasibətlərini formalaşdırmaqdır. İşçi qrupu yaradılan gündən ötən müddət ərzində şagirdlərin dərsə davamiyyət faizi onu göstərdi ki, biz bu istəyimizə - təhsilin keyfiyyətinin artırılmasına nail ola bildik. Bunu işçi qrupunun 2016-2017, 2017-2018 və 2018-2019-cu tədris illərində rayon məktəblərində apardığı monitorinqin nəticələri bir daha sübut etdi. İldən-ilə uğurlu nəticələr əldə edən işçi qrupu 2019-2020-ci tədris ilində də yeni tərkiblə fəaliyyətini müvəffəqiyyətlə davam etdirəcək.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərkibi yenilənən işçi qrupunun üzvləri ilə görüşüb, yeni tədris ilində istər təhsil işçilərinə, istərsə də işçi qrupunun üzvlərinə yeni-yeni nailiyyətlər və uğurlar arzulayıb. İcra başçısı cənab Prezident İlham Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısını, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri Ulu Öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamı kimi qiymətləndirib. Rayon rəhbəri bildirib ki, təhsilin daha da inkişaf etməsi, bu sahənin daha da qabaqcıl olması üçün icra başçısı kimi mən fəaliyyətə başladığım ilk gündən təhsil sahəsinə diqqət və qayğı ilə yanaşmışam. Təhsilin inkişafı üçün əlimdən gələni əsirgəməmişəm. Müəllimlərə, eləcə də şagirdlərə rayon rəhbərliyi tərəfindən həmişə diqqət və qayğı göstərilir. Şagirdlərin müasir standartlara cavab verən məktəblərdə təhsil almaları üçün yeni məktəb binaları tikilir, əsaslı təmir olunaraq yenidən qurulur. Müəllimlərin daha yaxşı şəraitdə dərs keçmələri, tədrisin yüksək səviyyədə aparılması təmin olunur, bu sahədə vəziyyət ildən-ilə yaxşılaşır. Görülən genişmiqyaslı işlərin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, təhsil sahəsində yüksək nəticələr əldə olunur, uğurlu göstəricilər qazanılır.

Sonra işçi qrupunun üzvləri - rayon Təhsil şöbəsində metodkabinetin müdiri Məhəmməd Cəfərov, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə metodist Orxan Əliyev, ibtidai siniflər üzrə metodist Şəfa Yadigarova, tarix və coğrafiya fənləri üzrə metodist Süsən Alməmmədova, Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbin kimya-biologiya müəllimi, Əməkdar müəllim Sədaqət Əmirxanova, N.Vəliyev adına şəhər 5 saylı tam orta məktəbin fizika müəllimi, "Tərəqqi” medallı Yasəmən Qayayeva, S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Nuriyyə Qasımova, xarici dil müəllimi Kifayət Carçıyeva ilə birlikdə qarşıda duran məqsəd və vəzifələr müzakirə edilib.

İcra başçısı hər zaman olduğu kimi, bu tədris ilində də işçi qrupu tərəfindən təhsilin keyfiyyətinin artırılmasına, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsinə, qabaqcıl təcrübənin öyrənilməsinə və yayılmasının təmin edilməsinə ciddi nəzarət olunacağını bildirib. Bundan əlavə, şagirdlərin dərsə davamiyyətinin, müəllimlərin dərsə hazırlıq səviyyələrinin daim diqqət mərkəzində saxlanılacağını qeyd edib. Bununla bağlı tapşırıq və tövsiyələini verib.

Qazax Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək ölkə başçısı və rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə təhsil işçiləri adınan bir daha minnətdarlığını bildirib.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir daha qazanılan uğur və göstəriciləri əldə saxlamağı, daha da artırmağı, bunun üçün böyük səylə çalışmağı tövsiyə edib. Bunun üçün rayonda hər cür imkan olduğunu və bu imkanlardan səmərəli istifadə etməklə daha böyük uğurlar qazanılacağını vurğulayıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş