Qazaxda şəhərin yeni su və kanalizasiya sisteminin çəkilişi vəziyyətinə dair növbəti iclas keçirilib
Bildiyiniz kimi artıq xeyli
müddətdir ki, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya
sisteminin yenidən qurulması layihəsi uğurla icra olunur. Podratçı təşkilat
tərəfindən əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları
tədarük edilərək küçələrdə su və kanalizasiya xətlərinin çəkilişi paralel
olaraq həyata keçirilir. Hər kəsə yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov su və kanalizasiya xəttinin çəkilməsinə başlanılan ilk gündən bu sahəni
daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su
və kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma
işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə,
müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət
komissiyanın yaradılması da məhz icra başçısının bu sahəyə xüsusi həssaslıqla
yanaşmasının əyani sübutudur. Bundan əlavə, çəkilişlərə başlanılan gündən
etibarən görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin,
iclasların keçirilməsi, eləcə də çəkiliş aparılan küçələrə yerində baxılması,
işlərin keyfiyyəti ilə maraqlanılması bu sahənin daim diqqət mərkəzində
olmasından xəbər verir. Bu gün də Qazax Rayon İcra Hakimiyyətində şəhərin
su və kanalizasiya sisteminin çəkilişləri ilə əlaqədar görülmüş işlərə dair növbəti
iclas keçirilib. Komissiya üzvlərinin və aidiyyatı şəxslərin iştirak etdiyi
iclasda bu günə kimi həyata keçirilən işlərdən, su və kanalizasiya xətti
çəkilmiş küçələrdəki mövcud vəziyyətdən danışılıb, görülməsi nəzərdə tutulan
işlər müzakirə olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
çıxış edərək şəhərin su və kanalizasiya sisteminin yenidən qurulmasını 2019-cu
ilin ən yadda qalan hadisələrindən biri kimi qiymətləndirib. Ölkə başçısının bu
qayğısını rayon ictimaiyyəti, ağsaqqallar və ziyalıların bu gün də razılıq
hissi ilə qarşıladıqlarını və buna görə Prezident İlham Əliyevə öz dərin
minnətdarlıqlarını bildirdiklərini diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, həmişə olduğu kimi,
bugünkü iclasın da əsas məqsədi su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı
görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olmaq, müzakirə etmək və işlərin keyfiyyəti ilə maraqlanmaqdır. Rayon rəhbəri çəkilişlə əlaqədar
olaraq qazıntı işləri aparılan zaman köhnə su xətlərinin, yeraltı qaz
borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməsinə, aparılan
qazıntı işlərinin, qazıntı zamanı yararan dərin çökəkliklərin kənarında xəbərdaredici
nişanların, kanalizasiya borularına qapaqların qoyulmasına, yeni çəkilmiş su xəttinin
üzərinin açıq qalmasına ciddi nəzarət olunmasını qeyd edib. Qış mövsümü ilə əlaqədar
olaraq çəkiliş zamanı xüsusilə də qaz borularının, elektrik və su xətlərinin zədələnməməsinə
üstünlük verilməsini bildirib və bununla bağlı tapşırıqlarını verib. "Bizə çəkilişin tez bir zamanda başa çatması
deyil, işin keyfiyyətlə aparılması lazımdır”, - deyən icra başçısı istər su,
istərsə də kanalizasiya xəttinin çəkilişinin günün tələbləri səviyyəsində çəkilməsini
vurğulayıb. Bu sahənin daim nəzarətdə olacağını və bu cür görüşlərin də məhz bu
məqsədi daşıdığını bir daha qeyd edib. Qazax şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov görülən işlər
haqda məlumat verərək bildirib ki, hazırda şəhərin Mehdi
Hüseyn, M.P.Vaqif, Azadlıq, S.Vurğun-H.Z.Tağıyev küçəsinin kəsişməsi, Bakı, eləcə
də adları qeyd edilən küçələrin döngə və dalanlarında su və kanalizasiya xəttinin çəkilişinin aparıldığını
bildirib. Layihə rəhbəri bu günə kimi kanalizasiya sistemi borularının quraşdırılması
üzrə 61,36 %, su təchizatı borularının quraşdırılması üzrə isə 50,31% işlərin yerinə yetirildiyini qeyd edib. Qazax
rayonu içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması və Yol
tikintisi layihələrinin İctimayətlə Əlaqələr şöbəsinin rəhbəri Şamil
Allahverdiyev və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun
müavini Fəqani Əkbərov da su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı görülən
işlərin keyfiyyətinə hər zaman üstünlük verildiyini diqqətə çatdırıblar. İstər
su xəttinin, istərsə də kanalizasiya quyularının test olunduğunu, çəkilişin
layihədə nəzərdə tutulduğu kimi həyata keçirildiyini bildiriblər. Görülməsi nəzərdə
tutulan işlərdən söz açaraq qarşıdan gələn növbəti ildə anbar tikintisinin,
subartezian quyularının qazılması, eləcə də çəkilişi başa çatan və test
olunaraq yoxlanılan küçələrdə asfalt örtüyün vurulması işlərinin həyata keçiriləcəyini
qeyd ediblər. Komissiya üzvlərindən Qazax
Melioservis İdarəsinin rəisi Ərəş Pənahov görülən işlər haqqında fikirlərini bildirərək öz
təklif və tövsiyələrini verib. Gündən-günə inkişaf edən
Qazaxda su və kanalizasiya sisteminin yenidən qurulmasını, uzun illərdən bəri
mövcud olan problemin köklü şəkildə müsbət həllini tapmasını yüksək
qiymətləndirib. Məlumat üçün qeyd edək ki, sözügedən layihənin
sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam
İnkişaf Bankı, podratçı "Akkord Sənaye
Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek”
Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su və kanalizasiya
sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Əsasən
3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa
çatdırılması nəzərdə tutulub. GOYEZEN.AZ
Facebook-da paylaş