Fərəhli kəndində sakinlərlə səyyar görüş keçirilib
Bu gün Ölkə Prezidenti cənab
İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən növbəti səyyar
görüş Qazax rayonunun sərhəddə yerləşən Fərəhli kəndində olub. Aidiyyatı idarə, müəssisə və təşkilat
rəhbərlərinin də iştirak etdiyi görüşdə dövlət başçısının yürütdüyü məqsədyönlü
siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər,
vətəndaşlara diqqət və qayğı, göstərilən xidmətlər, əhalinin maddi rifah
halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi
tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın
vətəndaşlara olan diqqət və qayğısı bir daha səslənib və minnətdarlıq dolu ürək
sözləri ilə yüksək qiymətləndirilib. Sakinləri salamlayan Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər və kəndlərdə keçirilən
səyyar görüşlərin məqsəd və əhəmiyyətini vurğulayıb. Rayon rəhbəri bu
görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin
məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu
halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bildirib. Ölkə başçısının son günlər
rəhbər vəzifəli şəxsləri qəbul edərkən dövlət məmurlarının fəaliyyəti haqqında
söylədiyi fikirləri qeyd edən rayon rəhbəri dövlət başçısı tərəfindən verilən tapşırıq
və tövsiyələrin, göstərdiyi yolun hər bir dövlət məmurunun, vəzifə sahibinin iş
fəaliyyətinin əsasını təşkil etdiyini qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin çıxışları zamanı "Xalqa
ləyaqətlə xidmət etmək hər bir dövlət məmurunun borcudur. Mən Prezident kimi öz
vəzifəmi xalqa xidmətdə görürəm” kimi söylədiyi fikirlərin hər bir məmur üçün
bir örnək olduğunu bir daha vurğulayıb. Eyni zamanda da vətəndaş amilinin hər
zaman yüksəkdə tutulmasının bariz nümunəsi kimi qiymətləndirib. "Siz vətəndaşların
bizlərə olan sevginiz bizim məsuliyyətimizi daha da artırır”, - deyən icra
başçısı ilk gündən bu prinsipə əməl etməyə çalışdığını, daim vətəndaşların arasında
olmağı iş fəaliyyətinin əsas tərkib hissəsi kimi gördüyünü bildirib. Rayon rəhbəri ötən il
növbəti dəfə Prezident seçilən dövlət başçısının verdiyi sözlərin bu gün öz
real əksini tapmasını vətəndaşlara olan ən böyük diqqət və qayğı kimi
qiymətləndirib. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları,
istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa
vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla
yerinə yetirilməsi kimi qeyd edib. Həmin islahatların kökündə əhalinin maddi və
sosial rifah halının yaxşılaşdırılmasının dayandığını söyləyib. Ölkə rəhbərinin
iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və
Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn
vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. İyunun 18-də
imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər
minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160
manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə
çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını
ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən
uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan
tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd
edib. Rayon
rəhbəri son illər respublikamızda, eləcə də Qazaxda geniş vüsət alan
abadlıq-quruculuq işlərindən, işsizliyin aradan qaldırılması, minimuma
endirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən və qarşıda
duran vəzifələrdən də danışıb. İcra
başçısı Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və
açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça
müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun,
İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax
Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa
edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini
işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər
kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən
fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan daha bir uğurlu
addım kimi göstərib. Bundan başqa, Qazaxda inşa olunan 10 korpusdan ibarət
145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisinin yüksək
səviyyədə başa çatdırılmasını, hazırda su-kanalizasiya xəttinin və
Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini rayon
sakinlərinin də razılıq hissi ilə qarşıladıqlarını diqqətə çatdırıb və bir daha
sakinlər adından ölkə başçısına minnətdarlığını bildirib. Rayon rəhbəri dövlət
başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni
asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da
uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta
Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı,
Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt
yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib.
Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında müxtəlif illər üzrə
rayonun İkinci Şıxlı, Ağköynək, Qarapapaq, Xanlıqlar, Fərəhli kəndlərində də yeni asfalt yol çəkilişlərinin
salınmasını bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi
kimi qiymətləndirib. İcra başçısı son 3 ildə
bağçalarla bağlı görülən işlərdən də söhbət açıb. Bu gün rayonda şəhər və
kəndlər üzrə mövcud olan 25 uşaq bağçasından 21-nin yüksək səviyyədə təmir
olunmasını körpələrə olan dövlət qayğısının ən bariz nümunəsi kimi
dəyərləndirib. İcra başçısı qeyd edib ki, bu gün
bir neçə kənd var ki, bağçanın açılmasına böyük ehtiyac var. Fərəhli kəndi də həmin
kəndlər sırasındadır və bu sahədə məqsədyönlü işlərin görülməsi nəzərdə
tutulub. "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə
ehtiyacı olan 11 məktəbin salındığını, həmin məktəblərdən birinin də məhz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176
şagird yerlik Kosalar kənd tam orta
məktəbinin olduğunu qeyd edib. Heydər Əliyev Fondu tərəfindən məktəbin əsaslı
tikintisini Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı,
həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Bundan
əlavə, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta
məktəbin də yenidən tikilməsini təhsil sahəsinə olan daha bir qayğı kimi
göstərib. İcra başçısı "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planında əksini tapan Kür çayının ətrafında sahilbərkitmə işlərinin
aparılması, torpaq məcralı arxların beton üzlüyə alınması, yeni məktəb
binalarının inşa olunması, yeni asfalt yolların çəkilməsi, subartezian
quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi bir çox
məsələlərin növbəti 5 il ərzində uğurla icra olunacağını da diqqətə çatdırıb. Rayonda,
eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin
olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb.
Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP
kabelləşmə işinin başa çatdığını qeyd edib. Son 3 ildə bütün kəndlərdə
suvarma suyunun 70 faizə kimi yaxşılaşdırıldığını bildirən icra başçısı Fərəhli
kəndində də suvarma suyu ilə bağlı problemin aradan qaldırılması üçün
məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib. Subartezian
quyularının qazılması zamanı ilk olaraq məhz Fərəhli kəndinin diqqət mərkəzində
olacağını vurğulayıb. Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid
verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul
və qızlarımızın xatirələrinin hər zaman əziz tutulduğunu bildirib. Şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd
edib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini,
əsaslı şəkildə təmir edilməsini şəhidlərimizə olan ehtiramın bariz nümunəsi
olduğunu vurğulayıb. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, orada
aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş
lövhənin vurulmasını şəhidlərimizin ruhu qarşısında edilən ən yüksək əməl kimi
dəyərləndirib. İcra başçısı hər zaman mərd oğulları ilə tanınan Fərəhli kəndində
də qəhrəman döyüşçülərin olduğunu qeyd edib. Rayon rəhbəri həmin qəhrəman
oğullardan Aprel şəhidi kapitan Mühüd Orucovun adını çəkərək onun timsalında
bütün şəhidlərin xatirəsinin daim yüksəkdə tutulacağını bir daha diqqətə
çatdırıb.
Kənd sakinlərindən Musa
Musayev, Nürəddin Məmmədov, Bəhram Nəbiyev çıxış edərək onlarla mütəmadi olaraq
görüşə gəldiyinə, kənd sakinlərinə diqqət və qayğı göstərdiyinə görə rayon
rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Kənddə görülən işlərdən danışan
sakinlər qeyd ediblər ki, kəndimizdə bizi narahat edən ən böyük problem yolun
əsaslı şəkildə təmir olunmasıdır ki, onun da şad xəbərini bizlərə çatdırdınız.
Ölkə başçısının qayğısı sayəsində Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsi
xəbəri biz çox sevindirir. Ona görə sevindirir ki, ölkə başçısının qayğısı
nəticəsində qaldırdığımız hər bir məsələ öz müsbət həllini tapır. Sevinirik ki,
Ulu Öndər Heydər Əliyev vaxtilə xalqına, millətinə necə qayğı ilə yanaşırdısa,
bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev də o cür qayğı göstərir.
O, necə xalqın arasında olurdusa, bu gün ölkə başçısı da daim biz sakinlərin
yanındadır. Biz sakinləri narahat edən ən xırda məsələyə belə xüsusi
həssaslıqla yanaşır. Bunu son aylar imzalanan fərman və sərəncamlardan,
sakinlərlə olan səmimi görüşlərindən də aydın şəkildə gördük. Sakinlər rayonda onlara
göstərilən diqqət və qayğıya görə də razılıqlarını bildiriblər. Qeyd ediblər
ki, bu gün biz sakinlərə olan səmimi münasibətin nəticəsidir ki, biz öz
sözümüzü belə asanlıqla çatdırırıq. Ən əsası da qaldırdığımız hər bir məsələyə
mütləq şəkildə baxılacağını bilirik. Çıxış edənlər sakinlərə göstərdiyi böyük
diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd
sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Görüşdə minnətdarlıqla
yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar.
Sakinlər tərəfindən səsləndirilən kənddə internetin sürətinin zəif olması,
suvarma suyu, yol çəkilişi, artezian quyularının qazılması və s. məsələlərlə
bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə
baxılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş