Aşağı Salahlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Bu gün növbəti səyyar görüş rayonun Aşağı Salahlı kənd sakinləri ilə keçirilib. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq təşkil olunan görüşdə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Hər həftə olduğu kimi bugünkü görüşdə də dövlət başçısının yürütdüyü məqsədyönlü siyasətdən, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bu gün Aşağı Salahlı kəndində beşinci dəfə görüşdüyünü bildirərək keçirilən səyyar görüşün məqsəd və əhəmiyyətindən söz açıb. Rayon rəhbəri şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib. Ən əsası da vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb.
Rayon rəhbəri son illər respublikamızın bölgələrində, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, aparılan abadlıq-quruculuq işlərindən, qarşıda duran vəzifələrdən danışıb.
İcra başçısı Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Parkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması, minimuma endirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. Bundan başqa, su-kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi göstərib.
Rayon rəhbəri görüşdə Respublika Prezidentinin əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması məqsədilə iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan da söz açıb. Sosial paketin icrası ilə bağlı imzalanmış Sərəncamları, həmin Sərəncamlardan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini ölkə vətəndaşlarına olan diqqət və qayğı kimi qiymətləndirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib.
Rayon rəhbəri hazırda rayonda görülən işlərdən də söhbət açıb. Su-kanalizasiya sisteminin yenidən qurulmasını, 10 korpusdan ibarət 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunda aparılan son tamamlanma işlərini və açılışa hazırlanmasını misal olaraq göstərib.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapan məsələlərdən danışan icra başçısı Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, torpaq məcralı arxların beton üzlüyə alınması, yeni məktəb binalarının inşa olunması, yeni asfalt yolların çəkilməsi, subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi bir çox məsələlərin həmin proqrama salındığını bildirib.
Görüşdə erkən nikahlarla, eləcə yeni ailə quran gənclərin nikaha daxil olması ilə əlaqədar olan məsələlərdən söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını vurğulayıb.
İcra başçısı Aşağı Salahlı kəndində dolu vurması nəticəsində kənd sakinlərinin üzüm bağlarına dəymiş ziyanla bağlı nəzərdə tutulan işlərdən də danışıb. Rayon rəhbəri bu məsələnin müsbət həllini tapması üçün aidiyyatı təşkilatlara rəsmi müraciətlər olunduğunu, məktublar ünvanladığını bildirib. Bundan başqa, kənddə suvarma suyuna olan tələbatı ödəmək üçün görülməsi nəzərdə tutulan işləri də diqqətə çatdırıb. Rayon rəhbəri son 3 ildə 50-dən çox subartezian quyusunun qazıldığını, eləcə də Aşağı Salahlı kəndində də ötən il 1 ədəd subartezian quyusunun qazıldığını qeyd edib. Bundan əlavə, Dövlət Proqramında geniş şəkildə əksini tapan subartezian quyusunun qazılması işinin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.
Sakinlərdən Güldəstə Muradova, Rəşad Konalov, Şakir İsgəndərov, Nüsrət Aşırov, Ziyaddın İsmayılov, Səbilə Mirzəyeva, Məzahir Hüseynov, İlham Nəbiyev və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Son 3 ildə rayonda, eləcə də kəndlərdə görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun Aşağı Salahlı kəndində də uğurla həyata keçirildiyini qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə sakinlər adından təşəkkürlərini çatdırıblar.
Görüşdə sakinlər kənddə suvarma suyunun yaxşılaşdırılması istiqamətində subartezian quyularının qazılmasına köməklik olunmasını və digər müxtəlif səpkili məsələləri qeyd ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. 2020-ci ildə Dövlət Proqramında qazılması nəzərdə tutulan subartezian quyularından bir neçəsinin illər üzrə Aşağı Salahlı kəndinə salınacağını vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov səyyar görüşə yekun vuraraq ölkə başçısının vətəndaşlara olan diqqət və qayğısını, səmimi münasibətini rəhbər tutaraq rayonda vətəndaş amilinin bundan sonra da üstün tutulacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş