Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın
tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr idarəolunmaz
vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir
və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu
inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq
tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının
yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə
hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif
kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz
maraqlarını tam şəkildə qoruyur.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki,
"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış
92-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı "Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı nitqində söyləyib.
Akademik Ramiz
Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı
materiallar 2019-cu ilin yanvar-fevral aylarını əhatə edir.
Kitabda Prezident İlham
Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün
İsveçrə Konfederasiyasına işgüzar səfəri haqqında informasiyalar, Davosda
"Rossiya-1”, Çinin CGTN televiziya kanallarına müsahibələrinin mətnləri, "Bir
kəmər – bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq
baxışı” adlı sessiyada sualları cavablandırmasına, İsveçrə Konfederasiyasının
Prezidenti, beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşlərinə dair
materiallar toplanıb. Dövlətimizin başçısı CGTN telekanalına müsahibəsində
deyib: "Əlbəttə ki, dünya dəyişir, regionumuz dəyişir, bir çox hadisələr baş
verir. Siz onları 5 il əvvəl heç təsəvvür edə bilməzdiniz. Hesab edirəm ki, hər
bir lider hadisələri izləməlidir və baş verənlərə hər zaman diqqətli olmalıdır.
Biz 1-2 ildən sonra dünyada nələr baş verəcəyini bilmirik. Lakin bugünkü
geosiyasi mühitə gəldikdə, fikrimcə, biz həmin mühitdə öz yerimizdə
qərarlaşmışıq və bu mövqe bizi qane edir. Beynəlxalq siyasət nöqteyi-nəzərindən
əsas məqsədimiz elə bir xarici siyasətdən ibarətdir ki, onun ölkənin daxili
vəziyyətinə müsbət təsiri olsun, bütün növ riskləri azaltsın. Zənnimcə, biz
buna nail olmuşuq, çünki Azərbaycanda insanlar dinc şəraitdə yaşayır və ölkə
sabitdir”.
Nəşrdə, həmçinin
Azərbaycan Prezidentinin Fransa, İran, Almaniya və Rusiyanın, Ümumdünya Gömrük
Təşkilatının, Beynəlxalq Astronomiya Federasiyasının yüksəkvəzifəli
nümayəndələrini qəbul etməsinə dair informasiyalar verilib. Dövlətimizin
başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə
yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn
norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Oxucu bu kitabda
Azərbaycan Prezidentinin "Real” televiziyasına müsahibəsinin, şəhid ailələri
ilə görüşü zamanı çıxışının, onlarla söhbətlərinin, Azərbaycan Gəncləri Gününə
həsr olunmuş respublika toplantısında nitqinin mətnləri, Beyləqan rayonuna
səfərinin materialları və məktublarla tanış ola bilər.
Kitabda "Qeydlər”,
"Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən
buraxılan 92-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Facebook-da paylaş