Prezident İlham Əliyev: Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır
Bir daha demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü
deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər
Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara
bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər.
Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz
qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə
təmin olunur.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin yenicə çapdan çıxmış 72-ci kitabında yer alan bu fikirlər
dövlətimizin başçısının 2016-cı il fevralın 17-də Gəncə şəhərində "İmamzadə”
dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra
yaradılan şəraitlə tanışlıq zamanı söylədiyi nitqindən götürülüb.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin
buraxılışına məsul olduğu çoxcildliyin 72-ci kitabındakı materiallar 2015-ci
ilin dekabrından 2016-cı ilin fevralınadək olan dövrü əhatə edir. Həmin dövrdə
Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm hadisələrdən biri Davos
Forumu olub. Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda
iştirak etmək üçün İsveçrəyə işgüzar səfər edib. Kitaba Azərbaycan
Prezidentinin Forum çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət
başçıları, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlərinə, Forumun "Yeni enerji
tarazlığı” mövzusunda sessiyasında iştirakına dair materiallar, habelə
Prezident İlham Əliyevin Forumun rəsmi saytında yerləşdirilmiş "Azərbaycan
iqtisadiyyatının gələcəyi” adlı geniş məqaləsi daxil edilib.
Nəşrdə
Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam
Respublikasına rəsmi səfərləri, Böyük Britaniyaya səfəri, Münxen Təhlükəsizlik
Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar
səfəri zamanı keçirdiyi görüşlərə, habelə ölkəmizə rəsmi səfərə gələn
Əfqanıstan İslam Respublikasının Prezidenti ilə görüşünə, imzalanan sənədlərə,
mətbuata bəyanatlara dair materiallar toplanıb.
Bu kitabda
Azərbaycan Prezidentinin Türkiyə, ABŞ, Pakistan, Almaniya, Bolqarıstan,
Yunanıstan və digər dövlətlərin, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT, NATO,
Avropa İttifaqının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul
etməsini əks etdirən materiallarla, İran İslam Respublikasının Radio-Televiziya
Şirkətinə müsahibəsinin mətni ilə də tanış olmaq mümkündür.
Çoxcildliyin
72-ci kitabında Prezident İlham Əliyevin Əziz Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyi münasibətilə bu
institutun əməkdaşlarına, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
münasibətilə Azərbaycan xalqına, Milad bayramı münasibətilə Azərbaycanın
pravoslav xristian icmasına, SSRİ Xalq artisti Murad Kajlayevin 85, Xalq şairi
Nəriman Həsənzadənin 85 illik yubileyləri münasibətilə təbriklərinin mətnləri
və digər məktubları da yer alıb.
Kitabda,
həmçinin Prezident İlham Əliyevin 2015-ci ilin idman yekunlarına həsr olunan
mərasimdə, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, iqtisadi və
sosial məsələlərin həlli ilə bağlı müşavirədə, "Regionların 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin
yekunlarına həsr olunmuş konfransda, Azərbaycan Gənclərinin I Forumunun 20
illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə söylədiyi
nitqlərin mətnləri toplanıb.
Oxucu bu cilddə
Prezident İlham Əliyevin Tovuz rayonuna, Gəncə şəhərinə səfərləri zamanı
nəqliyyat, iqtisadi və sosial infrastruktur, habelə mədəniyyət obyektlərinin,
Bakıda Gözdən əlillər üçün yeni yaşayış binasının, "Baytarlıq şəhərciyi”nin,
Zirə Mədəniyyət Mərkəzinin və Eko-Parkın açılış mərasimlərində iştirakına dair
materiallarla tanış ola bilər.
Kitabda
"Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri də verilib.
"Azərnəşr”
tərəfindən buraxılan 72-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət
İnformasiya Agentliyinin materiallarından istifadə olunub.
"İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin 72-ci kitabı çapdan çıxıb
Facebook-da paylaş