• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır


Heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı isə Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki, biz uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da biz elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin. Mən şübhə etmirəm ki, Azərbaycanda bundan sonra da ictimai-siyasi sabitlik təmin olunacaqdır.

GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 83-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2017-ci il noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində söylədiyi nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin oktyabr-noyabr aylarını əhatə edir.

Kitaba Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Soçi şəhərində keçirilən iclasında, İstanbulda D-8 IX Zirvə görüşündə, Azərbaycan, İran və Rusiya liderlərinin Tehranda keçirilən Zirvə görüşündə çıxışlarının və presidentlərin mətbuata bəyanatlarla çıxışlarının, Belçikaya işgüzar səfəri zamanı "Şərq tərəfdaşlığı” Sammitinin plenar iclasında "Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir” mövzusunda çıxışının mətnləri daxil edilib.

Nəşrdə dövlətimizin başçısının Azərbaycana səfərə gəlmiş Bolqarıstan Prezidenti ilə görüşü barədə informasiya, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, iki ölkə arasında sənədlərin imzalanma mərasimi barədə məlumatlar, dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarının mətnləri yer alıb.

Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Çoxcildliyin 83-cü kitabında Prezident İlham Əliyevin Polşa, Ukrayna, İran, Monteneqro, İtaliya, Braziliya, Qazaxıstan və digər dövlətlərin, Avropa İttifaqı, ATƏT, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası və NATO-nun ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 78-ci iclasının iştirakçılarını qəbul etməsinə dair materiallar toplanıb.

Oxucular bu nəşrdə dövlətimizin başçısının Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, Azərbaycanda 2 milyardıncı ton neftin hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə söylədiyi nitqlərin, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində çıxışının, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə bağlı "Euronews” telekanalının Azərbaycan və Türkiyə prezidentləri və Gürcüstanın Baş naziri ilə müsahibəsinin mətnləri ilə tanış ola bilərlər.

Kitaba, həmçinin Prezident İlham Əliyevin şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyəti ilə görüşündə çıxışının mətni, Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasimin, Uşaqların IV Ümumrespublika Forumunun iştirakçılarına müraciətlərinin mətnləri, ayrı-ayrı ölkələrin dövlət başçılarına məktubları daxil olunub.

Dövlətimizin başçsının Gəncə şəhərinə, Abşeron, Tərtər və Ağcabədi rayonlarına səfərləri, bölgələrdə iqtisadi, sosial, mədəniyyət obyektlərinin açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da bu kitabda tanış olmaq mümkündür.

Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.

"Azərnəşr” tərəfindən buraxılan 83-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.



Facebook-da paylaş