"Gedik-Carçı” Azərbaycanda inşa olunan ilk elektrod zavodudur
Son illər ölkəmizdə Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında
bütün sahələrdə olduğu kimi yeni sənaye müəssisələrinin yaradılması da
dövlətimizin daim diqqət mərkəzində saxladığı sahələrdəndir. Bunu son illər
Azərbaycanda inşa olunan yeni sənaye müəssisələrinin sayının ildən-ilə artması,
bu sahədə görülən məqsədyönlü işlər də əyani şəkildə sübut edir. Sevindirici
haldır ki, bu sahənin inkişafı istiqamətində görülən işlər təkcə paytaxt Bakıda
deyil, bütün bölgələrimizdə də geniş miqyas alır. Respublikamızın hər yerində olduğu kimi Qazaxda da bu
sahənin inkişafı daim diqqət mərkəzindədir. Qazaxda "Gedik-Carçı Qaynaq”
MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu da yaradılan
yeni istehsal müəssisələrindəndir. Azərbaycanda ilk dəfə olaraq Xanlıqlar kəndi
ərazisində inşa olunan bu yeni elektrod zavodu ölkə sənayesinin inkişafı
ilə yanaşı həm də rayonda xeyli sayda yeni iş yerinin yaradılması deməkdir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan
Mürsəlovla birlikdə həmin zavoda baş çəkib, mövcud vəziyyət və istehsal olunan məhsullarla tanış olub. Məlumat üçün qeyd edək ki, 1,5 hektar sahəni əhatə
edən zavodda əsas işlər başa çatıb. Məhsul istehsal ediləcək 2400
kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır. Bundan başqa, ofis
binası da lazım olan avadanlıqlarla təmin edilib. Zavodun həyətində abadlıq
işləri aparılıb. Tikinti işləri ilə yanaşı ərazinin ətrafı tamamilə
yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib. Türkiyədən olan yüksək ixtisaslı mütəxəssislərin
iştirakı ilə zavodda lazım olan əsas avadanlıqlar quraşdırılıb və artıq elektrod
istehsal olunur. Zavodda olan bütün avadanlıqlar müasir standartlara
cavab verən səviyyədədir. İstehsal olunan məhsulun keyfiyyətinə də xüsusi
diqqət ayrılır. Bu gün ilk dəfə olaraq Qazaxda tikilən bu zavod nəinki daxili
bazara, eləcə də xairici bazara da öz məhsullarını ixrac etməyi planlaşdırır.
GOYEZEN.AZ
Facebook-da paylaş