• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda müqəddəs Qurban bayramı böyük ruh yüksəkliyi ilə qeyd olunub


Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. Bu haqda "Quran”da yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı” da deyirlər.

Bu gün xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir. Əsrlər boyu xalqımız Qurban bayramını böyük sevinc və coşqu hissi ilə qarşılamış, qurban kəsmə mərasimini öz milli adət-ənənəsinə, mənəvi dəyərinə çevirmişdir. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.

Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban bayramı Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini vurğulamışdır. Xalqımız ulu öndərin rəhbərliyi altında daha sıx birləşərək adət-ənənələrinə, dəyərlərinə möhkəm bağlanmış, əldə etdiyi bir çox demokratik prinsiplərlə yanaşı, müqəddəs bayramlarını da azad şəkildə keçirmək hüququ qazanmışdır. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev də son 15 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.

Müqəddəs Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır. Bu əziz gündə şəhidlərimizin ruhları yad edilir, Allah-Təaladan torpaqlarımızın işğalçılardan təmizlənməsi, qaçqın və məcburi köçkünlərə isə bu mübarək bayramı doğma yurdlarında keçirməsi arzulanır.

Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da müqəddəs Qurban bayramı böyük ruh yüksəkliyi ilə qeyd olunub. Rayonda Qurban bayramı münasibətilə bayram namazı qılınıb, xütbələr oxunub, xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənib, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunub.

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər və kəndlərində yaşayan şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə, aztəminatlı ailələrə, ümumilikdə 1300-ə yaxın ailəyə qurban payları verilib. Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən də 371 ünvanlı sosial yardım alan ailəyə bayram sovqatı paylanılıb.

Rayon rəhbərliyinin tapşırığına əsasən bu bayram günündə ömrünün ahıl çağlarını yaşayan uzunömürlü insanlar da yad edilib. Bayram münasibətilə aparatın məsul işçiləri rayonun Kəmərli, Aşağı Salahı, Daş Salahlı, Çaylı, Aslanbəyli kəndlərində onların evlərində qonaq olub, ən zəngin tarixi köklərə sahib olan Qurban bayramlarını təbrik ediblər. Rayon rəhbərliyinin səmimi salamlarını və bayram təbriklərini çatdırıblar.

GOYEZEN.AZ



Facebook-da paylaş