Qurban bayramı və ya dini qurban
kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram
bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən
başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya
dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam
olmalıdır. Dini
qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan
təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin
(Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini
qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki,
dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq,
xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban
kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb.
Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi
(onların Allaha imanını yoxlamaq üçün) əmr edir. Bu haqda "Quran”da yazılıb.
Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər
oğlu İsmayılı qurban kəsməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa
razılaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir.
Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı” da
deyirlər.
Bu gün xeyirxahlığın, bərabərliyin, fədakarlığın
simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi
İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və
dözümlülüyə dəvət edir. Əsrlər boyu xalqımız Qurban bayramını böyük sevinc və
coşqu hissi ilə qarşılamış, qurban kəsmə mərasimini öz milli adət-ənənəsinə, mənəvi
dəyərinə çevirmişdir. İslam
dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman
ölkələrində təmtəraqla qeyd olunur.
Cəmiyyətimizdə
humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban bayramı Azərbaycan müstəqilliyini bərpa etdikdən
sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan
Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda
da dövlət səviyyəsində bayram edilir. Ümummilli lider Heydər Əliyev 1993-cü
ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında
yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına
tolerant münasibətin vacibliyini vurğulamışdır. Xalqımız ulu öndərin rəhbərliyi
altında daha sıx birləşərək adət-ənənələrinə, dəyərlərinə möhkəm bağlanmış, əldə
etdiyi bir çox demokratik prinsiplərlə yanaşı, müqəddəs bayramlarını da azad şəkildə
keçirmək hüququ qazanmışdır. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı, Prezident İlham Əliyev də son 15 ildə tarixi-mədəni irsin, milli-mənəvi
dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və
yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Dünya müsəlmanlarının mənəvi
birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd
olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurban bayramı
münasibətilə xalqımıza təbrikində deyilir: Tarixən İslama və onun mütərəqqi ənənələrinə
bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam
sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün
dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə
ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı
üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi
ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz
gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik
olmayacaqdır”.
Müqəddəs
Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu
münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində aztəminatlı ailələrə, məcburi
köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə
qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır. Bu əziz gündə şəhidlərimizin ruhları yad edilir,
Allah-Təaladan torpaqlarımızın işğalçılardan təmizlənməsi, qaçqın və məcburi
köçkünlərə isə bu mübarək bayramı doğma yurdlarında keçirməsi arzulanır.
Ölkəmizin
hər yerində olduğu kimi, Qazax rayonunda da müqəddəs Qurban bayramı böyük ruh
yüksəkliyi ilə qeyd olunub. Rayonda Qurban bayramı münasibətilə bayram namazı
qılınıb, xütbələr oxunub, xalqımızın və dövlətimizin əmin-amanlığı və
firavanlığı üçün Allaha dualar səslənib, Vətən uğrunda həyatından keçən şəhidlərimizin
ölməz xatirəsi ehtiramla yad olunub.
Qazax
Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər və kəndlərində yaşayan şəhid
ailələrinə, müharibə veteranlarına, əlillərə, aztəminatlı ailələrə, ümumilikdə
1300-ə yaxın ailəyə qurban payları verilib. Bundan başqa, Heydər Əliyev
Fondu tərəfindən də 371 ünvanlı sosial yardım alan ailəyə bayram sovqatı
paylanılıb.
Rayon
rəhbərliyinin tapşırığına əsasən bu bayram günündə ömrünün ahıl çağlarını
yaşayan uzunömürlü insanlar da yad edilib. Bayram münasibətilə aparatın məsul
işçiləri rayonun Kəmərli, Aşağı Salahı, Daş Salahlı, Çaylı,
Aslanbəyli kəndlərində onların evlərində qonaq olub, ən zəngin
tarixi köklərə sahib olan Qurban bayramlarını təbrik ediblər. Rayon rəhbərliyinin
səmimi salamlarını və bayram təbriklərini çatdırıblar.
GOYEZEN.AZ
Geri qayıt
|