İcra başçısı Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbdə olub
Bu gün birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycanda
təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu
öndər Heydər Əliyevin hər zaman, istər sovet dövründə, istərsə də 1993-cü ildə
ikinci dəfə hakimiyyətə qayıdışından sonra təhsilin inkişafına göstərdiyi xüsusi
diqqət və qayğı bu gün də öz əksini tapmaqdadır. Ümummilli liderin təhsillə
bağlı apardığı islahatlar hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi altında təhsil sahəsində qazanılan
uğurların təməlində keyfiyyətli təhsillə yanaşı, müasir tələblərə cavab verən
yeni məktəb binalarının tikintisi, əsaslı və ya cari təmir olunması da dayanır.
Məhz bu amilin əsas götürülməsinin nəticəsidir ki, qəbul edilən Dövlət
Proqramlarında bu sahəyə xüsusi önəm verilir və 5 illik proqramın icrasında
məktəb tikintisinə geniş yer ayrılır. Təhsilin inkişafına diqqət və qayğı
haqqında danışarkən Heydər Əliyev Fondunun bu istiqamətdə atdığı addımları da qeyd
etməmək mümkün deyil. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təhsilə olan diqqəti və qayğısı bu baxımdan xüsusilə qeyd edilməlidir.
"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi isə fondun və Mehriban
xanımın rəhbərliyi altında təhsilin inkişafına göstərilən münasibətin bariz
nümunəsidir. Sevindirici hal isə odur ki, ölkə başçısının bu
istiqamətdə yürütdüyü siyasət bu gün Qazax rayonunda da uğurla davam etdirilir.
Son illər rayonumuzda yeni məktəblərin tikilməsi, məktəblərdə əsaslı təmir və
yenidənqurma işlərinin aparılması bir daha onu sübut edir ki, təhsil sahəsinə
olan qayğı bütün bölgələrimizdə hiss olunmaqdadır. Ən son bu ilin fevral ayında
964 şagird yerlik Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin
yenidənqurma və əsaslı təmirdən sonra məktəblilərin ixtiyarına verilməsini bu istiqamətdə
görülən işlərə nümunə göstərmək olar. Hər il olduğu kimi, bu il də "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb
binasının əsaslı təmir olunmasının salınması bir daha göstərdi ki, təhsil
sahəsinə olan qayğı bundan sonra da uğurla davam etdiriləcək. Bu gün Qazaxda
həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Xalq yazıçısı İsmayıl
Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı
təmirinə başlanılması, istismara yararsız olması nəzərə alınaraq Heydər Əliyev
Fondu tərəfindən əsaslı təmir olunması təhsil sahəsinə olan qayğının
göstəricisi olmaqla yanaşı, həm də Xalq yazıçısının 100 illik yubileyi
ərəfəsində qazaxlılara, Qazax ziyalılarına verilən qiymətdir. Qazaxda məktəb tikintisi ilə yanaşı, rayonda
fəaliyyət göstərən məktəblərin cari təmir olunması, məktəblərdə səliqə-sahman
işlərinin aparılması da daim diqqət mərkəzində saxlanılır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov cari təmir işləri aparılan Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbdə olub, görülən işlərlə maraqlanıb. Məktəb binasında, eləcə də
həyətdə səliqə-sahman yaradılmasını, ehtiyac olan hissələrdə rənglənmə
işlərinin aparılmasını qeyd edib. Görülməsi nəzərdə tutulan işlərlə bağlı
aidiyyəti üzrə tapşırıq verib. Məktəbin direktoru Bəsdi Ələkbərova təhsil sahəsinə
dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə başçısına rəhbərlik
etdiyi kollektiv adından minnətdarlığını bildirib. Hər zaman təhsil sahəsinə
xüsusi qayğı ilə yanaşdığına, bu sahədə çalışan insanlara olan səmimi
münasibətinə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. GOYEZEN.AZ
Facebook-da paylaş