Qazaxda Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub
Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının
yaradılmasının 100-cü ildönümü tamam olur. Bu
əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin
olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat
xidmətinin yaradılması ilə bağlıdır. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən artıq
22 ildir ki, martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının
əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur. Respublikamızın hər yerində
olduğu kimi, Dövlət Təhlükəsizlik Xidməti Qazax rayon şöbəsinin əməkdaşları da peşə bayramlarını qeyd
ediblər. Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətiləQazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra başçısı
Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, DTX-nin Qazax rayon
şöbəsinin əməkdaşları, RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri, məktəb
direktorları, ziyalılar və KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları
əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül
dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər
Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyəti, xüsusilə də Azərbaycanın milli
təhlükəsizlik orqanlarının formalaşmasında göstərdiyi misilsiz xidmətləri ilə
tanış olublar. Azərbaycanın qurucusu və memarı olan ümummilli liderin dövlət,
xalq qarşısında görüdüyü işlərə, həyata keçirdiyi layihələrə bir daha nəzər
salıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi, Azərbaycanın
Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev başda olmaqla xidmətin əməkdaşlarını,
eləcə də Qazax rayon şöbəsinin kollektivini Azərbaycanın dövlət
təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə səmimi
qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı qeyd edib ki, tarixən çətin, keşməkeşli, eyni zamanda, şərəfli bir yol keçmiş Azərbaycan
təhlükəsizlik orqanlarının yaranmasından 100 il keçir. Bu gün Dövlət Təhlükəsizliyi
Xidməti milli maraqlarımızın və təhlükəsizliyimizin etibarlı təminatı istiqamətində
həyata keçirdiyi uğurlu fəaliyyəti ilə tarixinin şərəfli səhifələrini yazır,
dövlətin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir. "Təhlükəsizlik
orqanlarının fəaliyyətinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı
ilə bağlıdır”, - deyən rayon rəhbəri qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi
tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail
olmasıdır. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının
fəaliyyətinə qayğı ilə yanaşıb. Təhlükəsizlik orqanlarının maddi-texniki
təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə
yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində
saxlanılıb. İcra
başçısı bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində
daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidməti hazırda inkişafının keyfiyyətcə
yeni mərhələsinə qədəm qoyub. Dövlət Təhlükəsizliyi Xidməti müstəqil Azərbaycan
dövlətinin milli maraqlarının, təhlükəsizliyinin, vətəndaşların hüquq və
azadlıqlarının qorunması sahəsində üzərinə düşən məsul vəzifələri yüksək
səviyyədə, şərəflə və vicdanla yerinə yetirir. Rayon rəhbəri qeyd edib ki, bu
gün ölkəmizdə elə bir sahə tapılmaz ki, orada olan inkişaf nəzərə çarpmasın.
İqtisadiyyat, kənd təsərrüfatı, sənaye, idman, təhsil, səhiyyə, mədəniyyət,
ordu quruculuğu və bir çox sahələrdə əldə olunan nailiyyətlər müstəqil Azərbaycanın
güclü dövlət olmasından xəbər verir. Vurğulayıb ki, bütün sahələrlə yanaşı, ölkəmizdə milli təhlükəsizliyin bərqərar
olması üçün də məqsədyönlü işlər görülür. "Bu gün düşmənlə 168 km sərhəddi olan
Qazax rayonu eyni zamanda beynəlxalq respublika ilə də qonşudur”, - deyən icra
başçısı rayonumuzda milli təhlükəsizliyimizin təmin olunması sahəsində dövlət
xidməti, eləcə də DTX-nin Qazax rayon şöbəsinin əməkdaşları tərəfindən görülən
işlərdən, göstərdikləri xidmətlərdən də söz açıb. Yetmiş illik sovet hakimiyyəti dövründə
respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi,
əsasən, mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd
düşüncə tərzinin yayılmasının qarşısını almaq olub. Uzun müddət bu xüsusi xidmət
orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib. Yalnız gənc
yaşlarından özünün yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı,
fitrətən kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan ulu öndər
Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifələr
tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının artırılması,
onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyə edilməsi
mümkün olub. Ümummilli lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik
Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının
tarixində tamamilə yeni mərhələ başlandı. Həyatının 25 ilini milli
təhlükəsizlik orqanlarında xidmətə həsr edən ümummilli lider o illər ərzində təhlükəsizlik
sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə siyasətinin əsasını qoydu və bu
məqsədə nail oldu. Ulu öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda
dünya tərəfindən qəbul edilən və əlbəttə ki, təqdir olunan sabitliyin bərqərar
olmasında müstəsna rol oynadı. R.Əliyev qeyd edib ki, bu sahədə ciddi keyfiyyət
dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət
mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin
başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti
yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli
yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatların aparılmasını da
diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi,
Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə
Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət
Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk
növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa,
yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu
təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal
üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və
qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş
imkanlar açıb. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti
ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib, onların tərkibinə
daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli
cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə
ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə
aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması
istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib. Ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək
diqqət və qayğı göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin
suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha
etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin əlamətdar yubiley münasibətilə dövlət təhlükəsizliyi və xarici
kəşfiyyat orqanlarının hərbi qulluqçularının bir qrupunu ali hərbi rütbələr,
orden və medallar, yüksək fəxri adla təltif etməsi təhlükəsizlik orqanları
əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymət olmaqla yanaşı, bu sahədə
çalışan hərbi qulluqçulara ikiqat bayram sevinci yaşatdı. Ulu öndər Heydər Əliyev deyirdi: "Dövlətin
təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini
layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun". Bu
gün əlamətdar yubileyi və peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən
Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları
peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi
xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli
təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının
kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq
terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı
mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik
nümunələri göstərirlər. Qazax rayon Prokuroru Əlirza Babayev, Polis
şöbəsinin rəisi Ədalət Əliyev, Bakı Dövlət Universiteti Qazax filialının
direktor müavini Məmməd Yusifov hüquqi və demokratik dövlət quruculuğu
prosesində Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi rolundan danışaraq xidmətin əməkdaşlarını
peşə bayramları münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli işlərində
onlara uğurlar arzulayıblar. Ölkəmizin milli maraqlarının təmin edilməsində
xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzər salan çıxışçılar ölkə prezidenti
İlham Əliyevin bu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi və
müasirləşdirilməsi, əməkdaşların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı
verdiyi Sərəncamların nəticələrini diqqətə çatdırıblar. Sonda Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin
bir qrup əməkdaşına Qazax Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı təqdim
olunub. Fəxri fərmanla təltif olunan əməkdaşlar onların əməyinə verilən qiymətə
görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bundan sonra da müstəqil
Azərbaycanın inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov tədbirə yekun vuraraq Təhlükəsizlik Xidməti rayon şöbəsinin əməkdaşlarını
peşə bayramları münasibətilə bir daha təbrik edib, gələcək fəaliyyətlərində
uğurlar arzulayıb. GOYEZEN.AZ
DTX Qazax rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rəşad
Əliyev çıxış
edərək əlamətdar gün münasibətilə xidmətin, eləcə də şöbənin əməkdaşlarını təbrik
edib, səmimi arzularını çatdırıb. Ölkəmizdə milli təhlükəsizlik
orqanının yaranma tarixi haqqında ətraflı məlumat verərək bildirib ki, bu tarix
1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy
Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və
əks-kəşfiyyat bölməsinin (kvartirmeyster) təşkil olunması ilə başlayıb. Qurumun
ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin
edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir
müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib,
sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.
Facebook-da paylaş