• Təqvim

  • Maraq



Qazaxla tanışlıq məktəblilərdə xoş təəssürat yaradıb

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Ağstafa-Qazax marşrutu üzrə ekskursiyaya çıxan Füzuli, İmişli, İsmayıllı, Oğuz, Qəbələ, ŞamaxıŞəki məktəbliləri martın 25-də Qazax rayonu ilə tanış olublar. Respublikamızın qərb bölgəsi üzrə təşkil olunan bu tur-aksiyada 7 şəhər və rayon üzrə 315 nəfər məktəbli iştirak edib.


Tur–aksiya iştirakçılarını şəhərin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və aparatın məsul işçiləri, rayon Təhsil şöbəsinin əməkdaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar.


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tur-aksiya iştirakçılarını salamlayıb, məktəblilərə xoş səfər təəssüratları arzulayıb. Qeyd edib ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Birinci müavin ölkəmizdə həyata keçirilən və hər kəs tərəfindən böyük rəğbətlə qarşılanan tur-aksiyanın təşkilinə görə bütün rayon ictimaiyyəti adından ölkə başçısına minnətdarlığını bildirib.  

Sonra Qazax Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, rayon Təhsil şöbəsinin müdir müavini Rasim Carçıyev, metodkabinetin müdiri Məhəmməd Cəfərov, aparıcı məsləhətçi Əziz Məmmədov, Bakı Dövlət Universiteti Qazax filialının tarix müəllimi Mübariz Süleymanov, şəhər 1 saylı tam orta məktəbin Əməkdar tarix müəllimi Mustafa Mirzəyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirovun bələdçiliyi ilə Qazax rayonu ilə tanışlıq olub.  

Bildirilib ki, Qazax Azərbaycanın qərbində şəhər və inzibati rayondur, Azərbaycanın "Qərb qapısı”dır. Şimal–şərqdən Gürcüstanla 9 km, şərqdən və şimaldan Ağstafa rayonu ilə, cənub və cənub–qərbdən Ermənistanla 168 km həmsərhəddir. Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Vaxtilə vilayət, sultanlıq, sonra isə qəza mərkəzi olmuşdur. Hazırda rayon mərkəzidir. Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlığın hakimləri sultan titulu daşıyır və irsi hakimiyyətə malik idilər. Hətta I Şah Abbasın fərmanı ilə 1605-ci ildə Şəmsəddin sultana xan rütbəsi verilmişdir. XVIII əsrin əvvəllərində Osmanlılar Qazaxı aldıqdan sonra Qazaxda inzibati ərazi bölgüsü aparılmışdır. Qazax sancaqlıq elan edilərək 4 nahiyəyə bölünmüşdür. Bunlar Ağtala, İncə, Türk və Cuvar nahiyələri idi. Qazax sancaqlığında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır. 1752-ci ildə Qazax sultanlığı Şəki xanlığına birləşdirilmişdir. 1819-cu ildə Qazax sultanlığı ləğv edilərək Qazax distansiyası yaradılmışdır. 1867-ci ilin dekabr ayında Yelizavetpol quberniyasının tərkibində Qazax qəzası yaradılmış, ərazisi 5908,24 kv.km, əhalisi 1911-ci ilin məlumatına görə 130 min nəfər olmuşdur. 1929-cu ildə Qazax qəzası ləğv edilmişdir. 1930-cu ilin avqust ayında Qazax rayonu yaradılmışdır. 
Mərhum akademiklər Z.M.Bünyadovun və V.F.Minorskinin  rəylərinə əsasən Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərzban İbn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yaşayış məntəqəsinin 1270 il əvvəl də şəhər kimi mövcudluğu barədə IX-X əsr qaynaqlarında məlumatlar vardır.
Qeyd olunub ki, coğrafi mövqeyinə görə Qazax rayonu respublikanın qərb hissəsində, kiçik Qafqazın dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan geniş Gəncə-Qazax düzənliyinin qərb hissəsində yerləşir. Ən hündür yüksəkliyi "Odun” dağıdır (1316 metr). Təbiəti əsasən düzənlikdir, cənub hissəsi alçaq dağlıqdır. Dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşir. Şimalında Tuqay meşələri və Ceyrançöl qışlaqları yerləşir. Məşhur "Göyəzən”, "Avey” dağları, "Damcılı” bulağı bu rayonun ərazisindədir. Göyəzən dağı öz gözəlliyinə görə  Amerika qitəsində yerləşən "Mon-Pele” dağından sonra dünyada ikinci yerdədir. Qazax rayonu ərazisindən 5 ədəd çay keçir. Bunlar Kür, Ağstafaçay, İncəsu, Ehram və Coğaz çaylarıdır.İqlimi mülayim qış və isti yay, orta temperatur yanvarda 0, - 5 dərəcə selsi, iyunda 18-25 dərəcə selsi. Qış quraq keçir. İllik yağıntının miqdarı 350-700 mm-dir. Rayon əhalisinin ümumi sayı 97628 nəfərdir (01.01.2019-cu il tarixə). Əhalinin 21902 nəfəri şəhərdə, 75726 nəfəri isə kəndlərdə yaşayırlar. Rayon üzrə əhalinin sıxlığı (nəfər/1 kv.km) 141 nəfər düşür.  Yaşı 100-dən çox olan Qazax  sakinlərinin sayı 8 nəfərdir. Əhalinin  97179 nəfəri azərbaycanlılar,  192  nəfəri türklər,  105 nəfəri kürdlər, 48 nəfəri ruslar,  4 nəfər ermənilər,  34 nəfəri isə digər millətlərin nümayəndələri təşkil edir.

Məktəblilərin diqqətinə çatdırılıb ki, torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı Qazax rayonu 285 nəfər şəhid verib ki, onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qeyd olunub ki, bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır.

Tur-aksiya iştirakçıları şəhərlə tanışlığa ulu öndərin adını daşıyan Heydər Əliyev parkından başlayıblar. Bildirilib ki, park 1998-ci ildə ulu öndərin anadan olmasının 75-ci ildönümü ilə əlaqədar Qazax şəhərində, Ağstafa çayının sağ sahilində salınmışdır. 2005-ci ildə ulu öndərin anadan olmasının 82-ci ildönümü münasibətilə park tam şəkildə yenidən qurulmuş, sahəsi genişləndirilərək 9 hektara çatdırılmış, orada ulu öndərin postamentlə birgə 7,5 metr hündürlüyündə qranit abidəsi qoyulmuş, parkın ərazisində 4,5 hektar sahəni əhatə edən süni göl yaradılmışdır. 2005-ci ilin may ayında ulu öndərin doğum günündə parkın təntənəli açılışı olmuşdur. 2013-cü ildə H.Əliyev adına parkın 2 hektar sahəsi yenidən qurulmuş və parkın ərazisində yerləşən 1 hektar sahəsi olan ikinci pillə süni göl yaradılmışdır. Ölkə başçısı İlham Əliyev Qazax rayonuna səfərləri zamanı parkda ulu öndərin abidəsini ziyarət etmiş, 11 oktyabr 2005-ci və 5 iyul 2013-cü ildə isə səfər çərçivəsində Heydər Əliyev parkına baxış keçirmişdir.

Sonra Heydər Əliyev Mərkəzində olan məktəblilər burada ümummilli liderin həyatının, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən foto və sənədlərə baxıb, mərkəzin fəaliyyəti ilə tanış olublar. Tur iştirakçılarının diqqətinə çatdırılıb ki, Heydər Əliyev Mərkəzinin açılışı 24 sentyabr 2008-ci ildə olmuş və həmin ildən fəaliyyətə başlamışdır. Ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi və təbliği ilə məşğul olan bu mərkəzin açılışını şəxsən Prezident İlham Əliyev etmişdir. 2 mərtəbədən ibarət mərkəzin birinci mərtəbəsi muzey funksiyası daşıyır. 167-si ekspozisiya zalında sərgilənməklə muzeydə Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən bəhs edən 549 eksponat və ulu öndərin Qazaxa səfərini əks etdirən 2 xüsusi stend vardır. Muzeydən əlavə birinci mərtəbədə əsas fondu 5000 kitabdan ibarət kitabxana, internetə birbaşa çıxışı olan elektron kitabxana, içərisində Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən 16 video və 71 şəkildən ibarət UBİQ VİNDOV - məsafədən əllə idarə olunan foto albom da vardır. Birinci mərtəbə təkcə muzey funksiyası ilə bitmir. Burada kompyuter kursu, toxuculuq və dekorativ tətbiqi sənət dərnəyi, rəsm dərnəyi, izahlı astronomiya kursu və s. vardır ki, gənclər və yeniyetmələr asudə vaxtlarını səmərəli keçirmək üçün ödənişsiz olaraq kompyuter biliklərinə yiyələnir, Azərbaycanın qədim və milli incəsənət növlərinin sirlərini öyrənərək gözəl əl işləri nümunələri yaradırlar. Bu əl işləri isə respublika və rayon səviyyəli sərgilərdə dəfələrlə müxtəlif nominasiyalarda müxtəlif yerlərə layiq görülərək fəxri diplomlarla təltif olunurlar. İkinci mərtəbə planetariumdur. Planetarium göy cisimlərinin hərəkətini göstərən qurğudur. Burada uşaqlara kainat haqqında maraqlı filmlər göstərməklə yanaşı onlara həm də Astronomiya dərsləri də keçirilir.

Gənclər Mərkəzində olan uşaqlara məlumat verilib ki, Mərkəzin tikintisinə 2012-ci ilin yanvarında başlanılmış, apreldə sona çatdırılmışdır. Ölkə başçısı İlham Əliyev aprelin 12-də Mərkəzin açılışında iştirak etmişdir. Mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 1160 kvadratmetrdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Burada, həmçinin ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Bütün lazımi avadanlıqla təchiz edilən konfrans zalında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi və 3D formatlı filmlərin nümayişi nəzərdə tutulmuşdur. Mərkəzdə yaradılan rəsm qalereyasında gənc rəssamların sərgiləri təşkil olunacaqdır. Bildirilib ki, Mərkəzin binasının ikinci mərtəbəsində fəaliyyət göstərən elektron kitabxananın fondunda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilən, eləcə də uşaqlar üçün və digər sahələrə dair kitablar yer almışdır. Kompyuter otağında sürətli internetə qoşulmuş 9 kompyuter vardır. Burada kompyuter bilikləri, o cümlədən xalçaçılıq və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Mərkəzdəki kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Buradakı linqafon otağında isə gənclər üçün xarici dil kurslarının təşkili nəzərdə tutulmuşdur. Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır.

Göyəzən dağına gəzinti də tur iştirakçıları üçün yaddaqalan olub və Göyəzən dağına baxış şagirdlərdə xoş təəssürat yaradıb. Məktəblilərə Göyəzən dağı haqqında geniş məlumat verilərək bildirilib ki, "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ərazisində yerləşən Göyəzən dağı Abbasbəyli kəndində yerləşir. Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağdır. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Heç bir dağa söykənməyən bu əzəmətli vulkanik mənşəli dağın hündürlüyü dəniz səviyyəsindən 800 metrdən çoxdur. Qəribə bir görünüşə malik olan vulkanik sütunun hündürlüyü isə əvvəllər 500 metrə yaxın olsa da, zaman keçdikcə təbii aşınmalar nəticəsində 250 metr olmuşdur. Göyəzən dağının zirvəsi dik deyil, meydança şəklindədir. Bu meydançada uçub-dağılmış hansısa bir tikili qalıqlarının bünövrəsi vardır. Zirvədən 5 metr aşağıda dağın zirvəsini yarımqurşaq şəklində sarmış, əl ilə bu şəkilə salındığı ehtimal olunan başqa bir meydançada var ki, burada azı 500 adam ayaq üstə dura bilər. Bu dağa çıxmaq nə qədər çətindirsə, enmək ondan da çətindir.

Arxeoloqlar topladıqları yerüstü materiallara istinadən bildirirlər ki, bu dağ və gövdəsindəki mağara və sığınacaqlar əvvəlcə ilk insanların məskəni olub. Amma dağın ətəyindəki bu istehkam qalasının qalıqları, bürclər çox sonrakı çağlarda salınmışdır. IX-XII yüzilliklərə aid edilən bu tikili qalıqları öz möhtəşəmliyi ilə buranın bir qala-şəhər olduğunu söyləməyə imkan verir. Dağdan bir qədər kənarda üstü naxışlı, üzərində yazı olmayan qəbir daşı, onun ətrafında olan sinə daşları və ərazinin görünüşü burada vaxtilə böyük bir qəbiristanlığın olduğunu söyləyir. Bu qəbir daşının dövrünü, mənsubiyyətini müəyyənləşdirmək üçün "Avey” qoruğu tərəfindən AMEA-nın Memarlıq və İncəsənət İnstitutundan mütəxəssislər dəvət edilmiş və yazılı şəkildə rəy  alınmışdır ki, bu rəyə əsasən üzərində xaç və ornamentlər həkk olunmuş məzar daşı Qafqaz Albaniyası dövrünə aiddir. Xaçın qollarındakı üçləçək "Humay” ilahəsinə aid olmaqla Oğuz türklərinə mənsubdur. Məzar daşları XII-XV əsrlərə aid edilir. Nəticədə belə qənaətə gəlinmişdir ki, "Göyəzən” filialının ərazisi qədim yaşayış məskəni olmuşdur. Ərazidə tapılan və verilən mütəxəssis rəyləri ilə də qədim Alban abidəsi olduğunu sübut edən bu qəbir daşını aşınmalardan, kənar təsirlərdən qorumaq məqsədilə abidənin üzəri şəffaf materialla örtülmüş, ətrafı dəmir hasarla hasarlanmışdır. Daş Salahlı kəndində Avey dağının cənub zirvəsində yerləşir. Ərsəyə gəlmə tarixi VII əsrə aid edilir. Tavanlarının biri tağvari biri isə künbəzvari formalı iki otaqdan ibarətdir. Binanın divarları və dam örtüyü Aveyin öz daşı və əhənglə işlənmişdir. Girəcəyinin baş hissəsində Alban dilində yazılmış kitabəsi olub. Özlərinin bayram günlərində buraya gəlib tədbirlər keçirən ermənilər həmin kitabəni məhv edib yerinə özlərinə məxsus yazılı daş qoyublarmış. Məbəd ölkə əhəmiyyətli tarixi memarlıq abidəsi kimi dövlət mühafizəsindədir.Beləliklə, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşən Göyəzən dağı Qazaxın rəmzi sayılır.

Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq da məktəblilərdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Qazax rayonu ərazisində 3 dünya əhəmiyyətli abidə var ki, onlardan biri ən qədim dövrü əhatə edəni məhz Damcılı mağara düşərgəsidir.  Damcılı mağara düşərgəsi Avey dağının cənub-şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrünə aiddir. Bu mağara yarımdairəvi şəkildədir, qabaq hissəsi açıqdır. Əhəng qayalığının altındadır. Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır. Bu ərazidə ilk dəfə 1953-1957–ci illərdə arxeoloq M.M.Hüseynovun tərəfindən  arxeoloji qazıntılar aparılmış, Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar edilmiş, iki minə yaxın alət tapılmışdır. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai fəaliyyətlə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdilər. Bu mağara qədim insanların yaşayış məskəni olub. Burada aparılmış tədqiqat işləri zamanı daş dövrü adamlarının müxtəlif cinsli daşlardan alətləri və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları, ocaq külləri, kömür qırıntıları aşkar edilmişdir. Bu tapıntılar Damcılı mağarasında təxminən 80-100 min il bundan əvvəl neandertal tipli ibtidai adamların burada məskən saldıqlarını sübüt edən əyani dəlillərdir. Eyni zamanda, mağarada əldə edilən əmək alətləri öz forma və hazırlanma texnikasına görə aşağı paleolitə (mustye), yuxarı paleolitə və neolitə aid edilir. Bu əmək alətləri - itiuclu  alətlər, qaşovlar, qəlpələr, kəsərlər, bizlər, gəzli və uclu qaşovlar və s. Tapılan alətlərin müxtəlif dövrlərə aid olması göstərir ki, burada uzun müddət arası kəsilmədən yaşayış məskəni olmuşdur. 2015-ci ilin yayında Yaponiyanın Tokio Unversitetinin Unversitet Muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu arasında beynəlxalq memorandum imzalanmışdır. Bu memorandum qoruqlar arasında ilk dəfə məhz bizim qoruqla bağlanmışdır. Yaponiyalı mütəxəssislər beş il ərzində bu ərazilərdə arxeoloji tədqiqat işləri aparacaq və bu qazıntılar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələri bu ərazidə açıq səma altında təşkil edilmiş muzeydə nümayiş olunacaqdır.

Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğun Poeziya evinə baxış zamanı aksiya iştirakçıları dahi şairin əziz xatirəsini böyük ehtiramla yad ediblər. İştirakçılara məlumat verilib ki, ulu öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur "Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib.

Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Ölkə Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı.

Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunmuşdur. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə etmişdir. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olub, söz-sənət vurğunlarının daimi görüş yerinə çevrilib. Burada Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də ulu öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillər də yer alıb. Ölkə başçısı 2011-ci ildə fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında da iştirak edib. Qeyd olunub ki, Poeziya evi 1 foyedən 4 zaldan ibarətdir. 1-ci zal qiraət zalıdır. Burada şairin oturmuş halda heykəli, yaşadığı evin maketi, divarda müxtəlif şair və yazıçıların yağlı boya ilə çəkilmiş portretləri, qiraət üçün lazım olan kitablar, kompyuterlər, film nümayiş etdirmək üçün monitor yerləşdirilmişdir. Foyedə şairin portreti, ulu öndərin şair haqqında dediyi sözlər, şairin ailəsinə məxsus xalça, saz, royal və qonaqların rəy yazmaları üçün masa yerləşir. 2-ci zalda divar boyu stendlərdə Səməd Vurğunun müxtəlif illərdə çəkdirdiyi şəkillər, qarşı stenddə şairin köynəyi, patrondaşı,  ov əşyası, yazı priboru yerləşdirilib. Sağ tərəfdəki stendlərdə Səməd Vurğunun böyük oğlu, Xalq yazıçısı Yusif Səmədoğlunun şəxsi əşyaları (qalstuku, qəlyanı, tütünü, alışqanı, müşdüyü, əlyazmalarının surəti) və kiçik oğlu, Xalq şairi Vaqif Səmədoğlunun şəxsi əşyaları  (qalstuku, şərfi, qəlyanı, alışqanı, siqareti, zaponkaları, eynəyi, yazı makinası, əlyazmalarının surəti, qələmi, radioqəbuledicisi) yerləşdirilib. Divarlarda Səməd Vurğunun tumdan, buğdadan  və düyüdən hazırlanmış portreti, Yusif Səmədoğlunun taxta üzərində, Vaqif Səmədoğlunun yağlı boya ilə çəkilmiş portretləri və Vəkiloğullarının şəcərəsi asılıb. 3-cü zalda şairin müxtəlif illərdə keçirilmiş yubileylərini əks etdirən foto şəkillər, ölüm maskas, dramlarından illüstrasiyalar, müxtəlif şair və yazıçıların Poeziya evinə hədiyyə etdikləri kitablar yerləşir. 4-cü zalda Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin və mütəfəkkirlərin Səməd Vurğun haqqında dedikləri sözlər, şair kitabları və şairin  şeirlərindən parçalar yerləşdirilmişdir. Məktəblilərə məlumat verilib ki, ötən il də rayon rəhbərliyi tərəfindən Poeziya evində əsaslı təmir işləri aparılıb və dahi şairin adına layiq görkəmə salınıb.

Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeylə tanışlıq zamanı bildirilib ki, Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib.

Məlumat verilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Binanın tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur.Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var.

Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb. Muzeyin binası müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edilib.

Şagirdlərin Qazax rayonu ilə tanışlığı zəngin təəssüratlarla başa çatıb.

 Heydər Əliyev Mərkəzi ilə tanışlıq





Gənclər Mərkəzi ilə tanışlıq










Göyəzən dağı ilə tanışlıq




Damcılı mağarası ilə tanışlıq










Xalq şairi Səməd Vurğunun Poeziya Evi ilə tanışlıq









Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq






GOYEZEN.AZ


Facebook-da paylaş