“Biz Sizdən çox razıyıq”
Quşçu Ayrım kəndində keçirilən hesabat yığıncağında
bu fikir səslənib Qazax Rayon İcra Hakimiyyəti başçısının Quşçu Ayrım kənd İnzibati Ərazi
Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildə gördüyü işlər və 2019-cu ildə qarşıda
duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, idarə,
müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri
iştirak ediblər. Hər görüşdə olduğu kimi, bu dəfə də kənd sakinləri rayon rəhbərliyini
böyük sevinc hissi və səmimiyyətlə qarşılayıblar. Hesabat yığıncağının keçirilməsi üçün sədr və katib seçildikdən sonra
gündəlikdə duran məsələlər barədə kənd sakinlərinə məlumat verilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat
yığıncağını giriş sözü ilə açaraq kənd sakinlərini salamlayıb, yeni ildə yeni-yeni
uğurlar arzulayıb. Sonra icra başçısı 2018-ci ildə rayonumuzda görülmüş işlərdən,
həyata keçirilən məqsədyönlü layihələrdən söz açaraq qeyd edib ki, yola
saldığımız 2018-ci il tikinti-quruculuq, kənd təsərrüfatı, eləcə də təhsil, səhiyyə,
mədəniyyət, idman və digər sahələrdə olduqca uğurlu bir il olub. Ötən il sərhəddə yaşayan sakinlərlə on dəfə görüş keçirdiyini qeyd edən
rayon rəhbəri bildirib ki, hər görüşdə çalışdıq ki, siz sakinləri narahat edən
məsələləri öz dilinizdən eşidək, həlli mümkün olan nə məsələ varsa, onu aradan
qaldıraq. Ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilini
rayonumuzda olduğu kimi həyata keçirək. Məqsədimiz isə bir amala xidmət edir
ki, o da vətəndaşların, xüsusilə də sərhəddə yaşayan siz sakinlərin rahatlığını,
təhlükəsizliyini, məmnunluğunu təmin etməkdir. 2018-ci ildə aparılan quruculuq işlərindən söz açan rayon rəhbəri ”Azərxalça”
ASC tərəfindən tikilən xalça müəssəsini, ”Mətanət A” şirkəti tərəfindən inşa
edilmiş Əhəng zavodunu, hazırda son tamamlanma işləri aparılan İkinci Şıxlı kəndində
"İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkı, "Gedik Carçı
Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod
Zavodunu, 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisini ötən ilin
uğuru kimi qiymətləndirib. Bağçalarda aparılan əsaslı yenidənqurma işlərindən danışan icra başçısı
yola saldığımız 2018-ci ilin bu sahədə əlamətdar olduğunu qeyd edib. Qazax
rayonu üzrə olan 25 bağçadan 18-də müasir standartlara cavab verən şəraitin yaradılmasını
və körpə fidanların istifadəsinə verilməsini yüksək dəyərləndirib. Qeyd edib
ki, ötən il bir neçə bağça əsaslı şəkildə təmir olundu ki, onlardan biri də
Quşçu Ayrım kənd uşaq bağçasıdır. Bağçalarla bağlı görülən işlərin bu il də
uğurla davam etdiriləcəyini vurğulayan rayon rəhbəri daha 7 bağçada əsaslı
şəkildə yenidənqurma işlərinin aparılmasının nəzərdə tutulduğunu qeyd edib. Rayon rəhbəri bildirib ki, yola saldığımız 2018-ci il əhalinin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə də
yadda qalıb. Son iki il yarımda rayonda olan 163 ədəd çoxmənzilli yaşayış
binasından artıq 129-nun təmir olunması və sakinlərin istifadəsinə
verilməsi, bundan əlavə, rayonda sakinlərin istəyini nəzərə alaraq
çoxmənzilli binaların həyətlərində xeyir-şər evlərinin tikilməsi bunun bariz
nümunəsidir. Rayon rəhbəri həmin işlərin uğurla davam etdirildiyini və şəhərdə
daha 4 binanın təmirinə başlanıldığını diqqətə çatdırıb. Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən
danışan rayon rəhbəri həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib.
Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin,
Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini,
"Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını
göstərib. İcra başçısı ötən il olduğu kimi, bu il də kənd sakinlərinin istər
təsərrüfatda, istərsə də tikinti-abadlıq işləri ilə təmin olunması sahəsində
məqsədyönlü işlər görüləcəyini bildirib. Hesabat ilində Quşçu Ayrım və Məzəm kəndlərində də müvafiq işlərin
görüldüyünü bildirən icra başçısı kənd sakinləri tərəfindən qaldırılan bütün məsələlərə
həmişə diqqətlə yanaşıldığını, kənddə mövcud olan problemlərin zaman-zaman öz həllini
tapdığını qeyd edib. Bildirib ki, bu gün sərhəd kəndləri fasiləsiz enerji, qaz
ilə tam təmin olunur. Kəndin sərhəddə yerləşməsi nəzərə
alınaraq əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin
qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkilib.
Bundan əlavə, vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m
uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub. Rayon rəhbəri vurğulayıb ki, bu gün rayonda bir neçə kəndin su
problemi var ki, həmin kəndlərdən ikisi də Məzəm və Quşçu Ayrım kəndləridir. Bu
məsələnin də öz həllini tapması üçün lazımi işlərin görülməsi nəzərdə tutulub.
Bundan əlavə, kənddə dam örtüyünün dəyişdirilməsinə ehtiyac olan evlər vardır
ki, sizlər tərəfindən hər dəfə bu məsələ qaldırılıb. Bu il qeyd olunan həmin məsələ
də öz müsbət həllini tapacaqdır. Sərhəddə
yaşayan sakinlərlə yanaşı, məcburi köçkün ailələrinə göstərilən dövlət
qayğısından söz açan icra başçısı Rəcəb Babaşov qeyd edib ki, Qazaxbəyli kəndində
salınmış yeni qəsəbə, əlavə olaraq 300-ə yaxın ailənin məskunlaşacağı yeni 8
binanın tikilməsi də dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən
diqqət və qayğının əyani sübutudur. Eyni zamanda, əlavə olaraq məktəb, bağça,
dükan, bərbər və bir sıra infrastrukturlar yaradılacaq ki, bu, əlavə iş yerlərinin
olması deməkdir. Quşçu Ayrım kənd İƏD-si üzrə nümayəndə Yusif Nəbiyev hesabat məruzəsi
ilə çıxış edərək 2018-ci ildə nümayəndəlik tərəfindən görülən işlərdən və 2019-cu
ildə qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov rayonumuza rəhbər təyin edildikdən sonra rayonmuzun siması
əsaslı şəkildə dəyişmiş, böyük abadlıq, quruculuq işləri görülmüş və bu proses artan
sürətlə davam etməkdədir. Qeyd edib ki, rayon rəhbəri fəaliyyətə başladığı ilk
gündən sərhəddə yerləşən Quşçu Ayrım və Məzəm kəndlərinə dəfələrlə gəlmiş, əhali
ilə görüşmüş, əhalinin sosial problemləri ilə yerində tanış olmuş və bu problemlərin
həll edilməsi ilə bağlı öz göstərişlərini vermişdir. İcra başçısı hər bir kənd sakinini
fərdi dinləmiş, kənd sakinlərinin problemləri yerindəcə həll edilmişdir. Bildirib ki, nümayəndəlik özündə iki kəndi - Quşçu Ayrım və Məzəm kəndlərini
birləşdirir. Quşçu Ayrım kəndində 324 ailə, 1169 nəfər, Məzəm kəndində isə 126
ailə, 405 nəfər, cəmi nümayəndəlik üzrə 450 ailə, 1574 nəfər əhali
qeydiyyatdadır. Nümayəndəliyin ərazisi 11,5 kv.km-dir. Nümayəndəlik üzrə 1 nəfər
Milli Qəhrəman və 24 nəfər şəhid var. Bundan əlavə, nümayəndəlikdə 18 şəhid ailəsi,
2 nəfər gözdən əlil, 1 nəfər Çernobıl əlili, 8 nəfər Qarabağ müharibəsi əlili
yaşayır. Quşçu Ayrım kəndində 1 feldşer-mama məntəqəsi, 1 kitabxana, 1 klub, 1
EATS, Quşçu Ayrım və Məzəm kəndlərinə 1 poçt məntəqəsi əhaliyə xidmət göstərir.
Müvafiq olaraq Məzəm kəndində də 1 feldşer-mama məntəqəsi, 1 kitabxana, 1 klub,
1 EATS əhaliyə xidmət göstərir. Quşçu Ayrım kəndində 4 mağaza, 1 çayxana, Məzəm
kəndində 1 köşk əhaliyə iaşə xidməti göstərir. 2018-ci il ərzində Quşçu Ayrım və
Məzəm kəndlərinin marşrutla təminatında heç bir problem olmamışdır. Şəhid ailələrinə rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı
göstərilir. Bu qayğı və diqqətin nəticəsi olaraq şəhid ailələri və gözdən əlil
sakinlərə bayram sovqatları paylanılmış, Qurban bayramı münasibətilə şəhid ailələrinə
Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi təşkil edilmişdir. Hesabat ilində müxtəlif məsələlərlə əlaqədar nümayəndəliyə daxil olan
ərizələrin sayı 5 ədəd təşkil etmişdir. Müvafiq olaraq daxil olan müraciətlərdən
2-si ayrı təsərrüfat olmaq üçün, 3-ü isə digər müraciətlərlə bağlı olmuşdur.
Yazılı müraciətlərlə yanaşı nümayəndəliyə 50 nəfər şifahi müraciət etmişdir.
Onların da müraciətləri müsbət həll edilmişdir. 2018-ci il ərzində nümayəndəliyə digər idarə, müəssisə və təşkilatlardan
32 məktub daxil olmuşdur. Nümayəndəlik tərəfindən isə il ərzində vətəndaşlara, digər
idarə, müəssisə və təşkilatlara 827 arayış və məktublar göndərilmişdir.
Bunlardan 47-si ünvanlı sosial yardım, 780-i isə digər idarə, müəssisə və təşkilatlara
göndərilmişdir. İl ərzində nümayəndəlikdə 13 ölüm, 4 nigah, 23 doğum qeydə
alınmışdır. 2018-ci ildə nümayəndəlik üzrə vətəndaşlara məxsus iribuynuzlu
mal-qaranın sayı 800 baş, xırdabuynuzlu davarların sayı isə 4970 baş təşkil
etmişdir. Keçən illə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 10 baş,
xırdabuynuzlu davarların baş sayı isə 110 baş artmışdır. Quşçu Ayrım və Məzəm kəndlərində 76 nəfər kənd sakininin 1298 arı ailəsinə
identifikasiya nömrələri vurulmuşdur. Hesabat dövründə nümayəndəlik ərazisində 88 hektar buğda əkilmiş,
322,08 ton məhsul götürülmüş, məhsuldarlıq 36,6 sentner olmuşdur. 2019-cu ilin
məhsulu üçün 131 hektar sahədə əkin aparılmış, bundan 88 hektarda buğda, 43
hektarda isə yonca əkilmişdir. Müvafiq olaraq Quşçu Ayrım kəndində 30 nəfər tərəfindən
18 hektar, Məzəm kənd sakinləri tərəfindən 70 hektar sahədə buğda əkilmişdir. 2018-ci ildə 30 nəfərdən artıq Quşçu Ayrım kənd sakini "Birinci Şıxlı
Kəndli Fermer Təsərrüfatı” MMC-də mövsümü, 1 nəfər isə daimi işlə təmin
edilmişdir. Hesabat ilində rayonun digər kəndlərində olduğu kimi, Quşçu Ayrım və Məzəm
kənd qəbiristanlıqlarında və kənd ərazisində mütamadi olaraq iməciliklər keçirilmiş,
səliqə-səhman yaradılmışdır. Quşçu Ayrım kəndi ərazisində olan artezian ilə Məzəm kənd Coğaz su dəryaçasından
gələn su xətti birləşdirilərək, əlavə yeni su nasosu quraşdırılmış və Quşçu
Ayrım kənd əhalisinin istifadəsinə verilmişdir. Sıradan çıxmış su nososu rayon
rəhbərliyi tərəfindən tez bir zamanda təmir edilərək kənd sakinlərinin istifadəsinə
verilmişdir. Quşçu Ayrım kəndində 12 km uzunluğunda məhəlləarası yollara qum-çınqıl
döşənmişdir. Quşçu Ayrım kəndində sıradan çıxmış bir ədəd elektrik transformatoru,
telefon xətləri və dayaqları təmir edilmişdir. Məzəm və Quşçu Ayrım kəndlərində
SİB kabelləşmə işləri tam başa çatmışdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığı ilə
Quşçu Ayrım kənd uşaq bağçası əsaslı surətdə təmir edilmiş və körpələrin istifadəsinə
verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən
"Özünüməşğulluq” Proqramı çərçivəsində Quşçu Ayrım və Məzəm kəndlərində bir neçə
aztəminatlı ailə iribuynuzlu və xırdabuynuzlu davarlarla təmin olunmuşdur. Məzəm kənd sakini, şəhid anası Tamella Süleymanova, Quşçu Ayrım kənd
sakinlərindən - şəhid atası Aslan Pirvəliyev və Abbas Mirzəyev çıxış edərək şəhid
ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova şəhid ailələri adından öz dərin minnətdarlıqlarını
bildiriblər. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda
canından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu qeyd edən
şəhid valideynləri rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə
xüsusi diqqət ayırmasını, onların ailə üzvlərinə daim qayğı ilə yanaşmasını bir
valideyn olaraq yüksək qiymətləndirdiklərini bildiriblər. Son iki il yarımda şəhidlərimizin
uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin,
parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir
edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan
abadlıq işləri və 285 şəhidin adı, şəkli əks olunmuş lövhələrin vurulmasının şəhidlərə
verilən ən böyük qiymət olduğunu qeyd ediblər. Məzəm kənd sakinləri Bəhruz Süleymanov, ağsaqqal Süleyman Süleymanov,
Quşçu Ayrım kənd sakini Nisə Alıyeva, Quşçu Ayrım kənd uşaq bağçasının müdiri
Adilə Quluyeva söz alaraq kənddə görülən işlərdən danışıblar. Qeyd ediblər ki, "Biz Sizdən
çox razıyıq. Bu gün Siz rayon rəhbərinin biz sakinlərə ailə üzvünüz, doğmanız
kimi yanaşmağınız sərhəddə yaşayan sakin olaraq bizi çox sevindirir. Bu gün hər
bir evdə rayon rəhbərliyinə böyük bir inam var. Bu da icra başçısının vətəndaş
amilini ön plana çəkməsindən, sərhəd kəndlərində yaşayan sakinlərə daim diqqət
və qayğı göstərməsindən irəli gəlir”. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat
yığıncağına yekun vuraraq bildirib ki, "Siz çox mərd və dəyərli insanlarsınız.
Ona görə Siz hər cür diqqət və qayğıya layiqsiniz”. GOYEZEN.AZ
Facebook-da paylaş