• Təqvim

  • Maraq



6 saylı körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulur


Son 2 il 4 ay ərzində abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda digər sahələrdə olduğu kimi, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları istiqamətində də məqəsdyönlü işlər görülür. Bu baxımdan uşaq bağçalarının əsaslı şəkildə təmir olunması və yenidən qurulması böyük əhəmiyyət kəsb edir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən çoxsaylı bağçaların təmir olunması üçün verdiyi tapşırıq və tövsiyələr bunun bariz nümunəsidir.

Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazaxda uğurla icra olunur desək yanılmarıq. Çünki rayonda olan tam təmirli bağçalardan Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 1,2, 3, 4, 5 saylı körpələr evi-uşaq bağçaları, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları tikilmiş və əsaslı təmir olunan bağçalar sırasındadır. Bütün uşaq bağçalarında yaradılan yüksək şərait bunu deməyə əsas verir və körpələrə olan qayğının əyani təzahürü kimi qiymətləndirilir.

Bu gün də tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunması, bərpa işləri aparılaraq yenidən qurulması, bağçaların müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu sahənin daim diqqət mərkəzində olmasını bir daha sübut edir.

Ötən yazılarımızda xəbər verdiyimiz kimi, şəhərdə yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Artıq 1 aya yaxındır ki, bununla bağlı bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 6 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə maraqlanıb.

İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, hazırda binada söküntü işləri aparılır. Belə ki, otaqlarda olan köhnə suvaq çapılaraq tökülür və yenisi ilə əvəz olunur. Bundan əlavə, döşəmədə lazım olan hissələrə beton tökülür. Suvaqaltı elektrik xətləri çəkilir. Tavana alçipan vurulması üçün alt hissənin işləri görülür. Lazım olan arakəsmələrdə hörgü işləri həyata keçirilir. Binanın daxili ilə yanaşı, xarici fasadında da suvaq işləri aparılır. Bundan əlavə, binanın dam örtüyünün sökülməsinə və yenidən vurulmasına başlanılıb.

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün bildirək ki, bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir.


























GOYEZEN.AZ


Facebook-da paylaş