İcra başçısı şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müvəqqəti yerləşdiriləcəyi binada olub
Tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda bütün
sahələrlə yanaşı, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə
almaları üçün uşaq bağçalarının əsaslı şəkildə təmir olunmasına da böyük önəm
verilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən
çoxsaylı bağçaların təmir olunması bunun əyani sübutudur.
Bu gün Prezident İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə
bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncama uyğun olaraq rayonda bu
sahədə təqdirəlayiq işlər görülür. Son 2 il 3 ay ərzində Qazaxbəyli kəndi
ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı
Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 100 yerlik 1 saylı
körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının
əsaslı şəkildə təmir olunması, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və
3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq
bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması,
Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının əsaslı təmir
olunması, bu yaxınlarda əsaslı şəkildə yenidən qurularaq körpələrin
istifadəsinə verilən 95 yerlik 3 saylı körpələr evi-uşaq bağçası bunun bariz
nümunəsidir.
Sevindirici hal isə odur ki, Sərəncamdan irəli gələn vəzifələrə uyğun
olaraq rayonda yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə
yenidən qurulması şəhər mərkəzi ilə yanaşı, kəndlərimizdə də uğurla davam
etdirilir.
Tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunması,
bərpa işləri aparılaraq yenidən qurulması, bağçaların müasir inventar və
avadanlıqlarla təchiz edilməsi bu sahənin daim diqqət mərkəzində olması
deməkdir.
Ötən həftə şəhərdə yararsız
vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının təmir
olunması barədə məlumat vermişdik.
Artıq bağça binasının boşaldılmasına və uşaqların başqa ünvanda
yerləşdirilməsinə başlanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov şəhər 6 saylı körpələr evi-uşaq
bağçasının müvəqqəti olaraq yerləşəcəyi binaya gəlib, buradakı şəraitlə tanış
olub. İstər müəllimlərin rahat şəkildə çalışmaları, istərsə də uşaqların yüksək
səviyyədə tərbiyə almaları üçün binada hər cür şəraitin yaradılmasını tapşırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş