• Təqvim

  • Maraq



Uşaqlara qayğı Vətənin gələcəyinə qayğıdır

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən körpə balalara qayğı ilə yanaşır.

Bu gün rayon rəhbərinin şəhər 3 saylı körpələr evi-uşaq bağçasının açılışı zamanı səhnəcik nümayiş etdirən körpə fidanları qəbul etməsi də bu qayğının bariz nümunəsidir.

İcra Hakimiyyətində keçirilən görüşdə bağçanın müəllimləri və uşaqlar iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, bu gün bu gözəl balaları qəbul etməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə seçilən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün körpə balalara daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır. Körpə üzünü güldürmək, uşaq sevincinə şərik olmaq hər birimizin ürəyindən gələn ən təmiz istək olmalıdır. Çünki uşaqlara olan qayğı Vətənin gələcəyinə olan qayğıdır. Bu gün nə qədər yaxşı diqqət ayırsaq, qayğı ilə yanaşsaq gələcəkdə o qədər sağlam nəsil yetişdirmiş olarıq.

İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən bütün uşaqları öz nəvəm qədər sevir və əzizləyirəm. Bağçalara xüsusi diqqət ayırmağımın da əsas məqsədi odur ki, uşaqlar gözəl şəraiti olan bağçalarda tərbiyə olunsunlar. Çünki bizim fidan balalarımız hər şeyin ən yaxşısına layiqdirlər. Bu gün sevindirici haldır ki, biz bu istiqamətdə işlərə başladıq və uğurla da davam etdiririk. Bu yaxınlarda açılışını etdiyimiz 3 saylı bağça da tam müasir tələblərə cavab verən bağçalar səviyyəsindədir. Yaradılan yüksək şərait və təchizat böyük şəhərlərdə olan bağçalardan heç nəyi ilə geri qalmır. Yaxın günlərdə  şəhərdə yerləşən 6 saylı uşaq bağçasında və İkinci Şıxlı kənd 2 saylı uşaq bağçasında da əsaslı təmir işlərinə başlanılacaqdır. Bundan sonra çalışacağıq ki, bu ilin axırına kimi digər bağçalar da əsaslı şəkildə təmir olunsun.

Səmimi söhbət əsasında keçən görüşdə uşaqlardan Sərxan Mustafayev, Banu Alıyeva, Rəna Zeynalova, Aysu Məmmədrzayeva da öz ürək sözlərini bildirib, arzu və istəklərini çatdırıblar. Vətənə, anaya, şəhidlərimizə həsr olunmuş şeirlərini təqdim ediblər.

Bağça müdiri Asya Alhüseynova, tərbiyəçi müəllimlərdən Kəmalə Sanıyeva və Pakizə Sanıyeva çıxış edərək onlar üçün yaradılan yüksək şəraitə və sonsuz qayğıya görə rayon rəhbərliyinə kollektiv adından minnətdarlıqlarını bildiriblər.

Qeyd ediblər ki, bu gün biz Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara olan sonsuz qayğısını siz rayon rəhbərinin timsalında aydın şəkildə görürük və hiss edirik. Sizin uşaqlara olan diqqət və qayğınız, müəllim və tərbiyəçilərə olan hörmətiniz bizdə bir daha böyük məsuliyyət hissi yaradır.Bundan sonra da çalışacağıq ki, bizə göstərilən etimadı daim layiqincə doğruldaq.

Səmimi keçən görüşün sonunda icra başçısı uşaqlara hədiyyə verərək xatirə şəkli çəkdirib.










GOYEZEN.AZ



Facebook-da paylaş