Qazaxlı fermerlər çuğundur istehsalını artırırlar » Göyəzən internet portalı


Qazaxlı fermerlər çuğundur istehsalını artırırlar

Qazaxlı fermerlər çuğundur istehsalını artırırlar
Azərbaycanda aqrar sahənin sürətli inkişafına diqqət artırılmaqla yaxın gələcəkdə ölkə əhalisinin etibarlı ərzaq təminatına zəmin yaradılıb. İqtisadi baxımdan daha səmərəli olan kənd təsərrüfatı bitkiləri istehsalının artırılması isə həm əhalinin gəlirlərinə müsbət təsir göstərir, həm də yeni istehsal sahələrinin yaradılmasına imkan verir. Bu baxımdan iqtisadi cəhətdən səmərəli olan şəkər çuğunduru istehsalının artırılması mühüm əhəmiyyət kəsb edir.

Digər bölgələr kimi, Qazaxda da bu ildən şəkər çuğunduru istehsalına diqqət xeyli artmışdır. Belə ki, rayonun 126 istehsalçısı 523 hektarda çuğundur yetişdirmişdir. Hazırda məhsul yığımı mütəşəkkil davam edir. İndiyədək 250 hektar sahədən 3 min tondan artıq məhsul toplanaraq İmişli Şəkər Zavoduna təhvil verilmişdir.

Şəkər çuğundurunun əkini, demək olar, bütün kəndlərdə aparılıb. Dəmirçilər, Yuxarı və Aşağı Salahlı, Çaylı, Hüseynbəyli, Xanlıqlar, Ağköynək və digər kəndlərdə daha çox şəkər çuğunduru əkilmişdir. Ən çox şəkər çuğunduru əkən təsərrüfatlardan biri Şıxlı kəndli-fermer təsərrüfatıdır. Təsərrüfat 103 hektarda çuğundur yetişdirmişdir. Hazırda əkin sahələrində qızğın iş gedir. Məhsulu yığılmış sahələrdə təkrar əkin aparılması üçün torpağa gübrə verilməklə digər yazlıq əkinlər üçün şum aparılr.

Dəmirçilər kəndinin sakini Gülnaz Mahmudovanın təsərrüfatında çuğundurun çıxarılması müasir texnika ilə həyata keçirilir. Yığılan məhsulun emal zavoduna göndərilməsi üçün istənilən qədər texnika və işçi qüvvəsi var. Gülnaz Mahmudova bu barədə belə dedi: “Baxmayaraq ki, birinci ildir çuğundur əkmişik, məhsuldarlıq çox yaxşıdır. Təsərrüfatımızda 10 işçi çalışır. Məhsul yığımında işçilərin sayı iki dəfəyədək artır. Şəkər çuğundurunun bu qədər gəlirli olduğunu bilsəydim, bu işə keçən ildən başlayardım. Sağlıq olsun, növbəti ildə 40 hektar sahədə şəkər çuğunduru əkməyi qarşımıza məqsəd qoymuşuq”.

Aşağı Salahlı kəndinin sakini Zahid Mirzəyev də şəkər çuğundurunun gəlirindən danışdı. Dedi ki, ilk dəfədir 15 hektarda çuğundur əkib: “Çuğundurun məhsuldarlığı suvarmadan çox asılıdır. Nə qədər çox suvarsan, məhsuldarlıq bir o qədər yüksək olar. Su sarıdan korluğumuz yoxdur. Dörd dəfəyədək suvarma aparmışıq. İlk dəfə əkdiyimiz üçün bəzi çətinliklərimiz də oldu. Lakin rayon icra hakimiyyəti bu çətinliklərin aradan qaldırılmasında bizə kömək etdi. İndi məhsul yığımıdır. Yaxın günlərdə təhvil verdiyimiz məhsulun pulunu alıb işçilərin əməkhaqqını ödəyəcəyik”.

Rayonun Daş Salahlı kəndinin sakini Asif Yusifov bu il 20 hektarda, Ağköynək kəndinin sakini Vəzifə Əsgərova 13 hektar sahədə şəkər çuğunduru yetişdirmişdir. Onların sahələrində də yığım mütəşəkkil gedir. Məhsuldarlıq da fermerləri qane edir və yığılmış məhsulun təhvil verilməsində də heç bir çətinliklə üzləşmirlər.

Sabir ƏLİYEV,
“Azərbaycan” qəzeti
30 noyabr 2017-ci il


Facebook-da paylaş