Qazax tütünçüləri əkin sahələrini 5 dəfə genişləndiriblər » Göyəzən internet portalı


Qazax tütünçüləri əkin sahələrini 5 dəfə genişləndiriblər

Bu il onlar daha çox məhsul götürəcəklər


Qazax tütünçüləri əkin sahələrini 5 dəfə genişləndiriblər
Ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, xüsusilə böyük potensiala malik, strateji əhəmiyyətli, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan tütünçülüyün dircəldilməsi bu gün diqqətdə olan ən vacib məsələlərdəndir.

Məhz bunun nəticəsidir ki, artıq Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Xüsusilə, iqtisadi cəhətdən səmərəli olan tütünçülüyün inkişafı üçün dövlətin göstərdiyi diqqət və qayğı qısa vaxt ərzində bu sahənin sürətli inkişafını təmin etmişdir.

Artıq iki ildir Qazax rayonunda da tütünçülüyün inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bu sahədə uğurlu göstəricilərə nail olunur. Keçən il rayonda 10 hektar tütün əkilmiş, bu sahələrdən 15635 kiloqram məhsul götürülmüşdür. 12 fiziki şəxs tərəfindən yetişdirilən məhsul bağlanmış müqaviləyə uyğun olaraq Şəkidəki “İlham M” Məsul Məsuliyyətli Cəmiyyətə təhvil verilmiş, nəticədə 21440,80 manat vəsait əldə olunmuşdur. Əlavə olaraq təhvil verilmiş tütün məhsulunun hər kiloqramına görə 0,05 manat olmaqla 781,75 manat subsidiya ödənilmişdir. Ümumilikdə tütün istehsalında 50 nəfər işlə təmin olunmuşdur. Məhsulun yetişdirilməsində və yığılaraq satılmasında dövlətin dəstəyini görən fermerlər bu il əkin sahələrini genişləndirərək 50 hektara çatdırmışlar.

Ən böyük tütün sahəsi “I Şıxlı kəndli fermer təsərrüfatı”na məxsusdur. Təsərrüfat Kosalar kəndində 30 hektar tütün əkmişdir. Hazırda sahələrdə məhsul yığımı aparılır.

İstər tütünün əkilməsində və becərilməsində, istərsə də yığılıb qurudulmasında əsasən kənd sakinlərinin qüvvəsindən istifadə edilir. Onlar gündəlik olaraq gördükləri işin müqabilində əməkhaqqı ilə təmin olunurlar.

Kənd sakinləri Kifayət Əliyeva, Minayə Qarayusifova, Ramilə Əliyeva və başqaları söhbət zamanı bu vacib sahənin inkişaf etdirilməsinə görə ölkə rəhbərinə minnətdarlıq etdilər. Uzun illər xırda təsərrüfatçılıqla məşğul olduqlarını dedilər. Ancaq kənddə tütün plantasiyaları salındıqdan sonra özlərinə daimi iş yeri tapıblar. Aldıqları əməkhaqqından da razıdırlar.

Tütün sahələrini gəzdikcə insanların üzündən razılıq ifadəsi oxunur. Hamı tapşırılan işi tez və keyfiyyətlə yerinə yetirmək üçün var qüvvəsi ilə çalışır. Hazırda mövsümi işlərə 90 nəfərədək kənd sakini cəlb edilib. Təsərrüfatda suçu işləyən İlham İsgəndərov deyir ki, o, təkcə suvarma ilə məşğul olmur. İndi tütünün yığımında və sapa düzülüb qurudulması işlərində də çalışır. Gördüyü işin müqabilində əlavə əməkhaqqı alır.

Rayonda tütünçülüyün inkişaf etdirilməsi istiqamətində bir sıra məqsədyönlü işlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu il Kosalar kəndi ilə yanaşı Çaylı, Cəfərli, Alpoud, Aşağı Salahlı, Fərəhli, Daş Salahlı, Hüseynbəyli, Dəmirçilər, Yuxarı Salahlı və digər kəndlərdə də tütünçülük inkişaf etdirilir. Alpoud kəndinin sakini, pay torpağında 2 hektar tütün əkən Polad Ağakişiyev deyir ki, iki ildir tütünçülüklə məşğul olur. Əvvəllər həmin sahələrdə müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul idi. Lakin hər il eyni problemlə üzləşirdi. Yetişdirdiyi məhsulların satılmasında çox əziyyət çəkirdi. Bəzən satılmayan məhsullar xarab olduğundan tullanırdı. Ancaq indi yetişdirilən tütünün alıcısı var. Heç bir problemlə üzləşmədən məhsulu yığır, qurudur, Şəkidəki “İlham M” Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verir və pulunu da vaxtında alır.

Rayonun Cəfərli kəndində olarkən fermer Şahin Mustafayev də tütünçülüyün inkişaf etdirilməsinin fayda gətirdiyini bildirdi. Dedi ki, iqtisadi cəhətdən sərfəli olan tütünçülüyün ölkəmizdə belə sürətli inkişaf etdirilməsi həm əhalinin məşğulluğunun təmin ediməsində, həm də ölkəmizə valyuta gətirilməsində böyük əhəmiyyət daşıyır.

Sabir ƏLİYEV,
“Azərbaycan” qəzeti
28 sentyabr 2017-ci il




Facebook-da paylaş