• Təqvim

  • Maraq



Şuşada yeni həyat başlanır


Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında Pənahəli xan tərəfindən qoyulmuşdur. Bir şəhər kimi formalaşması üç mərhələdən keçərək XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər davam edib. "Qarabağın incisi” adlandırılan əlverişli hərbi-strateji mövqeyə malik idi və yarandığı gündən Qarabağın inzibati–siyasi mərkəzi rolunu oynayıb. Yalnız sovet hakimiyyəti illərində Şuşa Qarabağın inzibati mərkəzi statusundan məhrum edilib. Şəhər 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar vilayətinin tərkibində yaradılmış Şuşa rayonunun mərkəzinə çevrilib. Şuşa şəhərində yaşayan əhalinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edib. Şuşa tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur. Ulu Öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bildirərək deyirdi: "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük tarixi abidədir. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir". Ona görə də Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Ulu Öndər Heydər Əliyevin xüsusi diqqətində olmuş, ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bu şəhərlə bağlı mühüm qərarlar qəbul etmiş, mühüm tədbirlər həyata keçirmişdir. Heydər Əliyev hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl Şuşanın inkişaf etdirilməsinin əhəmiyyəti barədə məsələ qaldırıb, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş, Azərbaycana rəhbər seçildikdən sonra isə Şuşanı abadlaşdırmaq, eyni zamanda tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görüb. 1977-ci ildə onun təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarixi memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etmişdi. Həmçinin Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdı. 1982-ci ildə Şuşaya səfəri zamanı Ulu Öndər M.P.Vaqifin məqbərəsinin, Poeziya evinin açılışında iştirak etmiş, Üzeyir Hacıbəylinin və Bülbülün ev muzeyləri ilə tanış olmuş, azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmaları üçün şəxsi nümunə göstərərək Şuşa məscidinə getmişdir. Şuşada şairə Xurşidbanu Natəvana abidə qoyulmuş, yeni iş yerləri açılmış, yerli əhalinin milli ruhu yüksəlmiş, Şuşa şəhərinin siması əsaslı şəkildə dəyişmişdir.

 

 

1992-ci il mayın 8-də Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən Şuşa şəhəri işğal edildi və 29 il ərzində burada xalqımızın əsrlərdən bəri yaratdığı tarixi–mədəni irsin məhv edilməsi üçün vandalizm siyasəti həyata keçirildi.

2020-ci il noyabrın 8-də isə ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edildi, Şuşa şəhəri işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu münasibətlə ”Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək Azərbaycan xalqını təbrik etmişdir.

2021-ci il 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılış tədbiri keçirildi. Bu tədbir ölkənin həyatında əlamətdar hadisə kimi qeyd olunmalıdır.

Prezident İlham Əliyevin həmin gün Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edərkən qeyd etmişdir ki, Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır.

 

 

39 il əvvəl Şuşada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı. Erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü. Vaqif Poeziya Günləri də bərpa edildi, "Xarıbülbül” festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik.

7 ay ərzində artıq çox böyük işlər görülüb.

İlk növbədə, yol çəkildi. Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilib. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Şuşaya suyun verilməsi bərpa olundu. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. "Xarıbülbül” hoteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. "Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.


Şuşada yeni beşulduzlu hotel inşa olunacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada "Qarabağ” və "Xarıbülbül” hotellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Mənfur düşmən "Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə beşulduzlu hotel inşa olunacaqdır. Yeni yaşayış kompleksinin təməli qoyuldu.

Şuşanın təməlini 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözlədi.

Biz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq.

Səidə QOCAYEVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi





Facebook-da paylaş