Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz
8 noyabr 2020-cil
il. Azərbaycanın son 200 ildə ilk dəfə, 44 günlük Vətən müharibəsində əldə
etdiyi Zəfərin ən qüdrətli, ən şanlı-şöhrətli günü - Qarabağın döyünən ürəyi Şuşanın erməni vandallarından azad edildiyi
gün. Təkcə Azərbaycanın deyil, bütün dünyanın hərb tarixinə qızıl hərflərlə
yazılacaq strateji əməliyyatla Şuşanın igid oğullarımızın şücaəti, canı, qanı
bahasına düşməndən azad edildiyi gün.
XVIII əsrdə Pənahəli
xan tərəfindən əsası qoyulmuş Şuşa Qarabağın əsas mədəni–iqtisadi mərkəzi
olub. Azərbaycanın musiqi beşiyi, Qafqazın konservatoriyası olan Şuşanın təbiəti
də sanki cənnətin bir guşəsini xatırladırdı. Təkcə gözəlliklər diyarı deyil, həm
də poeziya, musiqi, mədəniyyət beşiyimiz sayılan Şuşa, Qarabağ hələ Heydər
Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrlərində rəhbərliyin diqqət mərkəzində
olmuş, bu bölgənin inkişafı, tərəqqisi üçün genişmiqyaslı planlar tərtib
edilmiş, tikinti- quruculuq, abadlıq işləri aparılmışdır. Heydər Əliyev Sovet
dövründə Qarabağa çox böyük diqqət göstərirdi. O, hakimiyyətdə olduğu dövrlərdə
ermənilər Azərbaycana qarşı ərazi iddialarını həyata keçirə bilmədilər,
saxtalaşdırılmış xəritələrlə ortalığa çıxan ermənilər Heydər Əliyevin nüfuzu və
o bölgənin tarixini, coğrafiyasını dərindən bilməsi sayəsində bir qarış belə
torpaq əldə edə bilmədilər. Heydər Əliyev hakimiyyətdən zorla
uzaqlaşdırıldıqdan cəmi 15 gün sonra ermənilər öz məkrli niyyətlərini həyata
keçirmək üçün fəaliyyətə keçdilər, Azərbaycana qarşı elan edilməmiş müharibəyə
başladılar, ərazi iddiaları və havadarlarının dəstəyi ilə başladıqları hərbi əməliyyatlar
nəticəsində Azərbaycan ərazilərini, o cümlədən Şuşanı 1992-ci il mayın 8-də
işğal etdilər. Düz 28 ilə yaxın bir müddətdə Şuşa da daxil olmaqla, Qarabağ və
onun hüdudlarından kənarda olan yeddi rayon düşmən əsarətində qaldı.
”Şuşasız Qarabağ,
Qarabağsız Azərbaycan ola bilməz” - deyən Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışının elə ilk günlərindən siyasətinin əsasında məhz işğalda olan
torpaqların azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına
qaytarılması məsələsi dururdu. Bunun üçün isə güclü iqtisadiyyat, səmərəli
energetika layihələri həyata keçirməklə güclü ordu quruculuğunun əsasını qoydu,
ilk növbədə atəşkəsə nail oldu, ölkənin sabitliyini təmin etdi.
Son 17 ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursuna sadiqlik
nümayiş etdirərək bu siyasətin davamı kimi iqtisadiyyatı daha da inkişaf etdirdi,
ölkədə sabitliyi qoruyub saxladı, xalq-iqtidar birliyini daha da möhkəmləndirdi, beynəlxalq səviyyədə nüfuzun yüksəlməsi, strateji tərəfdaşlığın inkişafı sahəsində
böyük işlər gördü. Azərbaycan beynəlxalq tədbirlər məkanına çevrildi, regionlar
modernləşdi, güclü nizam-intizamlı ordu, müasir texnika, hərbi sursatla təmin
edilmiş silahlı qüvvələr yaradıldı.
Və "Azərbaycanın ərazi
bütövlüyü danışıqlar mövzusu ola bilməz” prinsipi ilə sentyabrın 27-də Ermənistan
Silahlı Qüvvələrinin təxribatlarına qarşı başlanılan haqq-ədalət savaşında düşmən
diz çökdürüldü, Zəfərə nail olduq. Düşmən əsarətindəki torpaqlarımızı azad
etdik və bu gün Füzuliyə, Laçına, Zəngilana, Cəbrayıla, Şuşaya qalib liderin qalib xalqı kimi "Böyük qayıdışı”ın ilk addımlarını
atırıq.
Şuşaya səfəri
zamanı İlham Əliyev digər işğaldan azad edilmiş ərazilərimiz kimi Şuşanın da bərpa
edilməsi ilə bağlı layihələrdən danışaraq bildirdi ki, "Şuşa əzəli Azərbaycan şəhəridir.
Şuşa regionun ən gözəl istirahət bölgəsinə çevriləcəkdir. Şuşanın bərpası
zamanı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq, ermənilər tərəfindən
tamamilə dağıdılmış Molla Pənah Vaqifin məqbərəsinin bərpası işlərinə artıq
başlanılıb”. Bu məqbərənin 1982-ci il yanvarın 14-də Üzeyir Hacıbəylinin
"Koroğlu” uvertürasının sədaları altında Ümummilli Lider Heydər Əliyevin
iştirakı ilə açılışı olmuşdu. Heydər Əliyev açılış zamanı geniş nitq ilə çıxış
etmiş və bildirmişdi ki, "Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir, bu
cür ənənələr hər il davam etdirilməlidir”. Bu gün Ulu Öndərin ruhu şaddır. Azərbaycanın tarix və memarlıq abidəsi
onun siyasi varisi tərəfindən azad edildi və həmin ənənə davam etdirilir. Şuşa
bərpa edilir, Şuşa yenidən Qarabağın "Zirvə tacı”na çevrilir. Şuşada əbədi
işıqların yanması üçün enerji təminatı ilə bağlı layihələr başlanılır, Şuşanın
yenidən qonaqlarını qəbul etməsi üçün "beş”, "dörd”, "üç” ulduzlu otellər
tikilir, tarixi abidələr bərpa edilir, yollar çəkilir.
Bütün bunlar
xalqın böyük sevgisini, inamını qazanmış güclü, qətiyyətli liderin əzmkarlığı,
Vətən, xalq sevgisi, öz milli-mənəvi dəyərlərinə sahibliyi sayəsində reallığa
çevrilir. Üzeyir, Natəvan, Bülbül artıq öz doğma torpaqlarındadırlar. Şuşa Azərbaycanın
mədəniyyət mərkəzi elan edilib. Şuşada Novruz tonqalları yenidən
alovlandırılıb.
Dağıdılsa da, məhv
edilsə də Şuşanın əzəməti, qüruru bizi ruhlandırır. Güclü siyasi
liderimizin əzmkarlığı bizi ruhlandırır.
Rəşadətli ordumuzun gücü bizi ruhlandırır.
Əziz Şuşa biz
qayıtmışıq!
Əziz Şuşa sən
azadsan!
Əziz Şuşa biz səni
dirçəldəcəyik! – deyən cənab Prezident yaşa! Var ol! Şuşanı bizə qaytardığın
üçün.
Qazax Rayon Heydər Əliyev Mərkəzi
Facebook-da paylaş