• Təqvim

  • Unutma

  • Maraq



Bu gün Vətən müharibəsinin qazaxlı şəhidi əsgər Elçin Qurbanovun doğum günüdür

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrından başlayan İkinci Qarabağ müharibəsində, haqq savaşında bir daha sübut etdi ki, Azərbaycan dövlət olaraq başladığı hər mübarizədən qalib çıxmağı bacarır. Məhz 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq hərb tarixinə yeni şərəfli səhifə yazmaqla bunu təkcə düşmənə deyil, bütün dünyaya nümayiş etdirdi. Qazandığımız möhtəşəm Qələbə sayəsində Prezident İlham Əliyevin yenilməz qətiyyətini, yürütdüyü məqsədyönlü dövlət siyasətini, Ali Baş Komandanı olduğu şanlı Ordumuzun qüdrətini və gücünü düşmənlə yanaşı hər kəs gördü. Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi Böyük Qələbə düşməni məhv etməklə yanaşı, həm də bütün dünyaya Azərbaycanı güclü dövlət kimi yenidən tanıtdı. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni işğalından azad edildi. Və həmin torpaqlarımızda bu gün üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla öz adlarını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazdılar.

Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən, ölümün gözünə dik baxan qəhrəman oğullardan biri də şəhid əsgər Qurbanov Elçin Məcid oğludur.


Şəhid Elçin Qurbanov 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2008-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2020-ci ilin 27 yanvarında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır.

Elçin Qurbanov Füzuli-Cəbrayıl-Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. "N” saylı hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborun tank əleyhinə tağımının tank əleyhinə idarə olunan raket manqasının operatoru əsgər Elçin Qurbanov 04.11.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 6 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elçin Qurbanov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əziz tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bizlər də Elçin Qurbanovun timsalında bütün şəhidlərimizi dərin ehtiramla yad edir, ruhları qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.



GOYEZEN.AZ



Facebook-da paylaş