“Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Vətən müharibəsinin qazaxlı şəhidi əsgər Elçin Qurbanov
Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə
etdiyimiz Böyük Qələbə düşməni məhv etməklə yanaşı, həm də bütün dünyaya ölkəmizin
gücünü, qüdrətini göstərən bir qələbə oldu. Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri
döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla Azərbaycanın hərb tarixinə
şanlı Zəfər, yeni bir salnamə yazdılar. Azərbaycanın mərd, qəhrəman övladları
44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni
torpaqlarımızdan qovmağa müvəffəq oldular. Müzəffər Ali Baş Komandanın qətiyyəti
və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni işğalından
azad edildi. Və həmin torpaqlarımızda bu gün üçrəngli Azərbaycan Bayrağı
dalğalanır. Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə qəhrəmanlarımızdan
biri də şəhid əsgər Qurbanov
Elçin Məcid oğludur. Şəhid Elçin Qurbanov 22 yanvar 2002-ci ildə Qazax rayonunun
Xanlıqlar kəndində anadan olmuşdur. 2008-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar
kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin IX
sinfini bitirmişdir. 2020-ci ilin 27 yanvarında Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Elçin
Qurbanov Füzuli-Cəbrayıl-Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. "N” saylı hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborun tank əleyhinə
tağımının tank əleyhinə idarə olunan raket manqasının operatoru əsgər Elçin Qurbanov 04.11.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 6 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qazax
rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay
idi. GOYEZEN.AZŞəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------
İgid Vətən
oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev
tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elçin Qurbanov ölümündən sonra
cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycanın
bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin
ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq
isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bizlər
də Elçin Qurbanovun timsalında bütün şəhidlərimizi dərin ehtiramla yad edir,
ruhları qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.
Facebook-da paylaş