Əsas Səhifə > Manşet / Şəhidlər > “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Vətən müharibəsinin qazaxlı şəhidi əsgər Elçin Qurbanov

“Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Vətən müharibəsinin qazaxlı şəhidi əsgər Elçin Qurbanov


4-01-2021, 11:22

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə düşməni məhv etməklə yanaşı, həm də bütün dünyaya ölkəmizin gücünü, qüdrətini göstərən bir qələbə oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla Azərbaycanın hərb tarixinə şanlı Zəfər, yeni bir salnamə yazdılar. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovmağa müvəffəq oldular. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni işğalından azad edildi. Və həmin torpaqlarımızda bu gün üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə qəhrəmanlarımızdan biri də şəhid əsgər Qurbanov Elçin Məcid oğludur.


Şəhid Elçin Qurbanov 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2008-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin IX sinfini bitirmişdir. 2020-ci ilin 27 yanvarında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 

Elçin Qurbanov Füzuli-Cəbrayıl-Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. "N” saylı hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborun tank əleyhinə tağımının tank əleyhinə idarə olunan raket manqasının operatoru əsgər Elçin Qurbanov 04.11.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 6 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elçin Qurbanov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bizlər də Elçin Qurbanovun timsalında bütün şəhidlərimizi dərin ehtiramla yad edir, ruhları qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.



GOYEZEN.AZ


Geri qayıt