“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan qazaxlı şəhidimiz – əsgər Taleh Abdullayev - YENİLƏNİB
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------- Azərbaycanın Vətən
müharibəsində əldə etdiyi Böyük Qələbədən artıq bir aydan çox vaxt keçir. Cənab
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan
ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Rəşadətli
Ordumuzun şücaəti sayəsində doğma Qarabağımız, eləcə də yaşayış məntəqələrimiz,
yüksəkliklərimiz erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğulları qəhrəmanlıqları
ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar. Vətən uğrunda şəhid
olmağı özünə şərəf bilən belə qəhrəmanlarımızdan biri də əsgər Abdullayev Taleh Temraz
oğludur. Şəhid Taleh Abdullayev
8 fevral 1993-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1999-cu ildə Qazax
rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin I sinfinə
daxil olmuş, 2010-cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2012-ci ildə hərbi xidməti başa vurmuşdur. 2018-ci
ildə Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin "N” saylı hərbi hissəsində müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. ”N”
saylı hərbi hissənin heyət nəfəri-atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət
edən hərbi qulluqçu əsgər Taleh Abdullayev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını
alarkən qəhrəmancasına şəhid olmuşdur.
Vətən uğrunda canından keçən şəhidimiz 15.10.2020-ci il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında
izdihamla dəfn olunmuşdur. Subay idi. Azərbaycanın hərb
tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə
Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər
döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən naminə canlarından keçən
igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən
yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz
kimi Taleh Abdullayev də medal alanlar sırasındadır. O, ölümündən sonra cənab
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına
görə” medalları ilə təltif olunmuşdur. Azərbaycanın
bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin
ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə
hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli
bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən
Taleh Abdullayevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında
baş əyirik. Məzarında rahat uyu, ruhun şad olsun, qəhrəman şəhid, artıq doğma
Qarabağımız azaddır, Vətən torpaqlarında üçrəngli bayrağımız dalğalanır. GOYEZEN.AZ
Facebook-da paylaş