Qazaxlı əsgər Anar Vəliyev də Vətən uğrunda şəhid oldu - YENİLƏNİB
Şəhidlərimizi tanıyaq və
tanıdaq-------------------------------
Rəşadətli Azərbaycan
Ordusu sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tarixi üçün nümunə olan əsl
qəhrəmanlıq dastanı yazdı, Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd,
el-oba niskilinə 44 gündə son qoydu. Böyük Qələbə qazanan Azərbaycanın igid
övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni
torpaqlarımızdan qovdular. Cəsur, igid Vətən övladları doğma torpaqlarımız
uğrunda son damla qanına qədər vuruşmaqdan çəkinmədilər. Ölümün gözünə dik
baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər.
Azərbaycanın ərazi
bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik
adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də əsgər Vəliyev Anar Həmzə oğludur. Əsgər Anar Vəliyev də döyüş yoldaşları,
silahdaşları ilə birlikdə vuruşaraq bizim olan əzəli torpaqlarımızı sahiblərinə
qaytardılar.
Şəhid Anar Vəliyev 21 iyul 2002-ci ildə
Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 2008-ci ildə Səməd
Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin I sinfinə daxil olmuş,
2017-ci ildə həmin məktəbin IX sinfini bitirmişdir. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə
çağrılmışdır.
Anar Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən
başlamış, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı
vuruşmalarda fədakarlıq göstərmişdir. Hərbi əməliyyatlar zamanı yaşına uyğun
olmayan mərdliklə döyüşür, düşmənə aman vermirdi. Talış kəndi uğrunda gedən
döyüş isə Anarın sonuncu döyüşü olub. Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin operatoru əsgər Anar Vəliyev 11.10.2020-ci
il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən minaatan silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından qəhrəmancasına
şəhid olmuşdur. Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan
Anar Vəliyev 11.10.2020-ci ildə doğulduğu Orta Salahlı kənd qəbiristanlığında
izdihamla dəfn edilmişdir. Subay idi.
Azərbaycanın hərb
tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından keçən
bütün şəhidlərimiz kimi əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra ölkə
Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Anar Vəliyev cənab
Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda” və 29
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının
azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Allah Vətən
uğrunda həlak olanların ruhunu şad, yerini behiştlik etsin. Gələcək nəsillər
canlarını bu müqəddəs yolda - Vətənimizin azadlığı, xalqımızın xoşbəxtliyi
uğrunda fəda edənləri heç vaxt unutmayacaq. Anar kimi igid, vətənpərvər
oğullarımız daim bizim qəlbimizdə yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.
GOYEZEN.AZ
Facebook-da paylaş