Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni,
ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu
elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada
abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin
xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Azərbaycana qarşı
başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın
8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv
edilməsi siyasətini həyata keçirmişdir. Ordumuzun qətiyyətli
mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa
şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə
vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə
başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi
təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk
xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. Tarixi-mədəni
əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya
xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada
dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi
şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə
yanaşı, onun daim inkişafına şərait yaradacaqdır. Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması
və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik
zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi
beynəlxalq aləmdə təbliği məqsədilə qərara alıram: 1. Şuşa şəhəri
Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin. 2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 7 may 2021-ci il
Facebook-da paylaş