Musiqimizin məbədi - füsunkar Şuşa
Azərbaycan mədəniyyətinin
mərkəzlərindən biri olan Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan
tərəfindən qoyulmuşdur. Bir şəhər kimi formalaşması üç mərhələdən keçərək XIX
əsrin sonu XX əsrin əvvəllərinə qədər davam edib. "Qarabağın incisi”
adlandırılan əlverişli hərbi-strateji mövqeyə malik idi və yarandığı gündən
Qarabağın inzibati–siyasi mərkəzi rolunu oynayıb. Yalnız Sovet hakimiyyəti illərində Şuşa Qarabağın
inzibati mərkəzi statusundan məhrum edilib. Şəhər 1923-cü ildə təşkil edilmiş
Dağlıq Qarabağ Muxtar vilayətinin tərkibində yaradılmış Şuşa rayonunun
mərkəzinə çevrilib. Şuşa şəhərində yaşayan əhalinin mütləq əksəriyyətini
Azərbaycan türkləri təşkil edib. Şuşa tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi
həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın
konservatoriyası olmuşdur. Ulu Öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə
dərəcədə əhəmiyyətli olduğunu bildirərək deyirdi: "...Şuşa Azərbaycanın ən əziz
və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar,
Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda
Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını
yaradıblar. Bu,Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər
deyil, böyük tarixi abidədir. Şuşa təkcə şuşalılar üçün yox, bütün
azərbaycanlılar üçün, Vətənini,
millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir
torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. Ona görə də Azərbaycan mədəniyyətinin mühüm
mərkəzlərindən olan Şuşanın qorunması Ulu Öndər Heydər Əliyevin xüsusi
diqqətində olmuş, ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bu şəhərlə bağlı mühüm
qərarlar qəbul etmiş, mühüm tədbirlər həyata keçirmişdir. Heydər Əliyev hələ
Azərbaycan rəhbəri seçilməmişdən əvvəl Şuşanın inkişaf etdirilməsinin əhəmiyyəti
barədə məsələ qaldırıb, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi
abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş,
Azərbaycana rəhbər seçildikdən sonra isə Şuşanı abadlaşdırmaq, eyni zamanda
tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli
işlər görüb. 1977-ci ildə onun təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini
tarixi memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etmişdi. Həmçinin
Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin
xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdı.
1982-ci ildə Şuşaya səfəri zamanı Ulu Öndər M.P.Vaqifin məqbərəsinin, Poeziya
evinin açılışında iştirak etmiş, Üzeyir Hacıbəylinin və Bülbülün ev muzeyləri
ilə tanış olmuş, azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmaları
üçün şəxsi nümunə göstərərək Şuşa məscidinə getmişdir. Şuşada şairə Xurşidbanu Natəvana abidə qoyulmuş, yeni iş yerləri açılmış, yerli
əhalinin milli ruhu yüksəlmiş, Şuşa şəhərinin siması əsaslı şəkildə
dəyişmişdir. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina, 17 məhəllə
bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və
monastır, 2 qəsr və qala divarlar yerləşirdi, o cümlədən 170-dən çox yaşayış
binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22
ümumtəhsil məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, şərq musiqi
alətləri fabriki, 20 kitabxana mövcud olmuşdur. 1992-ci il mayın 8-də Ermənistan
Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən Şuşa şəhəri işğal edildi və
29 il ərzində burada xalqımızın əsrlərdən bəri yaratdığı tarixi–mədəni irsin
məhv edilməsi üçün vandalizm siyasəti həyata keçirildi. 2020-ci il noyabrın 8-də isə
ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa
edildi, Şuşa şəhəri işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan bu
münasibətlə ”Şuşa
bizimdir! Qarabağ bizimdir ” deyərək Azərbaycan xalqını təbrik etmiş və tarixin səhifələrinə yazılmış bu fikirləri
bildirmişdir. "Xoşbəxt
adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu böyük
qələbədir! Əziz Şuşa sən azadsan! Əziz Şuşa biz qayıtmışıq! Əziz Şuşa biz səni
dirçəldəcəyik!” Və azad edildikdən dərhal sonra
şəhərə, onun
tarixi-mədəni irsinə, təbiətinə vurulmuş ziyanın təxirəsalınmadan
inventarizasiyası aparılmış, bərpa işlərinə başlanmışdır. Qüdrətli Azərbaycan
dövləti bütün Qarabağı yenidən quracaq. Artıq bu prosesə start verilib. Bütün
bu bərpa, quruculuq işlərinin təşkilində çevikliyi və səmərələliyi təmin etmək
üçün Şuşada dövlət idarəetməsinə böyük diqqət yetirilmişdir. Azərbaycan
Prezidenti işğaldan azad olunan ərazilərdə ilk xüsusi nümayəndəliyi məhz Şuşa
rayonuna təyin etmişdir. 2021-ci il 7 may tarixində Prezident İlham Əliyev Şuşa
şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə sərəncam vermiş
və sərəncamın imzalanma tarixinin məhz 7 may olması isə özündə mühüm mesajları
ehtiva etmişdir. Hər il mayın 8-ni bayram edən ermənilər və tariximizin
saxtalaşdırılmasına "töhfə
verən” digər dövlətlərə tutarlı sillə xarakteri daşıyan bu sərəncam əslində
dünyaya "Şuşi” kimi təqdim edilən bir şəhərin olmaması və heç vaxt olmayacağı
haqqında mesajdır. Həmçinin ilk dəfə 1989-cu il may
ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil edilmiş, Şuşanın rəmzi olan
gülün adını daşıyan "Xarıbülbül” festivalının 32 il sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilməsi və
festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi
yaradıcılığının Azərbaycan musiqisində multikulturalizm mövzusunda xalq
mahnılarından və klassik musiqisindən ibarət proqramların təqdim edilməsi
Şuşanın mədəniyyət mərkəzi elan edilməsinin daxili auditoriya üçün də mesaj
olduğunun nümunəsidir. Çünki Azərbaycan Televiziyasına müsahibəsində Prezident
İlham Əliyev Şuşanın müxtəlif qurumlar, oliqarxlar tərəfindən zəbt olunmasına
yol verilməyəcəyini xüsusi qeyd edərək bildirmişdir. "Mən Şuşanı mədəniyyət
paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Bərpa ilə bağlı
görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Mütəxəssislər, memarlar,
tarixçilər, şuşalılar şəhəri necə görmək istədiklərinə özləri qərar verməlidir.
Dağıdılmış şəhərlər tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, oraya qayıdacaq insanların rahatlığı təmin olunsun,
müasir, güclü Azərbaycanın gücü bütün dünyaya nümayiş etdirilsin”. Bütün bu bərpa quruculuq işlərinin
tərkib hissəsi kimi Heydər Əliyev Fondunun vəsaiti hesabına Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə Vaqifin məqbərəsi bərpa edilir, Şuşa şəhərinin Rəsm Qalereyası, Şuşa Xalça Muzeyi bərpa edilir. Ötən əsrin 80-ci
illərinin əvvəllərində inşa edilmiş "Qarabağ” mehmanxanası təmir-bərpa
işlərindən sonra müasir səviyyəyə çatdırılacaq, keçmiş sanatoriya
yenidənqurmadan sonra Park Otel kimi bu il istifadəyə veriləcək, "beş”, "dörd”
və "üç” ulduzlu kiçik otellər yaradılacaq, istifadə müddəti bitmiş "xruşşovka”larla
bağlı tədbirlər görüləcək, ermənilər tərəfindən baxımsız qaldığı üçün uçulub
dağılmış xristian məbədləri bərpa ediləcək. Bütün bu bərpa işləri Şuşaya
Azərbaycan ruhunun qayıdışıdır. Şuşa dünyanın ən gözəl şəhərlərindən
birinə çevriləcək və Şuşanın girişində dalğalanan Azərbaycan Bayrağı əbədi dalğalanacaqdır. Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş