S.Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 28-ci ildönümü anılıb
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün
keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci
il tarixli 9-21/18 nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər
planına uyğun olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi təhsil müəssisələrində
də anılıb. Növbəti anım tədbiri bu gün S.Əfəndiyev adına şəhər 1
nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə iştirak edən məktəbin müəllim-şagird kollektivi
əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçən şəhidlərimizin
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tarixin qan yaddaşı olan Xocalı faicəsi haqqında çıxış edənlər qeyd
ediblər ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən
erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha
nümayiş etdirərək dinc əhaliyə divan tutublar. 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən
366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının köməyi ilə
Xocalıda soyqırımı həyata keçirib. Soyqırımı nəticəsində 613
nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb,
1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150
nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın
zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə
tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki
valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə -
azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb
və şikəst ediliblər. Vurğulanıb ki,
soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının
böyük rolu olub. Artıq bir çox ölkə və ABŞ-ın bir neçə ştatı Xocalı faciəsini
soyqırımı kimi tanıyan qətnamələr qəbul edib. Tədbirdə Prezident İlham Əliyevin
apardığı siyasət sayəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə,
şəhidlərimizin ruhunun rahatlıq tapacağına inam ifadə olunub. Daha sonra məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunmuş
ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, qəhrəmanlıq və vətənpərvərlik
mövzusunda şeirlər səsləndirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş