Qazaxlı məktəblilər “Qızılgüllər diyarı” Zaqatalada
"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən
maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatalamarşrutu üzrə ekskursiyaya çıxan qazaxlı məktəblilər Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabulun məktəbliləri ilə
birlikdə səfər proqramına uyğun olaraq bu gün günün ikinci
yarısında Zaqatala rayonunda olublar. Tur-aksiya iştirakçılarını Zaqatala rayonundakı Heydər
Əliyev Mərkəzinin qarşısında Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Tofiq Əhmədov, müavin Vəfa Süleymanova və aparatın digər rəhbər
işçiləri mehribanlıqla qarşılayıb. Qarşılanma mərasimində çıxış edənlər
bildiriblər ki, Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətinin
başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə
olunmasıdır. "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici
tur-aksiyalar da məhz bu amala xidmət edir. Azərbaycanın regionları ilə
tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik
ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Sonra məktəblilərə
rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı
barədə qısa məlumat verilib. Bildirilib ki, "Qızılgüllər diyarı” kimi tanınan, Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən,
129 min nəfərdən çox əhalisi olan Zaqatala rayonunda 20-dən çox
xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində mehriban
yaşayır. Qeyd edilib ki, Zaqatala
rayonunun iqtisadiyyatında tütünçülük, meyvəçilik, o cümlədən fındıqçılıq,
baramaçılıq, gülçülük mühüm yer tutur. Rayonda illik istehsal gücü 3500 ton
olan tütün emalı zavodu, həmçinin tütün istehsalı və emalı məntəqəsi fəaliyyət
göstərir. "AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsində ötən ildən
etibarən məhsul istehsalına başlanılıb. Tur-aksiya
iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə
yaxından tanış olublar. Məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən
Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci ilin noyabrında istifadəyə
verilib. Binanın açılış mərasimində Respublika Prezidenti İlham Əliyev iştirak
edib. Ümumi sahəsi 2765 kvadratmetr
olan ikimərtəbəli binada müxtəlif təyinatlı bölmələr
fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin
zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı
məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron
kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya
emalatxanası və digər otaqlar yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm,
gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində
onlarla yeniyetmə və gənc məşğul olur. Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı
məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında
yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün
edilmiş "Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu
qalada məhbus kimi saxlanılıblar. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif
məqsədlər üçün tikilmiş 15 yerli əhəmiyyətli tarixi abidə var. Bildirilib ki, Zaqatala
qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin
"Qalada üsyan” romanını yazıb və bu əsər əsasında "Yenilməz batalyon” bədii
filmi çəkilib. Müstəqillik illərində ekranlaşdırılan "Cavad xan” filminin bəzi
səhnələri də Zaqatala qalası və onun ətrafında çəkilib. Sonra məktəblilər Ümummilli Lider Heydər Əliyevin
adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət ediblər. Diqqətə
çatdırılıb ki, 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 ağac
növü var. Son illər aparılan yenidənqurma işlərindən sonra park müasir görkəm
alıb. Ulu Öndərin möhtəşəm abidəsinin ucaldıldığı bu park rayon əhalisinin,
eləcə də qonaqların ən sevimli istirahət yeridir. Məktəblilər "Qaladüzü pilləkənləri”ndən düşərək
Zaqatala şəhərinin tarixi hissəsinə – Dədə Qorqud meydanına gəliblər.
Tur-aksiya iştirakçıları sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinə baş
çəkiblər. Məlumat verilib ki, 1967-ci ildə yaradılan bu muzeydə 16 minə yaxın
eksponat qorunub saxlanılır və nümayiş etdirilir. Zaqatalaya səfərləri çərçivəsində tur-aksiya iştirakçıları fındıq
emalı müəssisəsində də olublar. Bildirilib ki, Azərbaycanda fındıq istehsalının
böyük bir hissəsi Zaqatala rayonunun payına düşür. Bu il rayonda 15 min tondan
çox fındıq istehsal olunub. Rayonun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən
olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi
məqsədilə iki ildir ki, Zaqatalada Beynəlxalq fındıq, qoz və şabalıd festivalı
keçirilir. "Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla
ayrılan tur-aksiya iştirakçıları axşam saatlarında Qəbələ rayonuna
qayıdıblar. Zaqatalanın tarixi məkanları, görməli yerləri ilə tanış olan
məktəblilər bu cür tur-aksiyaların təşkilinə və bu sevinc hissini onlara bəxş
etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Ümumiyyətlə, ölkəmizdə
tur-aksiyaların təşkil olunduğu gündən ötən müddət ərzində ildə iki dəfə
olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri,
Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala,
Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil edilib. Respublikamızın bütün bölgələrinin əhatə olunduğu
bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Bu il noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər
və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər
iştirak edəcək. Bununla da, "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin
sayı 30 mindən çox olacaq. Ənənə halını alan bu cür layihənin təşkil olunmasındaisə əsas məqsəd şagirdləri
ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi,
adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin
qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək,
Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik
sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın
yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş