Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi çapdan çıxıb » Göyəzən internet portalı


Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi çapdan çıxıb

Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi çapdan çıxıb
Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” (“Гейдар Алиев: личность и эпоха”) üçcildliyi Moskvada işıq üzü görüb. Heydər Əliyev Fondunun dəstəyi ilə “Kanon-plyus” nəşriyyatında çapdan çıxmış üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb.

AZƏRTAC-ın müxbirinə müsahibəsində kitabların müəllifi E.Axundova qeyd edib ki, bu, “Heydər Əliyev: Şəxsiyyət və zaman” altıcildliyinin xarici ölkələr, xüsusilə də Rusiya oxucuları üçün nəzərdə tutulmuş yeni variantıdır. Yazıçı deyib: “Heydər Əliyev: Şəxsiyyət və zaman” altıcildliyi üzərində işləyərkən əsərin Rusiyada qısaldılmış variantını nəşr etmək ideyası yaranmışdı. Bilirsiniz ki, Heydər Əliyevi Rusiyada yaxşı tanıyır və sevirlər. Bu ideya ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya müraciət etdim. O, mənim bu təşəbbüsümü bəyəndi və dəstəklədi. Buna görə Leyla xanıma xüsusi təşəkkürümü bildirirəm”. E.Axundova vurğulayıb ki, üçcildliyin ikinci kitabı Ümummilli Liderin həyatının məhz Moskva dövrünə həsr olunub. Kitabda Heydər Əliyevin keçmiş SSRİ-nin üç baş katibi – Yuri Andropov, Konstantin Çernenko və Mixail Qorbaçov ilə münasibətləri, o vaxtkı siyasi büroda baş verən intriqalar, SSRİ-nin süqutu, Qarabağ münaqişəsinin başlanması, Heydər Əliyevin istefası ilə bağlı indiyədək məlum olmayan faktlar toplanıb.

Qeyd edək ki, üç kitabdan ibarət tədqiqat əsərinin ərsəyə gəlməsində Azərbaycan və Rusiyanın dövlət arxivlərindən, ulu öndər Heydər Əliyevin şəxsi arxivindən istifadə olunub. Kitabda şərh olunan faktların əksəriyyəti geniş oxucu kütləsinə ilk dəfə təqdim olunur. “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi Moskvada ümummilli lider Heydər Əliyev haqqında çap olunan ilk böyük əsərdir. Müəllif deyir: “Elə Heydər Əliyevin öz məsləhətinə sadiq qalaraq, mən bacardıqca obyektiv olmağa, kəskin məqamları yumşaltmamağa çalışmışam. Hər bir insanın, xüsusilə də dahi insanların həyatında enişlər-yoxuşlar, yenidən, daha uca zirvələri fəth etmək üçün bir addım geri çəkildiyi anlar olur. Heydər Əliyevin də həyatında böyük nailiyyətlər, möhtəşəm qələbələrlə yanaşı, bədxahlarının paxıllığı, yalan və iftiralar olub. Ancaq o, həmişə siyasət Olimpinə qalib kimi qayıda bilib”.

Üçcildliyə ön sözdə Qazaxıstanın Xalq Yazıçısı Oljes Suleymenov yazır: “Elmira Axundovanın bu kitabı sevgi ilə yoğrulub... Belə kitablar çox lazımdır. Onlar yeni nəsil rəhbərlərin formalaşmasına kömək edir. Bir ölkədə iki dövlətə rəhbərlik etmiş Heydər Əliyevin təcrübəsi olduqca qiymətlidir”.

Xatırladaq ki, yazıçı-publisist Elmira Axundova “Heydər Əliyev: Şəxsiyyət və zaman” altıcıldliyinə görə Azərbaycanın Dövlət mükafatına layiq görülüb.
Hakimiyyət yükü

Üçcildliyin birinci kitabında oxucuya ulu öndər Heydər Əliyevin həyat yolunun başlanğıcı, dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti, Azərbaycan SSR-in rəhbəri seçilməsi, 1970-ci illərdə Azərbaycanın iqtisadi yüksəlişindən bəhs edilir.

Müəllif Əliyevlər nəslinin kökləri, Ulu Öndərin atası Əlirza kişi və anası İzzət xanım, bacı və qardaşları barədə məlumatlar, həmkəndlilərinin Heydər Əliyev haqqında xatirələrini toplayıb, karyerasına Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində başlayan Heydər Əliyevin daim xalqın yanında olduğunu, repressiyalar dövründə çoxlarını həbsdən və sürgündən qoruya bildiyini qeyd edir. E.Axundova yazır ki, gənc kadr olmasına baxmayaraq, Heydər Əliyev təhlükəni sovuşdurmağa, insanları sürgündən və həbsdən xilas etməyə nail olurdu. Naxçıvan ağsaqqalları bir neçə belə hadisəni məmnuniyyətlə xatırlayırlar. Məsələn, 1947-ci ildə Mərkəzi Komitə 1930-cu illərdə həbsdə olmuş insanların ölkənin uzaq rayonlarına sürgün edilməsi barədə qərar qəbul etmişdi. Heydər Əliyev bir çox tanınmış adamları bu sürgünlərdən qurtara bilmiş və sübut etmişdi ki, hətta cəza orqanlarında işləməklə də xalqın gözünə həmişə dik baxmaq üçün insanpərvərliyini qoruyub saxlamaq mümkündür.

Yazıçı 1969-cu il iyulun 14-nü Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi kimi dəyərləndirir. Həmin gün Heydər Əliyev respublika Mərkəzi Komitəsinin birinci katibi seçilmişdi. Müəllif sovet quruluşu idarəçilik sisteminin mahiyyətindən irəli gələn nöqsan və məhdudiyyətlərə baxmayaraq, bu dövrü Azərbaycanın iqtisadi, sosial və mədəni inkişaf tarixində böyük sıçrayış dövrü kimi səciyyələndirir və bu nailiyyətləri qüdrətli siyasi və ictimai xadim Heydər Əliyevin idarəçilik bacarığı ilə bağlayır : “Bu ildən respublika nəhəng inşaat meydançasına çevrilir, gələcək müstəqil Azərbaycanın sənaye və kənd təsərrüfatı potensialının təməli qoyulur”.

Kitabda sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin kadr, ordu quruculuğu, millətlərarası münasibətlər, gənclərlə iş və digər sahələrdə siyasəti geniş təhlil olunur.
Kreml beşilliyi

Beş il Kreml labirintlərində... Heydər Əliyev Qərb mətbuatının SSRİ KP MK-nın baş katibi vəzifəsinə başlıca namizədlərdən biri kimi təqdim etdiyi sovet rəhbərlərindən biri idi. Elə bu səbəbdən də bu dahi insanın işləmək bacarığı, xarizması, hörmət və nüfuzu bədxahlara rahatlıq vermirdi.

İkinci kitabda oxucu Heydər Əliyevin keçmiş SSRİ-nin üç baş katibi – Yuri Andropov, Konstantin Çernenko və Mixail Qorbaçov ilə münasibətləri, Kreml divarları arxasında baş verən fitnə-fəsadlar, müdrik siyasi xadim, xalqının böyük vətənpərvəri Heydər Əliyevin siyasətdən uzaqlaşdırılması planı və bu planın iştirakçılarından, bundan sonra dərhal baş qaldıran Qarabağ separatizminin fiqurantlarından söhbət açılır. Ötən əsrin 80-ci illəri Sovet İttifaqında qlobal proseslərin, kataklizmlərin başlanğıc dövrü idi. E.Axundova araşdırmasında Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin fəaliyyətinin nəhəng dövlətdə gedən siyasi-iqtisadi, mədəni proseslərə, SSRİ-nin xarici siyasətinin formalaşmasına təsirini müəyyənləşdirir. Ulu Öndərin fəaliyyətinin sovet dönəmi ilə bağlı bu mühüm dövrü araşdırmaq üçün E.Axundova xeyli müddət Moskvada yaşayıb, Heydər Əliyevin tabeliyində olan, onunla əməkdaşlıq etmiş tanınmış insanlarla şəxsən görüşüb. Kitabda “Kreml beşilliyi” adlanan bu dövr Heydər Əliyevin həyatında böyük yüksəliş, məsuliyyət, şan-şöhrət illəri, eyni zamanda, acı məyusluq, ağrılı itkilər və idealların iflası dövrü kimi səciyyələndirilir.

Heydər Əliyev Kremldə işlədiyi 5 il ərzində keçmiş SSRİ-nin həyatının ən müxtəlif sahələrinə - nəqliyyat, rabitə, elm, mədəniyyət, səhiyyə, təhsil, sosial rifah sahələrinə və ən nəhayət, xarici siyasətə böyük dəyişikliklər gətirə bilmişdi. Bu sahələrin hər birində Heydər Əliyevin sözünün, işinin izləri hələ də qalmaqdadır. E.Axundova yazır ki, Moskvada Heydər Əliyev həm də yaxın və doğma adamlarını - əvvəlcə çox etibar etdiyi, ehtiram bəslədiyi Yuri Andropovu, sonra isə sevimli həyat yoldaşı və silahdaşı Zərifə xanım Əliyevanı itirdi. SSRİ-nin sonuncu baş katibi Mixail Qorbaçovun ona qarşı xainliyi Heydər Əliyevin qəlbində dərin çapıqlar qoydu. Müəllif yazır ki, Heydər Əliyevin Siyasi Büronun rəhbərliyindən uzaqlaşdırılmasının Dağlıq Qarabağın Azərbaycandan ayrılması kampaniyasının başlanğıcı ilə birbaşa əlaqəli olması heç kim üçün sirr deyil. Heydər Əliyevin istefasından düz 20 gün sonra dünyada Qorbaçovun fikirlərinin carçısı kimi tanınan Sov.İKP MK baş katibinin iqtisadi məsələlər üzrə müşaviri, akademik Aqambekyan Fransanın “Humanite” qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin çox tezliklə həll olunacağını demişdi. Bundan sonra Dağlıq Qarabağ Muxtar Vilayətində, Ermənistanda və Moskvada məlum proseslər başladı. Heydər Əliyev bu hadisələri ürək ağrısı ilə xatırlayaraq deyirdi ki, dəfələrlə Qorbaçova və baş katibin ətrafındakı məsul şəxslərə müraciət etməsinə baxmayaraq, onu dinləmək istəmir, məsləhətlərinə məhəl qoymurdular.

Yazıçı Ulu Öndərin həyatının istefadan sonrakı dövrünü bəzi dəyərlərə yeni yanaşma, kommunist ideologiyasından imtina, mənəvi böhranı dəf edərək yeni səhifənin başlanğıcı kimi təsvir edir. Bu səhifə Vətənə qayıdış, xalqın böyük etimadı və dayağı, Azərbaycanın xilası, gələcək çiçəklənməsinin təməli ilə başlanır.
Qayıdış

Tədqiqatının üçüncü kitabında E.Axundova Heydər Əliyevin Naxçıvana, daha sonra isə xalqın təkidi ilə müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından yazır. Müəllif Ulu Öndərin qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsinin dayandırılmasından, ölkənin parçalanmadan xilas edilməsindən, Qarabağda atəşkəs rejiminə nail olunmasından və müdrik neft strategiyası sayəsində Azərbaycanın XXI əsrdə bütün sahələrdə görünməmiş inkişafı üçün zəmin yaradılmasından söhbət açır. Kitabda, əvvəlki cildlərdə olduğu kimi, arxiv sənədlərindən, ölkənin bu çətin dövründə Heydər Əliyevin yanında olmuş insanların müsahibələrindən, qəzet məqalələrindən, yerli mətbuatın, o cümlədən AZƏRTAC informasiya agentliyinin, eləcə də xarici informasiya agentliklərinin materiallarından, həmçinin E.Axundovanın Ulu Öndərlə şəxsi görüşləri zamanı apardığı qeydlərdən istifadə olunub. E.Axundova yazır: “Bəzən məndən soruşurlar ki, Heydər Əliyev haqqında nə qədər yazacaqsınız? Cavab verirəm ki, ömrüm boyu. O, elə bir şəxsiyyət və nadir taleyə malik insandır ki, onun həyat və fəaliyyətinin publisistikasına böyük məsuliyyətlə yanaşmaq lazımdır. Böyük məsuliyyət və böyük sevgi ilə...”.

Kitabda dünya siyasi elitasının ən məşhur nümayəndələrinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında fikirləri yer alıb. Ulu Öndərin ömür yolu, Azərbaycan xalqı qarşısında xidmətləri barədə ən dəyərli fikirlər onun siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur: “Heydər Əliyev müasir Azərbaycanın banisidir. SSRİ-nin dağılması nəticəsində ölkəmiz müstəqilliyini bərpa edəndə, müstəqilliyin ilk iki ilini total böhran və tənəzzül dövrü kimi səciyyələndirmək olar. İqtisadiyyat bərbad vəziyyətdə idi, sənayedə durğunluq, əvvəlki hakimiyyətin bacarıqsız, deyərdim ki, xalqa zidd siyasəti, onların əsasən talançılıq, oğurluq və daxili intriqalarla məşğul olması Azərbaycanı vətəndaş müharibəsi həddinə, iqtisadi kollaps dərəcəsinə çatdırmışdı. 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevi ölkəyə yenidən rəhbərlik etməyə çağırdı və o vaxtdan bu günə qədər Azərbaycanda aparılmış islahatlar dövlətimizin coşqun inkişafını və ölkəmizin qarşısında duran iqtisadi problemlərin demək olar ki, hamısının həllini təmin edib. Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirməkdən xilas edib, dövlətçilik yaradıb, ölkəmizin durmadan inkişafını təmin edən güclü idarəçilik sistemi qurub. Onun Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Bu gün Azərbaycanın dinamik inkişaf etməsində, ölkədə ictimai asayişin təmin olunmasında, sabitliyin qorunub saxlanmasında, möhkəmlənməsində, buraya xaricdən güclü investisiyalar axını gəlməsində Heydər Əliyevin rolu müstəsna xarakter daşıyır.

... Bu gün Heydər Əliyev bizimlə deyil, amma onun fiziki yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, biz doğma Vətənimizi onun yolu ilə irəliyə aparaq. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq, Azərbaycanı gücləndirək və onun istədiyi kimi, onun yolu ilə gələcəyə aparaq. Mən əminəm və şübhə etmirəm ki, biz bunu edəcəyik”.

Sonda Elmira Axundova vurğulayır ki, Ulu Öndərin vəfatından sonra Azərbaycanda onun adı əbədiləşdirilib, mükafat və orden təsis edilib, Azərbaycanın hər guşəsində Heydər Əliyevin adını daşıyan bağlar, parklar salınıb: “Ancaq ən əsası Heydər Əliyevin adını onun şah əsəri olan müasir müstəqil Azərbaycan əbədiləşdirib. Müstəqil Azərbaycan isə daimidir, əbədidir”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva




Facebook-da paylaş