Hərbi xidmətə yüksək əhvali-ruhiyyə ilə
Qazax rayonunda gənclərin hərbi vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi istiqamətində çoxlu sayda tədbirlər həyata
keçirilir. Məhz bunun nəticəsidir ki, çağırış yaşına çatmış gənclər həqiqi
hərbi xidmətə çox böyük ruh yüksəkliyi ilə gedirlər. Növbəti çağırış zamanı da
yolasalma mərasimində əsl izdiham yaşandı. Gənclər
Mərkəzinin qarşısında keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin və hüquq
mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri,
təhsil, mədəniyyət, eləcə də Qarabağ müharibəsi əlilləri, həmçinin
çağırışçıların valideynləri iştirak edirdilər. Tədbir iştirakçıları və
çağırışçılar əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət
edərək önünə gül dəstələri qoydular. Sonra dahi rəhbərin adını daşıyan mərkəzdə
Ulu Öndərin həyat və siyasi fəaliyyətindən, ordu quruculuğundakı xidmətlərindən
bəhs edən sənədli filmin nümayişi oldu. Tədbir
torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirildi. Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirildikdən sonra Qazax Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Məmməd Alıyev çıxış edərək gəncləri və onların valideynlərini
əlamətdar gün münasibətilə təbrik edərək çağırışçılara hərbin sirlərini
öyrənməkdə uğurlar arzuladı. Qeyd edildi ki, əsası Ümummilli Lider Heydər
Əliyev tərəfindən qoyulan ordu quruculuğu ölkə Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun
nəticəsidir ki, 2016-cı ilin aprel ayında ordumuz işğal altında olan
ərazilərimizin bir hissəsini düşməndən azad etmişdir.
Səfərbərlik
və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi,
mayor Mehman Rəhimov hərbi xidmətə yola düşən gənclərə Vətənin keşiyində
ayıq-sayıq dayanmağı, komandirlərin hər bir əmrini səylə yerinə yetirməyi
tövsiyə etdi. Şəhid anası
Tamella Süleymanova, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları
və Şəhid Ailələri” İctimai Birliyi Qazax rayon şöbəsinin sədr müavini, I qrup
Qarabağ müharibəsi əlili Namiq Alıyev, əsgər atası Baxış Hüseynov Vətən
qarşısında gənclərin ordu sıralarında ləyaqətlə xidmət edəcəklərinə
əminliklərini bildirdilər. Məktəblilər
və rayonun incəsənət ustaları vətənpərvərlik mövzusunda şeirlər səsləndirdi,
mahnılar oxudu. Axırda çağırışçılar üçrəngli Azərbaycan bayrağını öpərək hərbi
hissələrə yola düşdülər. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetininin bölgə müxbiri 18 iyul 2019-cu il
Respublika mətbuatı Qazax haqqında
Facebook-da paylaş