Qazaxlı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola düşüblər
"Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu
il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması
haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
3 iyun 2019-cu il tarixli Sərəncamına müvafiq olaraq qazaxlı gənclər yüksək
əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər. Bu münasibətlə bu
gün şəhərin mərkəzində yerləşən Gənclər Mərkəzinin qarşısında çağırışçıların
təntənəli şəkildə yola salınması mərasimi keçirilib. Tədbirdə Qazax Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin Gulaya Həsənova,
icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və
təşkilatların rəhbərləri, təhsil, mədəniyyət işçiləri, Qarabağ müharibəsi
əlilləri, çağırışçılar, onların valideynləri və KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları
və çağırışçılar əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə
gül dəstələri qoyaraq ulu öndərin xatirəsini yad ediblər. Sonra dahi
şəxsiyyətin adını daşıyan mərkəzdə ulu öndərin həyat və fəaliyyətini, ordu
quruculuğundakı xidmətlərini özündə əks etdirən filmə baxıblar.
Qazax Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək rayon rəhbəri Rəcəb Babaşovun adından tədbir
iştirakçılarını salamlayıb, bu əlamətdar gün münasibətilə çağırışçıları,
onların valideynlərini təbrik edib, gözaydınlığı verib. Sonra ordu quruculuğu
sahəsində qazanılan uğurlardan danışaraq ölkəmizdə bütün sahələr üzrə əldə
edilən nailiyyətlərin ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb
olduğunu bildirib. Əsası ulu öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu
siyasətinin bu gün onun layiqli davamçısı ölkə prezidenti, Ali Baş Komandan
İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, bu
uğurlu siyasətin nəticəsidir ki, 2016-cı ilin aprel ayında ordumuzun hərbi
birləşmələri qısa müddət ərzində işğal altında olan ərazilərimizin bir
hissəsini düşməndən azad edib. Birinci müavin gənclərlə qürur duyduğunu
bildirərək çağırışçılara Vətənin layiqli əsgəri olmağı tövsiyə edib, hərbi
xidmətə yola düşən çağırışçı-gənclərə ən xoş arzularını çatdırıb. Vətən
qarşısında ən müqəddəs borcu qaytarmağa, şərəfli bir yolu keçəmək üçün yola
düşən gənclərə bu yoldan alnıaçıq, üzüağ şəkildə qayıtmağı arzu edib. İşğal
altında olan torpaqlarımızda, eləcə də Qazaxın düşmən tapdağında olan 7
kəndində üçrəngli Azərbaycan bayrağını dalğalandırmağı arzulayıb.
Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor
Mehman Rəhimov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Respublikası
vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında 3 iyun 2019-cu il tarixində Sərəncam imzaladığını
bildirib. Bu gün həmin Sərəncama əsasən 30-a yaxın gəncin hərbi xidmətə yola
düşdüyünü qeyd edib. Hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu
vurğulayaraq gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər
bir tapşırığını səylə yerinə yetirməyi tövsiyə edib. Şəhid anası Tamella Süleymanova, "Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin
Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq
Alıyev, əsgər atası
Baxış Hüseynov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən
çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının
ordu sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliklərini bildiriblər. Çıxış
edənlər əsgər getməyin Vətən qarşısında əsl kişilik məktəbini keçmək olduğunu
qeyd edərək bu məktəbi qələbə müjdəli zəfərlərlə başa vurmağı arzu ediblər.
Vətənpərvərlik hissini özündə əks etdirən bu məktəbdən hər zaman xoş
sədalarının eşidilməsini arzulayblar. Sonra söz
məktəblilərə verilib. Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək
üzvlərindən Ayan Nəbilinin, Fidan Bayramovanın, Aytac Salmanovanın, Akif
Mustafayevin, İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbin şagirdi Türkan
Rəhimovanın ifasında Vətənə, Azərbaycan əsgərinə həsr olunmuş şeirlər səslənib. Müğənnilərdən
Afiq Cəfərov, Elmir Quşçuyev də bir-birindən şən mahnı töhfələri ilə gənclərə
təbriklərini çatdırıblar. Zurnaçı Nadir
Hüseynovun ifasında səslənən hərbi vətənpərvərlik mahnılarının sədaları altında
gənclər rəqs ediblər. Mərasim başa çatdıqdan sonra hərbi çağırışçılar üçrəngli Azərbaycan
bayrağını öpərək hərbi xidmətə yola salınıblar. Tədbirin
sonunda çağırışçı-gənclərlə xatirə şəkilləri çəkdirilib.
GOYEZEN.AZ
Daha sonra tədbir
Gənclər Mərkəzinin qarşısında davam edib. Vətən torpaqlarının ərazi bütövlüyü
uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Facebook-da paylaş