Qazax: Taxılçılığın mövcud vəziyyətinə dair müşavirə keçirilmişdir » Göyəzən internet portalı


Qazax: Taxılçılığın mövcud vəziyyətinə dair müşavirə keçirilmişdir

Qazax: Taxılçılığın mövcud vəziyyətinə dair müşavirə keçirilmişdir
Qazax Gənclər Mərkəzində taxılçılığın mövcud vəziyyətinə dair müşavirə keçirilmişdir. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, işçi qrupunun üzvləri, idarə və müəssisə rəhbərləri, sahibkarlar, SİB sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq ötən təsərrüfat ilində əldə olunmuş uğurlar, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr haqqında danışdı. Bildirdi ki, Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Əsas məqsəd kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanmaq, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltməkdir. Respublikamızda taxılçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Belə ki, taxıl sahələrində yüksək məhsuldarlığın əldə edilməsi məqsədilə yeni xəstəliyə davamlı və məhsuldar sortlar yaradılır.

Respublikamızın qərb qapısı olan Qazaxda bütün sahələrə diqqət və qayğı ilə yanaşılır. Ən əsası isə odur ki, insanlarda kənd təsərrüfatına inam yaradılmışdır. Rayon ərazisinin ümumi əkin sahəsi 21180 hektardır. 2016-cı ildə 16518,6 hektar sahədə əkin aparılmışdırsa, 2017-ci ildə 19500 hektar sahədə əkin aparılmış, bu da keçən illə müqayisədə 3000 hektara yaxın çoxdur. 2018-ci ilin məhsulu üçün 20000 hektardan artıq sahədə əkin aparılması nəzərdə tutulur. 2016-cı ildə 7820 hektar əkilmiş taxıl sahəsindən 23750,2 ton məhsul istesal edilmiş, orta məhsuldarlıq 30,37 sentner olmuşdur. Bundan 5559 hektar buğda sahəsindən 18830 ton məhsul istehsal olunmuş, orta məhsuldarlıq 33,8 sentner, 2261 hektar arpa sahəsindən 4920,2 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 21,7 sentner olmuşdur. 2017-ci ilin məhsulu üçün əkilmiş 11039,8 hektar taxıl sahəsindən 36469 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 33,03 sentner olmuşdur. Bundan 8289,2 hektar buğda sahəsindən 29840 ton məhsul istehsal olunmuş, orta məhsuldarlıq 36,0 sentner, 2750,6 hektar arpa sahəsindən 6629 ton məhsul itehsal edilmiş, məhsuldarlıq 24,1 sentner olmuşdur. Bu da 2016-cı illə müqayisədə 3219,8 hektar taxıl sahəsindən 12718,8 ton məhsul istesal edilmiş və məhsuldarlıq 2,66 sentner çox olmuşdur.

Qazaxda taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması düzgün idarəetmənin, məhsulun becərilməsi zamanı bütün aqrotexniki qaydalara əməl edilməsinin və fermerlərin işə həvəslə yanaşmasının nəticəsidir. Biçin vaxtı 55 taxılbiçən kombaynın gücündən istifadə edilib. Hazırda rayon ərazisində 3458 hektar sahədə şumlama aparılıb ki, bu da keçən ilə müqayisədə 208 hektar çoxdur. Rayonun lazım olan texnikalarla təmin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi qarşısında məsələ qaldırılmışdır.

Bol məhsul əldə etmək üçün suvarma suyu olduqca vacib amildir. 2017-ci ildə rayon ərazisində 275 km suvarma arxlarında təmizləmə işləri aparılmışdır, bundan 155 km texnika vasitəsilə, 120 km isə əl əməyi ilə təmizlənmişdir. Fərəhli kəndində 200 hektar ərazinin suvarılması məqsədilə yeni suvarma şəbəkəsi quraşdırılmışdır. 5 iyun 2017-ci il tarixdə dövlət başçımızın imzaladığı Sərəncama əsasən 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində 150 subartezian quyusunun layihələndirilməsi və qazılması nəzərdə tutulmuşdur ki, bunlardan 6-sı Qazax rayonunun Birinci Şıxlı, Çaylı, Alpout, Canalı və Hüseynbəyli kəndlərində qazılacaqdır.

Sirr deyil ki, yüksək keyfiyyətli məhsul əldə etmək üçün yüksək reproduksiyalı toxumlardan istifadə edilməlidir. Hazırda belə toxumların rayona gətirilməsi istiqamətində işlər aparılır.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxışında bildirdi ki, ötən təsərrüfat ili rayon üçün uğurlu olmuşdur və bir sıra yüksək nəticələr qazanılmışdır. O, bildirdi ki, 2017-ci ildə rayona cəmi 1481 ton müxtəlif növ mineral gübrələr gətirilərək güzəştli qiymətlərlə istehsalçılara satılmışdır. 2018-ci ilin məhsulu üçün əkiləcək sahələrə 2160 tondan artıq müxtəlif növ mineral gübrələr sifariş verilmişdir.

Növbəti çıxışlarda Qazax rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov, "Birinci Şıxlı" kəndli fermer təsərrüfatının direktor müavini Səfurə Vəliyeva, Qazax “Aqroservis” ASC-nin direktoru Vilayət Məmmədov, Qazax rayonu Bitki Mühafizə Mərkəzinin rəisi Əli Mustafayev, ağsaqqal, aqronom Osman Mustafayev, sahibkar, toxumçuluq təsərrüfatının rəhbəri Asif Yusifov və başqaları çıxış edərək ötən təsərrüfat ilinin yekunu, taxılçılığın inkişafı sahəsində görülmüş işlər və yeni təsərrüfat ilində qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.

Müşavirəyə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yekun vurdu. O, rayonda aparılan geniş tikinti-quruculuq və abadlıq, yol infrastrukturunun yenilənməsi və yeni yol çəkilişi, payızlıq əkin, qışa hazırlıqla əlaqədar aparılan işlərin daha da sürətləndirilməsi və vaxtında başa çatdırılması ilə əlaqədar aidiyyatı qurumların rəhbərlərinə lazımi tapşırıqlar verdi.

Vəli VƏLİYEV,
“Respublika” qəzeti
1 oktyabr 2017-ci il


Qazax: Taxılçılığın mövcud vəziyyətinə dair müşavirə keçirilmişdir


Facebook-da paylaş