İcra başçısı Aprel şəhidi kapitan Mühüd Orucovun məzarını ziyarət edib
Azərbaycanın hərb tarixinə "4
günlük müharibə” və ya "Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəmizdən
4 il ötür. Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu Fərəhli
kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş
leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan
Məhəmməd oğlu da ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalıb. Bu gün həmin
şəhidlərimizdən kapitan Orucov Mühüd
Qurban oğlunun son mənzilə yola salındığı gündən 4 il keçir. Bununla əlaqədar Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kapitan Mühüd Orucovun doğulub
boya-başa çatdığı Fərəhli kəndində olub. Şəhidimizin ata və anası ilə birlikdə kənd
qəbiristanlığındakı məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla anıb. Şəhidimizin ruhuna dua oxunduqdan
sonra icra başçısı igid Vətən oğlunun döyüş yolundan söz açıb, onun daim
qəlblərdə yaşadığını bir daha diqqətə çatdırıb. Qeyd edib ki, ölkə başçısının
da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni
isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Rayon rəhbəri bildirib ki,
Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Bu
döyüş düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini,
torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən anladı ki, Azərbaycan
Ordusu hər an onları məhv etməyə qadirdir. Bildirib ki, Aprel döyüşü zamanı
Mühüd Orucovun göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz
belə oğullar sayəsində Aprel döyüşləri zamanı işğal altında olan Azərbaycan
torpaqlarının bir hissəsi düşmən tapdağından azad edilib, strateji yüksəkliklər
qoşunlarımızın əlinə keçib. İcra başçısı qeyd edib ki, illər
ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək,
əksinə daha da artacaqdır. "Şəhidlər bizim üçün hər zaman əzizdir. Şəhidin
ailəsi bizim ailəmizdir”, - deyən rayon rəhbəri şəhidlərimizin xatirəsinin
bundan sonra da yüksəkdə tutulacağını vurğulayıb. Rayon rəhbəri ölkə başçısı,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuzun bundan sonra
da qələbə qazanacağı, işğal altında olan torpaqlarımızın tezliklə düşmən
tapdağından azad ediləcəyi və üçrəngli bayrağımızın həmin torpaqlarda
dalğalanacağı günün uzaqda olmadığını qeyd edib. Şəhidin atası Qurban Orucov şəhid ailələrinə göstərdiyi diqqət və
qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə ailəsi adından
minnətdarlığını bildirib. Kapitan
Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində
anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və
2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində
Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı
ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi
uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor
Komandiri vəzifəsinə yüksəlmişdir. Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif
olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı
ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə
Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar
almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb. 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy
istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına
vuruşaraq "Şəhidlik” zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn
olunmuşdur. Mühüd Orucov ölümündən
sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham
Əliyevin 19
aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax şəhərinin
mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən
daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir. Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək
İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır
ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli
filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin
əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış
şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş
"Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır.
GOYEZEN.AZ
Facebook-da paylaş