İcra başçısı Aprel şəhidi Orxan Əliyevin məzarını ziyarət edib
Azərbaycanın hərb tarixinə 4 günlük müharibə və ya
Aprel döyüşləri kimi yazılan şanlı tarixi qələbəmizdən 4 il ötür. Öz qələbəsi,
əks-sədası ilə Azərbaycan tarixinə düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim
qalibiyyətimiz, zəfər salnaməmizdir. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı,
biz şəhidlər də verdik. Həmin döyüşlər zamanı Qazaxın üç mərd, igid oğlu -
Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən
baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev
Orxan Məhəmməd oğlu ən uca zirvəyə - şəhidlik zirvəsinə ucaldı. Bu gün igid,
mərd oğullarımızın yoxluğundan bizləri 4 il ayırır. İllər ötsə belə onlar bizim
qəlbimizdə ən ülvi hisslərlə yad edilirlər. Bu gün Şəhidlik
zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan şəhidimiz Əliyev
Orxan Məhəmməd oğlunun 4-cü ildönümüdür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizin doğulub
boya-başa çatdığı Aslanbəyli kəndində olub. O.Əliyevin ildönümü münasibətilə
şəhidimizin ata və anası ilə birlikdə məzarını ziyarət edib. Şəhidimizin
məzarı önündə ruhuna dualar oxunub. İcra başçısı
Rəcəb Babaşov şəhidin məzarı önündə bildirib ki, bu gün Aprel döyüşlərindən 4
il ötsə də xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən
şəhidlərimizi unudur. İldən-ilə şəhidlərimizə olan hörmət və ehtiramımız daha
da artır. Aprel döyüşləri zamanı erməni işğalçılarının cəbhədə törətdiyi
təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin
döyüş meydanında göstərdiyi şücaətdən danışan rayon rəhbəri Aprel döyüşlərinin
bizim qalibiyyətimiz, zəfər salnaməmiz olduğunu bir daha qeyd edib. Aprel
döyüşlərinin dünya ictimaiyyətinə öz ordusu haqqında yalanlar, miflər uyduran
Ermənistanın təbliğatını alt-üst etdiyini bir daha dilə gətirib. Ordumuzun
qüdrəti qarşısında vahiməyə düşən düşmənin Azərbaycan əsgərinin gücünü bir daha
gördüyünü, xalqımızın işğal olunmuş torpaqlarının bir qarışı olsa belə heç
zaman güzəştə getməyəcəyini və öz ərazi bütövlüyünü təmin edəcəyini vurğulayıb. Qazax
rayonunda gənclər arasında vətənpərvərlik hissinin hər zaman yüksək səviyyədə
olduğunu qeyd edən rayon rəhbəri bildirib ki, bu gün qazaxlılar 7 Milli
Qəhrəmanı, Aprel şəhidləri, eləcə də bütün şəhidləri ilə qürur hissi keçirir. Rayon
rəhbəri bu gün Aprel şəhidləri kimi adlarını qürurla səsləndirdiyimiz Mühüd
Orucovun, Elvin Namazovun və Orxan Əliyevin təkcə Qazaxın deyil, eyni zamanda,
bütün Azərbaycann fəxri olduqlarını qeyd edib. İcra başçısı
ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə döyüşə hər an
hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi
günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını
bildirib. Şəhidin
atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və
qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından dərin minnətdarlığını
bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü
çatdırıb. Qeyd edək ki, Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax
rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki
Kollecinə "Avtomobil nəqliyyatı” şöbəsinin
"Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci
öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel
2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev
ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il
tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə"
III dərəcəli medalı ilə təltif olunmuşdur. Qazax şəhərinin
mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir. Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək
İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır
ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli
filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin
əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə,
publisist Fəridə Ləman tərəfindən şəhidin
xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar” adlı kitab yazılmışdır. GOYEZEN.AZ
Facebook-da paylaş