Aprel şəhidi Orxan Əliyevin ildönümü qeyd olunub
Öz qələbəsi, əks-sədası ilə Azərbaycan tarixinə düşən 2016-cı ilin Aprel döyüşlərindən bizləri 3 il ayırır. Bəli, bizim ilk qalibiyyətimiz, ilk zəfər salnaməmiz olan o qanlı və şanlı döyüşlərdən düz 3 il ötür. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Qazaxın üç mərd, igid oğlu – kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyev də qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhidlik adlı zirvəyə ucaldılar.
Bu gün şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan, ölümündən 3 il ötən həmyerlimiz Əliyev Orxan Məhəmməd oğlunun doğulub boya-başa çatdığı Aslanbəyli kəndində ildönümü mərasimi keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ildönümü mərasimində iştirak etmək üçün Aslanbəyli kəndinə gəlib. Mərasimdə icra aparatının məsul işçiləri, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin əmək kollektivləri, veteran və gənclər təşkilatlarının üzvləri, Qarabağ müharibəsi veteranları, əlilləri, ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV nümayəndələri iştirak ediblər.
Şəhidin məzarı ziyarət olunduqdan sonra ruhuna dualar oxunub. Mərasim iştirakçıları şəhidin məzarı üstünə tər qərənfillər qoyaraq əziz xatirəsini yad ediblər. Məktəblilər Aprel döyüşlərinə, şəhidlərimizə, Vətənə həsr olunmuş şeirlər səsləndiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə çıxış edərək bildirib ki, bu gün Aprel döyüşlərindən 3 il ötsə də xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unudur. İldən-ilə şəhidlərimizə olan hörmət və ehtiramımız daha da artır. Aprel döyüşləri zamanı erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışan rayon rəhbəri Aprel döyüşlərinin bizim ilk qalibiyyətimiz, zəfər salnaməmiz olduğunu qeyd edib. İcra başçısı bildirib ki, Aprel döyüşləri dünya ictimaiyyətinə öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatını alt-üst etdi. Ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü və anladı ki, xalqımız işğal olunmuş torpaqlarının bir qarışı olsa belə heç zaman güzəştə getməyəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir.
Rayon rəhbəri qeyd edib ki, Qazax rayonunda vətənpərvərlik hissi hər zaman yüksək səviyyədə olub və bu, bundan sonra da belə olacaqdır. 7 Milli Qəhrəmanı, eləcə də bütün şəhidləri ilə qürur hissi keçirən qazaxlılar bundan sonra da Vətənin müdafiəsinə hər an hazır olduqlarını göstərməyə qadirdirlər.
İcra başçısı çıxışı zamanı
Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı
qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını,
qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirib.
Milli Məclisin deputatı Kamran Nəbizadə çıxış edərək bildirib ki, Orxan Əliyev
şəhid olaraq həm özü uca bir zirvəyə ucaldı, həm də bizləri ucaltdı. Qeyd edib
ki, bu gün bizlər şəhidlərimizi yad etməklə, onların döyüş yolunu gələcək
nəsillərə çatdırmaqla, belə qəhrəmanlıqla, şücaətlə, yalnız bu yolla
dövlətimizi uca tutub, işğaldakı torpaqlarımızı qaytara bilərik. Şəhidlərin
göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından söz açan
K.Nəbizadə Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi,
əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu
birliyindən danışıb. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən
bütün şəhidlərimiz kimi Orxan Əliyevin də heç zaman unudulmayacağını, onun əziz
xatirəsinin daim qəlbimizdə yaşayacağını diqqətə çatdırıb.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, bu gün hər birimiz şəhidlərimizin, şəhid valideynlərinin, əzizlərinin, doğmalarının qarşısında baş əyirik. Ona görə ki, Vətənə belə layiqli oğullar yetiriblər. Bu gün adlarını qürurla səsləndirdiyimiz Mühüd Orucovun, Elvin Namazovun və Orxan Əliyevin təkcə Qazaxın deyil, onların eyni zamanda, bütün Azərbaycann fəxri olduqlarını qeyd edib. Bu gün şairlər, yazıçılar yetirən Qazax rayonunun respublikamız, xalqımız üçün tarixi şəxsiyyətlər, sərkərdələr də yetişdirdiyini bildirib.
Sonra Abdulla Qurbani Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verildiyini bildirib. Vətənpərvərlik həftəsi çərçivəsində ilk tədbirin Horadiz şəhərində keçirildiyini qeyd edərək həmin tədbirdə də "Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində şanlı səhifə təşkil etməsindən bəhs edildiyini vurğulayıb. Mərasim iştirakçılarının "Aprel şəhidlərinə xatirə” abidəsinin önünə əklil və tər çiçəklər qoyaraq, şəhidlərin xatirəsinə ehtiramlarını bildirdiklərini qeyd edib. Cocuq Mərcanlıya gedən yolun kənarlarına Aprel şəhidlərinin hər birinin xatirəsinə bir çinar ağacı əkildiyini, Aprel zəfərinin dördüncü ilində çinar ağaclarının yaxınlığında hər bir şəhidin portreti qoyulacağını diqqətə çatdırıb. Mühüd Orucovun, Elvin Namazovun və Orxan Əliyevin xatirəsinə də çinar ağaclarının əkildiyini bildirib. O, Hərbi vətənpərvərlik həftəsi çərçivəsində növbəti tədbirlərin Şəmkir, Qazax və Bakıda keçiriləcəyini də qeyd edib.
Şəhidin atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü çatdırıb.
Sonra şəhidin ata evində ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Əliyev Orxan Məhəmməd oğlu Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq kompleksi inşa edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş