Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qazax filialının fəaliyyəti ilə tanış olub VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də "Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub. GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "Azərxalça” ASC-nin
İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə
yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binasında
150 toxucu işləyəcək və onların hamısı yerli sakinlərdir. Onlar bir neçə ay
ərzində "Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarında
iştirak edib, bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu
filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun
məzunları "Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı,
xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü
40-dan çox dəzgahda Azərbaycan xalçaları toxunacaq. Emalatxana zəruri xammal və
ləvazimatlarla təmin edilib. Xalça-satış salonunda "Azərxalça” ASC-də toxunmuş
xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək. Qeyd edək ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı
Qazax rayonunda icra olunan layihə də öz əhəmiyyəti ilə fərqlənir. Bu sahənin
inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin diqqət və qayğısı
sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi
regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Hazırda dövlət
səviyyəsində bu fabriklərin yerli istehsal hesabına xammalla təmin olunması
diqqət mərkəzindədir. Prezident İlham Əliyev həmişə vurğulayır ki, bu
fabriklərin açılması xüsusilə qadınların işlə təmin olunmasında müstəsna
əhəmiyyətə malikdir. Bu baxımdan Qazaxdakı xalça fabriki də fərqlənir.
Müəssisədə əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrindəki
orijinal xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya
muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın
ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça”nın
rəssamları tərəfindən hazırlanıb.
Facebook-da paylaş